Siyasət
Elza Seyidcahan: “Mən artıq millət vəkili seçilmişəm”
1-11-2015, 22:22
Müğənni, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elza Seyidcahanın müşahidəçilərindən biri, Seçki Qərargahının rəhbəri Gülnaz Qənbərova komaya düşüb.
O, bildirib ki, müxtəlif məntəqələrdə onun müşahidəçilərinə təzyiq göstərilib, hədə-qorxu gəlinib. Bu müşahidəçilərdən biri Gülnaz Qənbərlinin vəziyyəti isə pisləşib: “Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov çox ciddi qanun pozuntularına yol verdi. 51 saylı seçki məntəqəsinin sədri Sarvan Dadaşov Etibar Heydərovun etdiyi hərəkətlərə uyaraq bizə qarşı təzyiqlər göstərdi. Gülnaz Qənbərova də qorxdu, yerə yıxıldı və başından xəsarət aldı. Hal-hazırda xəstəxanadadır. Heç bilmirəm onun vəziyyəti necə olacaq. Ümumiyyətlə bu gün bizə qarşı çox böyük haqsızlıqlar, təxribatlar oldu. Biz bu haqda Prezident Aparatına, MSK-ya, MTN-ə ərizə yazmaqla məlumat vermişik. Əlbəttə istəməzdim onları narahat edim. Amma bunların yersiz və cinayətkar hərəkətləri məni buna məcbur etdi. Tahir Sülyemanovun nümayəndələrinin etdiyi hərəkətlərin birini mən etsəydim namizədliyim çoxdan geri götürülmüşdü. İnanıram ki, bu məsələlər araşdırılacaq. Çox xahiş edirəm ki, araşdırılsın. Mən artıq millət vəkili seçilmişəm. Sadəcə saxtalaşdırıblar. Millət tərəfindən mən vəkil seçilmişəm”.
Elza Seyidcahan deyib ki, sonradan Sarvan Dadaşov onu otağına çağıraraq səsləri artıra biləcəyini deyib: “Mənə dedi ki, sizin səslərini 162-idir. İstəyirsinizsə sizin səsləri 600-yə qaldıraq. Tahir Süleymanovun 63 səsi olduğu kimi qalsın. O biriləri də bir az qaldıraq. Dedi ki, bunu məntəqəmizin reytinqinə görə etmək istəyirəm. Dedim ki, indiyə qədər saxta işlə məşğul olmamışam və belə saxta işlər mənə lazım deyil. Haqq-ədalət olsaydı, mən yetərincə səs toplamışdım”.
Əməkdar artist düşünür ki, bu söhbətlə onu təxribata çəkmək istəyirmişlər.
Elza Seyidcahan qeyd edib ki, onun əksər müşahidəçilərinə təzyiq göstərilib, hədə-qorxu gəliblər.
Əməkdar artistin sözlərinə görə, Dadaş adlı həkim Tahir Süleymanovun adından seçicilərə pul paylayıb.
Elza Seyidcahan bildirib ki, seçkidən əvvəl dövlət müəssisələrinə işləyən şəxslər hədələnib: “Onlara deyiblər ki, Tahir Süleymanova səs verməsəniz işdən qovulacaqsınız. Qapalı şəraitdə iclas keçirilib. Hətta qapıya polis də qoyulub. Şəkilləri də var məndə, sizə yollaya bilərəm. Başqa adamları ora buraxmırdılar. Açıq qapı deyildi yəni. Orda Tahir Süleymanovun adamları məni təhqir ediblər. Deyiblər Elza bizə başıaşağılıq gətirir. Hətta bu təhqir müəllimləri əsəbiləşdirib və onlar şikayətlərini müvafiq orqanlara bildiriblər”.
Əməkdar artist seçkidə iştirak etdiyinə görə həm sevindiyini, həm də kədərləndiyini bildirib: “Atdığım şərəfli addıma görə həm sevinir, həm də kədərlənirəm. Belə qanunazidd hərəkətli görəndə kədərlənirəm. Sevinirəm ona görə, Azərbaycan bütün dünyada demokratik ölkə kimi tanınır. Mən MSK-nın ədalətinə sığınaraq bu günə kimi özümü müdafiə etmişəm. İnanıram ki, sabah da öz hüquqlarımı qoruya biləcəm. Çünki biz tərəfdən iynə ucu boyda saxtakarlıq olmayıb”.
Moderator.az