Elm

Fəlsəfə doktoru işdən çıxarıldı - alimlər İlham Əliyevdən kömək istədilər

29-02-2016, 01:03
Fəlsəfə doktoru işdən çıxarıldı - alimlər İlham Əliyevdən kömək istədilər
Azərbaycan Alimlər Birliyinin (AAB) növbəti toplantısı keşirilib.  Modern.az xəbər verir ki, toplantıda AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkelin fevralın 25-də işdən çıxarılması məsələsi müzakirəyə çıxarılıb və iclasda iştirak edənlər onun işdən çıxarılmasının qanunsuz olduğu bildiriblər. 

AAB-ın yönətim qurulu üzvü olan Y.Türkel qabaqca toplantı iştirakçılarına məlumat verib: 

"İnstitutun direktoru İlham Məmmədzadə 26 fevralda məni çağırıb dedi ki, "bir bütün gün işdə olmadığıma görə” işdən çıxarılmışam. Bir gün deyəndə direktor fevralın 25-ni nəzərdə tutur. Həmin gün mən Ümumi Elmi Kitabxanada olmuşam. Günorta təxminən saat 2-də direktorun katibəsi zəng vurub İlham müəllimin yanına gəlməyi istədi. Mən də araşdırmalarımla bağlı kitabxanada olduğumu bildirdim və çox vacibdirsə, saat 5-6-da gələ biləcəyimi dedim. Direktorla məsləhətləşmədən sonra katibə "İlham müəllim dedi ki, eybi yox, sabah gəlsin” cavabını verdi. Fevralın 26-da getdim və əvvəldə sizə dediyim kimi, direktor işdən çıxarıldığımı bildirdi”.

AAB üzvlərindən Əzizağa Ələkbərov, Dilavər Əzimli, Alı Balayev, Paşa Həsənli, Xeyirbəy Qasımov, Faiq Ələkbərov, Ramil Niftəliyev, Həsən Qəniyev, Mirzə Ənsərli, Tofiq Həsənli, Pirağa İsamayılzadə və başqaları fəlsəfə elmləri doktoru Yadigar Türkelin bu şəkildə işdən çıxarılmasının qanunsuz olduğunu bildiriblər və bununla bağlı ölkə başçısına müraciət qəbul ediblər. 
Müraciətdə deyilir: "Azərbaycan Alimlər Birliyi AMEA Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkelin qanunsuz işdən çıxarılmasına qəti etirazını bildirir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən ədaləti bərpa etməyi xahiş edir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]