Ölkə

Məmurların “qızıl biznesi”ndə misli görünməmiş böhran – Alıcı yoxdur…

30-10-2015, 17:12
Məmurların “qızıl biznesi”ndə misli görünməmiş böhran – Alıcı yoxdur…

Azərbaycanda qızıl alıcılarının sayı kəskin azalıb. Bu barədə Qaynar.info-nun əməkdaşına Bakının mərkəzindəki qızıl dükanlarından birinin satıcısı bildirib.

Onun sözlərinə görə, müştəri qıtlığı xüsusilə yay aylarında daha da artıb: "Bununla belə, qızılın qiymətində ciddi ucuzlaşma müşaiyət olunmur”.

Satıcı deyib ki, analoji vəziyyət yalnız Bakının mərkəzi ünvanlarındakı qızıl butiklərində deyil, Bakı Metropoliteninin "Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən, "Moskva univermaqı” kimi tanınan "Moskva” Ticarət Mərkəzində və Mərkəzi Univermaqda da hökm sürür. "Demək olmaz ki, alıcıların sayının azalması neftin ucuzlaşması və manatın devalvasiyasından sonra başlayıb. Əslində alıcı qıtlığını son 1 ildə hiss edirik. Sadəcə, böhran müştəri qıtlığını daha da artırdı” – o, deyib.

Satıcının dediyinə görə, bunun səbəblərindən biri social-iqtisadi problemlər səbəbindən vətəndaşların alıcılıq qabiliyyətinin azalmasıdırsa, digər tərəfdən keyfiyyətli qızıl məhsullarının baha olması da vəziyyəti qəlizləşdirir. "Dünyada qızılın qiymətində ucuzlaşma müşaiyət olunsa da, bu Azərbaycandakı qiymətlərə demək olar, hər hansı təsir göstərməyib. Bizdə qızılın qiyməti baha olaraq qalır. Bunun əsas səbəblərindən biri də bu ilin əvvəlindən ölkəyə idxal edilən qızıla aksiz vergisinin tətbiqinə başlanılması oldu. Manatın devalvasiyası isə situasiyanı bir az da mürəkkəbləşdirdi, çünki Azərbaycana qızıl xaricdən gətirilir”.

Məhərrəmlik ayı ilə əlaqədar toyların təxirə salınmasının isə alıcı sayına daha bir mənfi təsir göstərdiyini deyən həmsöhbətimiz yaxın vaxtlarda Azərbaycanda nə qızılın qiymətində ciddi ucuzlaşma, nə də qızıla tələbatda kəskin artım, vətəndaşların alıcılıq qabiliyyətində yüksəlmə gözləmir.

Satıcının sözlərinə görə, yerli bazarda qızılın qiymətinin yüksək olması satışa saxta qızıl məhsullarının çıxması riskini artırıb. "Ona görə də ucuz qızıl məhsulu axtarışına çıxan vətəndaşlar diqqətli olmalıdırlar. Onların aldadılması təhlükəsi indi əvvəlki dövrlə müqayisədə daha çoxdur” – o deyib.

Qaynar.info bildirir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanın qızıl bazarında da müəyyən məmurların xüsusi çəkisi var. Müxtəlif vaxtlarda KİV-də ortaya atılan iddialara inansaq, belə məmurlardan biri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl "polka”ları var. "Laçın”, "Lotos”, "Diqlas” və "Mərkəzi Univermaq”da, eləcə də "Gənclik” metrosu yaxınlığındakı qızıl dükanlarında icra hakiminin yaxın adamları onun qızıl biznesini idarə edirlər. Razim Məmmədov Rusiyadakı yaxın tanışlarının vasitəsilə qızılları ordan ucuz qiymətə aldırır və Bakıda satışa çıxarır.

İddia edilir ki, qızıl biznesindən milyonlar qazanan icra hakimi həmin pulları tikinti sektoruna yatırır

Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur. Bir müddət əvvəl mətbuatda yer alan informasiyalara görə, Mərkəzi Univermaqda və onun ətrafında, eləcə də şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən qızıl dükanları və sexləri bağlanıb. Həmçinin Mərkəzi Univermaqda və "Moskva” univermağında, "Laçın” Ticarət Mərkəzində qızıl, brilyant satışı demək olar ki, bir əldə cəmlənib. Mərkəzi Univermaqda isə qızıl alveri ilə məşğul olanlar və qızıl sexi sahiblərinin çoxu univermağın direktoru, deputat Ərəstun Cavadovun adamları tərəfindən sıxışdırılaraq sıradan çıxarılıblar.

Gənclər və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir. Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin – "Carrera y Carrera”, "Pasquale Bruni”, "Leo Pizzo”, "Antonini” və s.-lərin məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.

Onu da deyək ki, vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl dəyişdirdiyinə dair iddialar mövcuddur.

Deyilənləri ümumiləşdirsək, "qızıl bazarı”ndakı böhranın müəyyən məmurların cibinə əhəmiyyətli təsir etdiyini, onların gəlirlərini xeyli azaltdığını söyləmək olar.

Abdullazadə Məhəmməd
 

 Məmurların “qızıl biznesi”ndə misli görünməmiş böhran – Alıcı yoxdur…

Administratorla əlaqə

077 611-55-22

[email protected]