Ölkə

Yardımlının «tender kralı» icra başçısı olmaq istəyir

16-05-2016, 20:40
Mahir Mirzəyev istəyinə çatmaq üçün Bakının yollarını yağır edib

Məlum olduğu kimi, bir xeyli əvvəl dövlət başçısının sərəncamı ilə Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmov vəzifəsindən çıxarılaraq, Salyanda eyni adlı vəzifəyə təyinat aldı. Politika.Azxəbər verir ki, mart ayından bəri həmin posta təyinat olmayıb və yaxın vaxtlarda yeni icra başçısının kim olacağı bəlirlənəcək. 

Hazırda isə rayonda bu post uğrunda mübarizə gedir və iki əsas fiqur rəqabət aparırlar. Politika.Az-a verilən məlumata görə, həmin şəxslərdən hər ikisi faktiki olaraq İcra Hakimiyyətində mühüm post sahibidirlər. Onlardan biri Azər Xamıyevdir ki, Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir. O, faktiki olaraq icra başçısının səlahiyyətlərini həyata keçirir. 

Xamıyev kifayət qədər bacarıqlı biri olmaqla yanaşı, həm də vəzifə uğrunda acımasız şəxs olaraq ad çıxarıb. Onun konfliktləri sevdiyi, aranı qarışdırıb, qazanclı çıxmaqdan xoşu gəldiyi də deyilir. Bildirilir ki, kifayət qədər maliyyə imkanları olan müavinin əsas istəyi icra başçısı olmaqdır. Və bir çox yerlərdə bu istəyinə yaxın vaxtlarda çatacağını deyir. 

Digər rəqib isə icra başçısının iqtisadiyyat məsələləri üzrə müavini olan Mahir Mirzəyevdir. Politika.Az xəbər verir ki, Mirzəyev Yardımlıda «tender kralı» ləqəbi ilə tanınır. Onun uzunmüddətdir bu postda əyləşdiyi və rayonda bütün tenderlərə nəzarət etdiyini bilməyən yoxdur. Özünün «mövsümi» MMC-ləriylə büdcə pullarını silib, ğəmizə çıxaran sözügedən şəxs icra başçısının kim olmasından asılı olmayaraq, ürəyi istədiyi səviyyədə hərəkət etdiyi vurğulanır. 

Məlumatlara görə, «tender kralı» ləqəbli müavin icra başçısı olmaq istəyir. Bunun üçün Bakının yollarını yağır etmiş Mahir Mirzəyev artıq komanda qurmağa da başlayıb. O, ətrafına yığdığı adamalara söz verib ki, mərkəzdən razılıq alıb və yaxın vaxtlarda rayona icra başçısı təyin olunacaq. Təyinatı alan kimi isə həmin adamlara vəzifə verəcək.

Politika.Az-a daxil olan məlumatlara görə, Mahir Mirzəyev tenderlər yolu ilə büdcə pullarının böyük qisminə sahib olub. Həmin pullarını isə kənd təsərrüfatı texnikaları almağa sərf edib. Onun Yardımlıda onlarla traktoru, ekskavatoru, habelə digər maşınlarının olduğu deyilir. Bildirilir ki, icra başçısının müavini həmçinin qohumları və yaxınlarının adına MMC-lər yaratmaqla da məşğuldur. Və son günlər bu sıraya daha 5 MMC əlavə olunub. Məqsəd isə icra başçısı təyin olunandan sonra həmin şirkətlər vasitəsiylə tender pullarını mənimsəməkdir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]