Ölkə

Bakıda hansı taksi daha sərfəli xidmət göstərir? ARAŞDIRMA

16-05-2016, 00:43
Şəhərin, demək olar ki, hər yerində yol kənarında dayanıb müştəri gözləyən taksilərdən başqa taksi xidməti göstərən müxtəlif şirkətlər də var. Belə ki, bu şirkətlərin qısa nömrəsinə zəng edib gediləcək yolu deyərək, əvvəlcədən qiyməti öyrənmək və bir neçə dəqiqədən sonra çağırdığınız yerə gələn taksi ilə mənzil başına getmək mümkündür. Bu, rəqabət mühiti yaratmaqla yanaşı, həm də eyni məsafənin fərqli qiymətlərlə gedilməsinə səbəb olur.
Bakıda hansı taksi daha sərfəli xidmət göstərir?

Belə ki, ayrı-ayrı taksi şirkətləri eyni məsafəni ənənəvi taksilərə nisbətən ucuz qiymətə aparır və elə bu şirkətlərin arasında da qiymət fərqi müşahidə olunur.

Taksi xidməti göstərən bir neçə şirkətin və eləcə də, ənənəvi taksinin təxminən 8 km-lik məsafə üçün təklif etdiyi qiymətlərlə maraqlandıq. Belə ki, "JW Marriott Absheron” hoteldən "Azadlıq prospekti” metro stansiyasının yaxınlığına qədər olan məsafəni getmək üçün ənənəvi taksi bizdən 7 manatödəniş alacağını dedi. "London taksi” adı ilə tanınan "Bakı taksi” xidmətindən isə öyrəndik ki, həmin məsafə üçün tələb olunan ödəniş cəmi 5 manatdır. Maraqlı məqam odur ki, əgər taksini zənglə yox, yolda getdiyiniz yerdə çağırıb saxlayırsınızsa, onda sürücü sayğacı işə salır və pul sayğacın göstəricisinə əsasən hesablanır. Zəng edərək sifariş olunan taksidə isə sayğac işə salınmır.

 

Qeyd etdiyimiz məsafə üçün "189” taksi xidməti 6 manat, "City taksi” 5 manat 30 qəpik, "Dost taksi” 5 manat 10 qəpik, "Taxi24” isə 4 manat 40 qəpik ödəniş istədi.

"TaxiTap” xidmətindən isə bildirdilər ki, əgər "ekonom” tarifi seçilibsə, müştəri bu məsafə üçün 5 manat 51 qəpik ödəməlidir. Əgər "komfort” tarifi seçilibsə, o zaman məbləğ 6 manat 44 qəpik olur. Operatorun sözlərinə görə, qiymətə gediləcək məsafənin kilometrajı ilə yanaşı, müştəri üçün göndərilən avtomobil də təsir edir.

Bir sözlə, eyni məsafəni 4-7 manat arası müxtəlif qiymətə getmək mümkündür. Bəs bu qiymətlər necə hesablanır? Müştəridən tələb edilən ödəniş necə müəyyən olunur?

Adını çəkdiyimiz taksi xidməti göstərən şirkətlərdən bir neçəsinin saytında göstərilir ki, müştəridən tələb olunan ödəniş gedilən yolun kilometrinin sayına əsasən  hesablanır. Belə ki, 3 km-ə qədər olan məsafə üçün minimum ödəniş 3 manatdır, 3 km-dən sonra isə hər kilometrə görə 0,60-0,70 manat əlavə olunur. Kilometraj artdıqca isə bu məbləğ azalmağa başlayır.

Ekspert Azər Allahverənov açıqlamasında bildirib ki, taksi xidməti göstərən hər şirkətin daxili nizamnaməsi var ki, qiymət də buna əsasən müəyyən edilir:

"Məndə olan məlumata görə, Tarif Şurası əsasən ictimai nəqliyyatda gediş qiymətini müəyyənləşdirir, taksi fəaliyyəti bu qurum tərəfindən nizamlanmır. Bu xidməti ayrı-ayrı şəxslər və şirkətlər təklif edir. Hər şirkətin də özünün qiymət siyasəti var. Bu qiymətlər də müəyyənləşən zaman bir sıra amillər nəzərə alınır. Məsələn, elə taksi şirkətləri var ki, onların avtomobilləri təzədir, təbii ki, burada qiymət nisbətən baha olacaq. Eləsi var ki, icarəyə götürdüyü nəqliyyat vasitələrini bu işə səfərbər edir və bu da qiymətlərə təsir edir. Bəzisi isə fiziki şəxslərlə müqavilə bağlayır və onlar öz avtomobili ilə həmin şirkətin çətiri altında taksi xidməti göstərir. Şirkətlərin günü gündən artması rəqabət mühiti yaradıb”.

Ekspert də təsdiqləyir ki, əksər şirkətlərin tətbiq etdiyi minimum məbləğ var ki, bu da 3-5 km-ə qədər gedilən məsafənin 3 manatdan hesablanması və kilometr artdıqca qiymətin də azalması qaydasıdır:

"Hesab edirəm ki, London taksisi kimi tanınan Bakı taksi üçün Tarif Şurası tərəfindən müəyyən olunan minimum qiymət əsas kimi götürülə bilər. Amma sərnişinlər qiymətlə yanaşı, xidmətin keyfiyyətinə, mənzil başına təhlükəsiz şəraitdə çatmağa da önəm verirlər”.

Sərnişin Aynur Məmmədova deyir ki, o, taksi sifariş verəndə həm qiymətin ucuzluğuna, həm də taksinin dediyi yerə vaxtında gəlməyinə önəm verir:

"Hələ ki, mütəmadi istifadə etdiyim taksi xidməti yoxdur. Bir neçə dəfə olub ki, sifariş verdiyim taksinin qiyməti ürəyimcə olsa da, ya dediyim yerə gec gəlib, ya da xidmət xoşuma gəlməyib deyə həmin şirkətə müraciət etməkdən imtina etmişəm”.

Səlim Hacıyev isə qiymətdən çox mənzil başına təhlükəsiz çatmağa üstünlük verdiyini deyir:

"Taksi sifariş edəndə onun qiymətindən çox təhlükəsizliyinə önəm verirəm. Qiymət də vacibdir, amma daha çox mənzil başına sağ-salamat çatmağı üstün tuturam. Əgər çox tələsirəmsə, hansısa şirkətə zəng edib taksinin gəlməyini gözləmirəm, elə ən yaxında gördüyüm taksiyə yaxınlaşıb gedirəm”.

Fatimə Kərimli

Fotolar Samirə Həsənovanındır

Administratorla əlaqə

077 611-55-22

[email protected]