Siyasət

Almaniya ''erməni soyqırımı''nı tanıyıb

2-06-2016, 16:35

Türkiyə Almaniyadakı səfirini geri çağırıb.


Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb. O, Almaniya parlamentinin uydurma "erməni soyqırımı”nı tanımasının qəbuledilməz olduğunu bildirib: "Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir”. 

Hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bu qərarı yox saydığını söyləyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: "Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil”.

***

Almaniya parlamentinin aşağı palatası Osmanlı imperiyası dövründə erməni qətliamını soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Deputatlar iyunun 2-də keçirilən səsvermədə bu simvolik qətnamənin lehinə səs verib.

5 səhifəlik sənəd " 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.

Ermənilər həmin vaxt milyon yarım erməninin soyqırımına məruz qaldığını təkid edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.

Şərhçilər hesab edir ki, bu Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcək.

Bu razılaşmada Türkiyənin bütün qanunsuz miqrantları qəbul eləməsi, əvəzində ona əlavə vəsait ayrılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Türkiyə prezidenti Racep Tayyip Erdogan dəfələrlə bəyan edib ki, belə bir qətnamənin qəbulu ikitərəfli münasibətləri əngəlləyəcək.

 

 

Qətnamənin qəbulunu siyasi şərhçi Elxan Şahinoğlu şəxsi feysbuk səhifəsində şərh edib:

"Almaniya "erməni soyqırımını” tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki  Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir". Bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu öz Facebook səhifəsində yazıb. Onun fikrincə,  Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi: "İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə "qətnaməni” qəbul edib. Digər tərəfdən, Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar".

Elxan Şahinoğlu düşünür ki, Almaniyanın "soyqırım” qətnaməsini indi qəbul etməsinin səbəbləri var: "Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də gölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi. Belə bir vəziyyətdə fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]