Ölkə

Mingəçevirin 4 ildə talanmasının müdhiş faktları

8-06-2016, 04:28
"İşıqlar şəhəri”ni "zülmətə qərq edən” Niyazi Bayramov qaranlıq işləri peşəkar maxinasiya əməliyyatçıları ilə birlikdə həyata keçirib, milyonlar müxtəlif şirkətlər hesabına qəhətə çıxarılıb; 

İcra başçısının büdcə pullarının necə çırpışdırmasını ifşa edən şok rəqəmlər bizdə

Mingəçevir illərdir ki, dotasiya ilə dolanır. Əslində, yaxşı hal deyil. Çünki hər bir bölgə daxili resurslarına hesabına özünü saxlamalıdır. Üstəlik. Belə bir böhranlı dönəmdə. Bunu dövlət başçısı İlham Əliyev də müşavirələrin birində bəyan edib. 
Və Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən şəhərin sosial-iqtisadi inkişafına, o cümlədən abadlıq-quruculuq işlərinə ayrılan maliyyə vəsaitləri Mingəçeviri Parisə çevirə bilərdi. 

2012-ci ilə qədər Göyçayın indiki rəhbəri Mübariz Ağayev, bu tarixdən etibarən isə bu günədək Niyazi Bayramov şəhərə ayrılan xərcləri peşəkar maliyyə əməliyyatları ilə maxinasiyaya məruz qoyub. 
Araşdırmamız zamanı məlum olub ki, N.Bayramovun şəhərə rəhbərlik etdiyi dövrdən Mingəçevirdə böyük pullar daş-divara hörülüb. Şəhərin kosmetik görüntüsünə söz ola bilməz. Mingəçevir hər zaman gözəl şəhər olub. 
Bu, sovet dövründən dəyişməzdir. Çünki Kür çayı şəhərin tən ortası ilı axır ki, xüsusi gözəllik verir. 

Amma bu gözəlliyi gördüyü işlərin adına çıxaran icra başçısı böyük büdcə vəsaitlərini mənimsəyib. Halbuki, Mingəçevirdə daha çox iş görmək mümkün idi. N.Bayramov isə əməllərini ört-basdır etməyin dilini tapıb. 
İcra başçısının yaxın çevrəsində olan şəxslər mətbuatda ictimailəşən və ifşaedici materialları yığışdırmağa cəhd edir. Redaksıyamız Mingəçevir ŞİH-də həmin şəxslərin kimlər olduğunu araşdırıb və növbəti yazıda adlar açıqlanacaq. Buna qədər isə şəhərədi maxinasiya əməliyyatları barədə detalları faktlara nəzər salaq:
Şəhərin meri Niyazi Bayramov və 11 saylı Ərazi Vergilər İdarəsi məmurları sahibkarları sıxışdırmaqda davam edir. Sahibkarlıqla məşğul olan şəxslər 11 saylı Ərazi Vergilər İdarəsindən və onlarla əlbir olduğu iddia edilən icra başçısından narazılıq edirlər. Redaksiyamıza verilən məlumata görə, aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur.

Yevlax-Mingəçevir bölgəsində sahibkarların sıxışdırılması vergi faiz dərəcələrinin gələn ildən artırılması göstərilir. Vergilərin 2% dən 6 % -ə qədər qalxacağını deyən idarə işçiləri sahibkarları hədələməkdən belə çəkinmir. Bu da sahibkarların narazılığına səbəb olur.
Məlumatda o da deyilir ki, Mingəçevirə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara xərcləndiyi bilinmir. Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib.

Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.

Misal üçün, ötən il Mingəçevirdə yerləşən "Sahil” və "Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. İcra başçısı "Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb.
Eləcə də dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarələrini olduqca mahir üsula əl ataraq, "Fərdi Yaşayış Məntəqələrinə Xidmət” idarəsi vasitəsi ilə, heç bir dövlət strukturunun nümayəndəsinin ruhu belə duymadan realizə edir.

2013-cü ildə də böyük vəsaitlər xərclənib və eyni şirkətlərə verilməklə bərabər, reputasiyasında problem olanlara da iri pullar axıdılmaqda davam edilib. Əvvəlki illərdə görülmüş eyniadlı işlərə görə dörd tender "Palıdlı” MMC-yə üst-üstə 2 444 669 manata həvalə olunub.
Azadlıq prospektində 16 mərtəbəli binada yanğın səbəbindən rəhbəri həbs olunan "Qlobal Konstrakşn” MMC-yə yüksəkmərtəbəli yaşayış evlərinin fasadının təmir və üzlənməsi üçün 3 999 864 manat vəsait ayrılıb.

Daha bir mübahisəli podratçı "Fəqan” xidmət təşkilatı da əvvəlki illərdə olduğu kimi, İH-dən tapşırıq alıb: "259 860 manatlıq mal-material ondan satın alınıb. Bu şirkət Mingəçevir və Goranboyda xeyli tenderi şübhəli şəkildə qazanıb. İH-in "Fərid” xidmət təşkilatı ilə işbirliyinin də olduğu barədə prokurorluğa müraciət edilib. 

Mülki Müdafiə Qərargahının anbarı üçüncü il də əsaslı təmir olunub və bu dəfə 9 983 manat sərf edilib. "Tikinti-Təchizat Dizayn” MMC-nin iki uşaq bağçası və iki məktəbin təmirinə hər biri yarım milyon manata yaxın olmaqla ümumülikdə 1 996 061 manat gedib. "ATF” MMC-yə şəhərdaxili, prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmirinə görə 4 307 349 manat verilib.
 
1 999 702 manatı Dostluq parkında abadlıq üçün "Lider Monolit” MMC, 999 840 manatı yaşayış binalarında liftlərin dəyişdirilməsinə görə "Gilan-Lift” MMC alıb, qalan 397.568 manatlıq iş də üç müəssisə arasında bölünüb. 2014-cü ildə yaşayış binalarının üzlənməsi və işıqlandırılması üçün "Qlobal Konstrakşn”a düz 9 999 254 manat ödənib.
 
Üst-üstə 14 milyon havaya sovruldu, çünki sonradan həmin tezalışan konstruksiyalar insanların həyatı və əmlakına təhlükə törətdiyindən prezidentin göstərişi ilə respublikada kütləvi şəkildə söküldü. O vəsaitlərin büdcəyə qaytarılıb-qaytarılmadığı barədə məlumat verilmir. 

Yanğına görə hazırda rəhbər şəxslərinin həbsdə olduğu "Global Construction” MMC-nin fasadların üzlənməsi ilə bağlı iki tenderdə iştirakını təsdiqləyən məlumat var. Şirkətin web-saytında göstərilirdi ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadını dəyişdirib. Bu məlumatlardan çıxış etsək, ümumilikdə 10 binaya dövlət büdcəsindən 14 milyon manat verilib, hər binaya 1,4 milyon manat düşür.
 
2015-ci ilin 6 ayında şəhər IH əksər tenderdə "9″-ları yan-yana düzüb. Az məbləğ tapılar ki, içərisində üç ”9″ olmasın. Məsələn, 1 saylı tam orta məktəbin əsaslı təmiri 999 899 manat, 7 saylı tam orta məktəbin əsaslı təmiri 999 639 manat, 9 saylı tam orta məktəbin əsaslı təmiri 999 869 manat olub və nəticədə 2 999 407 manatlıq işlər "Tam Ortaqlı Inşaatçı Şirkəti”nə həvalə edilib. Hesabı elə qurublar ki, alınan rəqəm də 3 milyonun bir addımlığında üç "9″-la bitib.

Füzuli parkı və ətrafında abadlıq 2 999 340 manat, mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması 399 758 manata ”Palıdlı” MMC-yə verilib. Əvvəlki illərdə də bu rəqəm tez-tez qarşımıza çıxır. Dövrəyə davamlı "9″lar girəndə şərhə ehtiyac qalmır, gözünüzü yumub rahatca ”orada korrupsiya var”, deyə bilərsiz. cəmi 2 259 442 manat vəsait ayrılıb.

İşi görən ”Mingəçevir-Tikinti” MMC-yə yenə bir dəfə 499 609 manat dəyərində abadlıq, sonra 231 700 manata da prospekt və küçələrin işıqlandırma sisteminin yenidən qurulması işi həvalə edilib. Bu qədər açıq maxinasiyaların icra başçılarından xəbərsiz həyata keçirildiyini iddia etmək isə inandırıcı deyil. 
Ancaq icra başçısı barədə məlumatlar təkcə büdcə talançılığı ilə məhdudlaşmayıb. N.Bayramov müxtəlif zamanlarda qalmaqallı olaylarla bağlı medianın gündəminə gəlib. 

Ən son belə faktlardan biri icra başçısının xidməti maşınında bir qızın rəqs edərkən video görüntülərinin yayılmasıdır. Şəhər rəsmiləri bu fakta müxtəlif şərhlər verməyə çalışsa da, elektron mediada yayımlanan kadrlar danılmaz idi. 
Belə ki, Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi. Budəfəki kadrlarda isə Bakıda- Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. 

Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları... Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?

Xatırladaq ki, Mingəçevirin icra başçısı Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakıda anadan olub. Bakı Dövlət universitetinin məzunu olan Niyazi Bayramov ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb. 

1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir. 

2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi,vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. "Gündəm-xəbər” olaraq bu iddialarla bağlı hörmətli icra başçısı və RİH-nin mövqeyini dərc etməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]