Siyasət

Müstəqim Məmmədovun qohumlarının Gəncə sevgisi

19-06-2016, 20:09
Tərtərin icra başçısı rayonda niyə tapılmır? Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda tapılmır. Bu barədə rayon sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, başçı həftənin ən çox 3 günü Tərtərdə olur, qalan vaxtlarda isə ya Gəncədə, ya da Yevlaxda olur: «Düşmənlə üzbəüz mövqedə yerləşən rayonun camaatı icra başçısının qayğısını qətiyyən hiss etmir. İcra hakimi yalnız dövlət tədbirlərində ortalığa çıxır və şəkillərini çəkdirərək icra hakimiyyətinin saytında yerləşdirir. Yəni hansısa işlərdə fəallıq göstərməsi ilə bağlı görüntü yaradır. Aprel döyüşlərində evləri yararsız hala düşən insanlara hələlik heç bir maddi yardım göstərilməyib. Prezidentin dağılmış evlərin təmiri ilə bağlı ayırdığı 3 milyon manatın hara yoxa çıxdığı bilinmir. Rayon İcra Hakimiyyətinə şikayətə gedən insanları hədələyib, təhqir edib əliboş yola salırlar. Müstəqim Məmmədov qapıda dayanan polislərə, müavinlərinə və köməkçisinə tapşırıb ki, kim onu soruşsa desinlər ki, başçı məzuniyyətdədir. Rayon rəhbəri yerində ola-ola insanları məzuniyyət adı ilə aldadır. Belə bir insandan hansı diqqəti, qayğını gözləmək olar? Ermənilər güllə atan kimi Müstəqim Məmmədov dərhal rayonu tərk edir. Əslində rayon rəhbəri kimi o öndə durmalı, insanların təşvişə düşməsinin qarşısını almalıdır». Rayon sakini vurğulayır ki, icra başçısının yaxın qohumları, hətta ailə üzvləri belə Tərtərdə qalmırlar. Deyilənə görə, icra başçısının yaxın qohumlarından birinin Gəncə şəhərinə xüsusi sevgisi var. Və bu səbəbdən demək olar ki, hər gecəni orda keçirir. Rayon camaatı isə başçının biganəliyindən, özbaşınalığından cana yığılıblar. Sakinlər bildirirlər ki, əgər Tərtərdə hökm sürən ağır sosial durum və vətəndaş narazılığı tezliklə aradan qaldırılmasa, o zaman əhali başçının istefasını tələb edəcək. Qeyd olunan fikirlərlə bağlı Müstəqim Məmmədovla əlaqə yaratmağa cəhd göstərsək də, heç bir nəticəsi olmadı. Buna baxmayaraq, onun da cavab haqqını tanıyırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]