Ölkə

Prezidentin bəzi rayonlara ayırdığı əlavə vəsaitlərin taleyi barədə şübhələr var

10-01-2016, 16:36
Prezidentin bəzi rayonlara ayırdığı əlavə vəsaitlərin taleyi barədə şübhələr var
Qulu İsmayılov: "Rayonlardan birində bu mövzu ətrafında həbs edilən iş adamı türmədən mediaya yazdığı məktublarda bildirirdi ki, icra başçısı gördüyü işin pulunu vermədiyi səbəbindən onu həbs etdirib"

Prezident İlham Əliyev dəfələrlə keçirdiyi müşavirələrdə məmurlara bir sıra mövzularla bağlı sərt xəbrdarlıqlar edib. Bu sahələrdən biri də şəffaflığın təmin olunması və büdcə pullarının hara gəldi xərclənməsidir. Hətta Prezident belə neqativliklərin aradan qaldırılması üçün ictimaiyyətə də açıq çağırış edərək bildirdi ki, rastlaşılan məmur özbaşınalıqları ilə bağlı onun saytına məlumatlar göndərilsin.
Həmin xəbərdarlıqlardan sonra bəzi irəliləyişlər nəzərə çarpsa da, ümumən problem tam həllini tapmayıb. Biz yenə harın həyat tərzi keçirən, övladlarına olduqca dəbdəbəli toy-büsat edən məmurlara rast gəlirik. Mediada ən çox rast gəldiyimiz narazılıqlardan biri də Prezidentin rayonların abadlaşdırılması üçün bəzi rayonlara öz Ehtiyat Fondundan ayırdığı məbləğin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsidir. Belə hallar niyə baş verir və bu neqativliyin qarşısını hansı üsulla almaq olar?
İqtisadçı Qulu İsmayılov qəzetimizə bildirdi ki, belə hallar doğrudan da mövcuddur: "Bu məsələdə ölkə başçısına kömək etmək lazımdır. Çünki o öz xoş niyyətilə bu addımı atır, ancaq pulu ələ keçirənlər vəsaitlə tamamilə başqa cür davranırlar. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər əsasən abadlıq ücün nəzərdə tutulur. Məndə olan məlumata görə, əksər hallarda bu vəsaitlər icra başçıları tərəfindən müxtəlif üsullarla mənimsənilir. Variantlardan biri elan olunan tenderlərdə öz adamlarına məxsus MMC-lərin qalib gəlməsidir. Onlar vasitəsilə görülən işlərə aid smetalar astronomik şəkildə şişirdilir. Əksər rayonlarda isə həmin abadlıq işlərinin görülməsi müxtəlif imkanlı adamların boynuna "yüklənir". Yəni iş faktiki olaraq həmin adamların pulu hesabına görülür, dövlət vəsaiti isə mənimsənilir. Bundan əlavə, abadlıq adı ilə görülən işlərin keyfiyyəti olduqca aşağı səviyyədə olur. Hətta araşdırsanız görərsiniz ki, bir neçə rayonda bu işləri görən şəxslərlə icra başçıları arasında ciddi maliyyə problemləri yaşanıb. İş icraçılarının həbsi ilə müşahidə olunan prosesdə az deyil. Rayonlardan birində bu mövzu ətrafında həbs edilən iş adamı türmədən mediaya yazdığı məktublarda bildirirdi ki, icra başçısı gördüyü işin pulunu vermədiyi səbəbindən onu həbs etdirib. Bir sözlə, belə neqativliklər çoxdur. Vəziyyətdən çıxış yolu əlaqədar qurumların həmin istiqamətə ayrıılan pullara ciddi nəzarət etməsidir. Bu təmin olunsa yaxşı olar".
Məhəmmədəli QƏRİBLİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]