Ölkə

Polkovnik Müşfiq Rəhimov general Ramiz Zeynalovu çətin vəziyyətlə üzləşdirib

23-05-2016, 11:55

Bu qruplaşma təkcə biznes və dövləti vəzifələrdəki əlaqələri koordinasiya etmir, eyni zamanda onların kriminal aləmlə də sıx bağlılıqları var.

Baş nazirin sabiq müavini Abbas Abbasovla Rusiya, Türkiyə və Dubayda biznes şərikliyi aşkarlanan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-qeydiyyat şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimov yenidən KİV-lərin mövzusuna çevrilib. Bu dəfə onun sensasiya sayılacaq daha bir əlaqəsi üzə çıxıb.

"Reytinq" qəzeti və digər mətbu orqanlar bildirir ki, Müşfiq Rəhimov həmyerlisi və qohumu, uzun illər ölkəyə gətirilən uşaq qidaları və bezlərinin inhisarçısı olan, 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat seçilmiş və son seçkilərdə adı YAP-ın namizədlər siyahısından çıxarılmış sabiq deputat, "Diplomat-1" şirkətinin sahibi Aslan Cəfərov vasitəsiylə Abbas Abbasovla münasibətlərini daha da dərinləşdirib.

Məlumatda iddia edilir ki, bu qruplaşma təkcə biznes və dövləti vəzifələrdəki əlaqələri koordinasiya etmir, eyni zamanda onların kriminal aləmlə də sıx bağlılıqları var:

"Elə bu günlərdə hüquq-mühafizə orqanlarının Azərbaycanda böyük silahlı "razborka"ya hazırlaşan iki nüfuzlu "qanuni oğru" - Rövşən Lənkəranski və Lotu Qulinin tərəfdarlarına qarşı irimiqyaslı əməliyyatlara başlamasını xatırlatmaq və bu əməliyyatlar zamanı ortaya çıxan bəzi faktların dövriyyəyə buraxılması da yuxarıda qeyd edilənlərə işıq sala bilər.

Belə ki, bu əməliyyatlar zamanı kriminal aləmlə əlaqəsi olan 50-dən çox şəxs saxlanılıb. Həmin şəxslərin, xüsusən də "qanuni oğru" Rövşən Lənkəranskiylə birbaşa əlaqəsi olanların avtomobillərinin eyni seriyalı və qoşa nömrələri (99 -**-999; 90 -**- 999; 90-**-099; 99-**-099) olma faktı polis və prokurorluq orqanlarının diqqətini çəkib".

Yayılan məlumatlarda iddia edilir ki, bu nömrələrin necə əldə edilməsinin iziylə gedən istintaqçılar qısa zamanda müəyyənləşdiriblər ki, prosesdə əsas fiqur Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovdur.

Məlumatlara görə, həbs edilən kriminalların ilkin dindirilməsi zamanı bu nömrələrin təkcə külli miqdarda pul qarşılığında (Deyilənə görə, belə nömrələrin qiyməti, təxminən 50-70 min manat arasında dəyişir) deyil, həm də Müşfiq Rəhimovla Rövşən Lənkəranski arasındakı "köhnə dostluq münasibətləri" hesabına əldə edilib.

İlk günlər bu faktın aşkarlanmasının hüquq-mühafizə orqanları arasında böyük çaşqınlığa səbəb olduğu və bəzi şəxslərin bu hadisəni ört-basdır etməyə çalışdığı bildirilsə də, artıq məsələnin "dar çərçivə"dən çıxdığı və DİN rəhbərliyinə, həmçinin prokurorluğa və Prezident Administrasiyasına məruzə edildiyi söylənilir. Gözlənilir ki, məsələ "daha yuxarılar"ın diqqətini çəkdiyindən yaxın günlərdə DYP polkovniki və onu himayə edən yüksək çinli şəxslərdən bunun hesabı sorulacaq.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Müşfiq Rəhimovun artıq ləğv edilmiş MTN-in sabiq baş idarə rəisi, kriminal aləmlə geniş bağlantılara malik Akif Çovdarovla da isti əlaqələrinin olması haqqında informasiyalar yayılıb. Bu məlumatların təkzib edilmədiyi bir məqamda isə aydın olub ki, DYP-nin "qara qutusu" sayılan polkovnik Rəhimovun Moskvada - Abbas Abbasovdan savayı, digər güclərə də çıxışı yeni deyilmiş.

"Reytinq"i məlumatlandıran şəxsin iddiasına görə, hələ Ayaz Mütəllibovun prezidentliyi dönəmində M.Rəhimovun yaxın qohumları ilə sabiq prezidentin yaxın ətrafı ciddi güc hesab olunan qruplaşma formalaşdırıblar: "Araşdırsanız, əmin olarsınız ki, o zaman Müşfiq Rəhimovun xalasının həyat yoldaşı ölkədə tanınan və Ayaz Mütəllibovun çox yaxın ətrafına daxil olan "Tekstil Mamed"lə hansı əlaqələri olub. Hələlik, bu məsələyə toxunmuram. Sadəcə, bu faktı araşdırsanız, görərsiniz ki, hazırda Moskvada Azərbaycan və onun oradakı nümayəndələrinə qarşı kəskin münasibətdə olan Abbas Abbasovdan əvvəl də bu qruplaşmanın şimal qonşumuzdakı qaranlıq dairələrlə əlaqələri olub".

Məlumatlı şəxs deyib ki, son 1-2 ayda barəsində kompromatların yayılması polkovniki və onun təmsil olunduğu qruplaşmanın mövqelərinə ciddi təhlükə yaradıb: "Müşfiq Rəhimovun barəsində yayılan məlumatların hakim dairələrin diqqətini cəlb etməsi general Ramiz Zeynalovu da narahat etməyə başlayıb. Çünki iqtidara "protiv" olan bir qrupla adı hallanan əməkdaşı generala divident gətirə bilməz. Əksinə, bu, generalın özünü də hədəfə gətirir. Artıq bu DYP-nin dəhlizlərində yeni "dedi-qodu"lara da yol açıb. Yəqin elə bu və ya digər səbəblərdəndir ki, Müşfiq Rəhimov bütün gücüylə barəsində yayılan və karyerasına ciddi təhlükə yaradan məlumatların genişlənməsini əngəlləməyə çalışır. Hələlik isə o, buna tam nail ola bilmir".

Məlumatda bildirilir ki, M.Rəhimovun himayədarları bütün imkanlarını işə salaraq, onun Abbas Abbasovla yanaşı, kriminal aləmlə bağlılığı, dövlət qurumunda olmasına baxmayaraq, böyük biznes və obyektlərə sahib olmasını yanlış məlumat kimi təqdim etmək istəyirlər. Buna nə dərəcə nail olacaqlarını isə zaman göztərəcək./Reytinq.a

Administratorla əlaqə

077 611-55-22

[email protected]