İqtisadiyyat

Bakıda evlərin qiymətində kəskin ucuzlaşma… - FOTO

8-11-2015, 13:01
Bakıda evlərin qiymətində kəskin ucuzlaşma… - FOTO

Mənzil bazarındakı vəziyyəti öyrənmək üçün musavat.com-un əməkdaşı şəhərin müxtəlif yerlərində mənzil alqı-satqısı ilə məşğul olan obyektlərdə olub.
Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da, daşınmaz əmlak və eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib. Bakıda yerləşən üzərinə “Ev alqı-satqısı” yazılan obyektlərdə çalışan şəxslərlə söhbətimiz zamanı onlar bildirdilər ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.
Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Maklerlər bağı” kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlsək də alıcı yoxdur. Elə orada Rəhman adlı maklerlə söhbətimiz zamanı o, bildirdi ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enib: “Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn əvvəl bir otaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Eləcə də çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir, satılırsa məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb. Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb. İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir”.
Tələbatın azalması həm də satıcıların güzəşt mövqeyində olmasına səbəb olur ki, bu da qiymətlərə alıcının xeyrinə təsir edir. Eksperlər hesab edirlər ki, hazırda manatın məzənnəsinin stabil olmaması və növbəti aylarda dollara nisbətdə ucuzlaşmasının gözlənilməsi evlərin də qiymətinə təsir edəcək. Nəticə etibarı ilə mənzil bazarında qiymətlər indikindən də xeyli aşağı düşərək, 1990-cı illərin sonunda bazardakı rəqəmlərə qədər gedib çıxa bilər.
Musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı aşağıdakıları söylədi: “Bazarda qiymətin enməsi hələ davamlı olacaq. Dollar ilə qiymətlər daha sürətlə enəcək. Yaxın illərdə qiymətlərin qalxması gözlənilmir. Çünki ölkədə iqtisadi aktivlik, gəlirlər, iş yerləri, Rusiyadan gələn vəsait də getikcə azalacaq ki, bu da daşınmaz əmlak bazarındakı qiymətlərə öz təsirini göstərəcək”.
dogruxeber.com


Bakıda evlərin qiymətində kəskin ucuzlaşma… - FOTO Bakıda evlərin qiymətində kəskin ucuzlaşma… - FOTO Bakıda evlərin qiymətində kəskin ucuzlaşma… - FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]