Gündəm

Nəqliyyat Nazirliyi haqda yeni şayiələr hədəf – nazir postudur

31-10-2015, 12:21
Nəqliyyat Nazirliyi haqda yeni şayiələr hədəf – nazir postudur

Yüksək vəzifəli hər bir məmur ictimai şəxs daim diqqət mərkəzində olduğundan media daim onun fəaliyyəti haqda xəbər verir, vədlərə əməl edib-etmədiyini araşdırır. Bu da təbiidir. Çünki ölkəmizdə informasiya axtarmaq, əldə etmək, hazırlamaq hər bir jurnalistin təbii haqqıdır. Media orqanları təkcə təbliğat vasitasi deyil, həm də biznes strukturları olduğundan bu işdə hər kəsdən öndə dayanırlar. Təəssüf ki, bəzi yazılı və ya elektron media orqanları bu məsələdə ifrata vararaq başqa məqsədlərini reallaşdırmağa can atırlar. Yanlış informasiya yaymaq, yoxlanılmamış xəbərləri hər gün tirajlamaq, ucuz sensasiya ilə oxucu auditoriyası toplamaq belə kütləvi informasiya vasitələrinin işidir. Sitatlara keçək: – gündəlik dezolar yazanlar iddia edirlər ki, məlum səbəblər üzündən nəqliyyat nazirinin “istefaya” göndərilməsinin bir qədər gecikdirilməsi ilə bağlı qərara gəlinib: “Redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Ziya Məmmədov artıq məzuniyyətdən qayıtmasına baxmayaraq, hələ də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmənin səbəbləri ilə bağlı ictimaiyyətə heç bir məlumat verməyib, yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsini təmin etməyib”. Görünür mediada çalışan bəzi “dostlar” mediaya bununla bağlı verilən rəsmi açıqlamalardan məlumatsızdırlar. Ya xəbərdən xəbərləri yoxdur, ya da başları “etibarlı mənbə”lərin “informasiya”larına qarışıb.
Axı bununla bağlı araşdırmalar aparıldı və rəsmi açıqlama verildi. Üstəlik, hər bir rəsmi açıqlamanı nazirlər yox, nazirliklərin mətbuat xidmətinin rəhbərləri verir. Nazirlərin işi sizin yalanları təkzib etməkdən ibarət olsaydı onların işini kim görəcəkdi? Yenə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ətrafında təp-təzə, mürəkkəbi qurumamış yalanlar: “Bakı Beynəlxalq Avtovağzal Kompleksi nin ərazisində baş verən sürüşmə Nəqliyyat naziri Ziya Məmmədov məsələsini yenidən gündəmə gətirdi. Bakı -Sumqayıt yolunda yaranan iri çatlar isə bir sıra qaranlıq məqamların açılmasına səbəb oldu. Hətta ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev da məsələ ilə bağlı açıqlamasında bildirib ki, yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər.
Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib”. Görünür ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin açıqlamasını dördgözlə oxuyanlar digər açıqlamalardan “xəbərsiz”dirlər. Ya da belə aşıqlamaları öz media orqanlarında dərc etmək istəmirlər. Axı qarşı tərəfin bu cür rəsmi açıqlaması onlara xeyir gətirmir. Ölkə ərazisindəki yolların tikinti-təmir işlərini görməməzlikdən gələn bəzi şəxslər mediadan yararlanaraq nəqliyyat nazirini hədəf seçiblər. Yolların, yerüstü və yeraltı körpülərin mövcud vəziyyəti, müasir tələblərə uyğun olması göz qabağındadır. Lakin məlum səbəblər üzündən bəzi media orqanları yolların vəziyyətini qara eynəklə görürlər. Elə buna görədir ki, Bakının yollarının hər il payız və qış fəslində daha çox “erroziyaya uğradığını”, yağış və qar sularından, eləcə də şaxtadan sonra “acınacaqlı hala düşdüyünü iddia edirlər”. Lakin hansısa qaranlıq səbəblər və ambisiyalı maraqları üzündən belə “yollar”ın adını çəkmirlər. Çünki ad faktdır. Ortada isə fakt olmadığından ad çəkmək də mümkün deyil.
Yazırlar ki, hansısa “mütəxəssislər” yolların bu vəziyyətə düşməsini məhz onların “keyfiyyətsiz” olması ilə əlaqələndirirlər. Sual ortaya çıxır: – hansı “mütəxəssislər?”. Hansı “yollar?”. O “mütəxəssis”ləri hardan tapıb çıxardınız? “Ekspertlər”in fikrincə, yolların buzdan bu cür dağılması məhz yol çəkilişi zamanı istifadə edilən komponentlərin “keyfiyyətsiz” olması ilə bağlıdır. “Ekspertlər”, “keyfiyyətsiz”, “yollar”, “mütəxəssislər” – ad çəkmədən bu cür mücərrəd danışmaq nağılllar uydurmaqdan başqa bir şey deyil. Ciddi tənqid, araşdırma hansısa taftologiya, əsassız iddialarla yox, real faktlarla başa gəlir. Başqa sifarişli yazı məqamlarına da toxunaq. Oktyabrın 14-də baş verdiyi iddia edilən olaydan söhbət açılır: “”Ziya Məmmədovun adamları” kimi ad çıxarmış departament əməkdaşları isə sözügedən əməlləri ilə digər qurumun səlahiyyətlərinə müdaxilə edib.
Maraqlıdır, görəsən nəqliyyat naziri buna görə tabeliyində çalışan şəxsləri cəzalandırıb?”. Əvvəla, qanunsuzluq varsa, onu edənlər ortadadırsa bunu birbaşa nazirlə əlaqələndirmək nə dərəcədə məqsədəuyğundur? Bu məntiqlə danışsaq, belə çıxır ki, mediadakı bəzi üzdəniraq jurnalistlər, qapı-qapı düşüb pul dilənənənlərin hamısı konkret bir “baş redaktor”un adamları sayılmalıdır. İkincisi, “maraqlıdır, görəsən nəqliyyat naziri buna görə tabeliyində çalışan şəxsləri cəzalandırıb? – sualına cavab olaraq bildirmək istəyirik ki, mətbuat oxucuya sual yox, cavab verməlidir. Oxucu medianı sual oxumaq üçün deyil, suallara cavab vermək üçün izləyir. “Filan nazir istefaya gedib?”, “Bəhmənkəs ölkəni tərk edib?” – kimi əttökən başlıqlara malik “yazıları” tirajlayan qəzeti 40 qəpik verib alan oxucu onu bir də almaz. Çünki sualı oxucuya siz yox, oxucu sizə verməlidir. Məhkəmədən qaçmaq üçün sual işarəsi ilə zəngin olan “yazı”lar qaralamaqla, gizli imzalardan istifadə etməklə oxucunu bir dəfə aldatmaq olar. Bu, ikinci dəfə mümkün deyil. Nəqliyyat nazirinin gah ölkəni “tərk” edərək guya geri qayıtmaq istəməməsi, gah da “istefa ərizəsi” yazması barədə yalanlar uyduranlar yeni-yeni “şok xəbərlərlə” dalay-dalay edirlər. Axı yazmağa başa mövzuları yoxdur.
O ki qaldı Nəqliyyat Nazirliyinin hər il yüz milyonlarla manat “gəlir əldə etməsinə”, bunu bilin ki, başqalarının pullarını sayan təkcə sizlər deyilsiniz. Sifarişçiləriniz də sizin kimidir. Onlar da başqalarının pullarını sayırlar. Üstəlik, dövlət orqanlarının xərclədikləri vəsaitlərə nəzarət edən müvafiq dövlət orqanları mövcuddur. Maliyyə Nazirliyi, Hesablama Palatası bu vəzifənin öhdəsindən layiqincə gəlir. Əgər hər hansı problem olsaydı, bununla bağlı müvafiq tədbirlər görülərdi. “Bu il avqustun 3-də Ziya Məmmədov “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-a rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin 50 min manata yaxın olduğu bildirilir” – bu lap yay vaxtı bekar adamların həyətlərdə oturub “filankəsin qızının filankəsin oğluna ərə getdiyi bildirilir”, “filan qonşumuzun oğlunun təzə maşın aldığı deyilir” – qeybətlərinə oxşayır. Qeybətləri edənlərin də kimlər olduğunu, kimləri nəzərdə tuduğumuzu bilməmiş olmazsınız.
Avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]