Siyasət

Ermənistan müharibəyə hazırdır? – TƏHLİL

9-05-2016, 22:56

Ramil Məmmədli: "Ermənistan separatçı rejimi tanısa da, Azərbaycan heç nə itirməyəcək”

Ermənistan müharibəyə hazırdır? – TƏHLİL

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışığı zamanı Dağlıq Qaprabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə aparıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirləri hazırkı mərhələdə ATƏT-in Minsk Qrupunun atacağı mümkün addımla barədə müzakirə aparıblar.

Xatırladaq ki, cəbhə xəttində aprelin 2-dən 5-dək davam edən hərbi əməliyyatlar artıq bir aydır dayandırılsa da, son günlər gərginlik hələ də səngiməyib və Azərbaycanın nəzarət etdiyi cəbhəyanı kəndlər hələ də Ermənistan silahlı qüvvələri  tərəfindən artilleriya atəşinə məruz qalmaqdadır.  Həmçinin qeyd edək ki, bu yaxınlarda Ermənistan parlamentində Dağlıq Qarabağda yaradılmış separatçı rejimin tanınması məsələsi də gündəmə gətirilmişdi.

Bununla yanaşı, istər İrəvan rəsmiləri, istərsə də Xankəndidə yaradılmış separatçı rejimin nümayəndələri Azərbaycanı təhdid edir, hətta Bakıya zərbə endirməklə hədələyirlər.

Azərabycan prezidenti İlham Əliyev isə mayın 9-da "Qələbə günü” münasibəti ilə etdiyi çıxışında aprel ayında baş verən silahlı toqquşmalara toxunub: "Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlət başçısı bu qələbə münasibətilə təbriklərini çatdırdı və dedi ki, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirib”.

Rəsmi Bakının mövqeyinin qəti olduğu zamanda, beynəlxalq ictimaiyyətin də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Ermənistan real danışıqlara gedəcəkmi? Moskva da siyasi müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin münaqişənin nizamlanmasında Ermənistan güzəştə getməyə məcbur ediləcəkmi?

timthumbQafqaznews.az-a danışan ekspert, hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətdədir və bunu etiraf etməsə də, beynəlxalq ictimaiyyəti qızışdırmaq yolu ilə prosesi yenidən ləngitməyə çalışır.

"Artıq bütün dünya anlayır ki, Dağlıq Qarabağ münaqişəsi donmuş vəziyyətindən çıxıb. Artıq bu problemi "donmuş münaqişə” adlandırmaq olmaz. Azəraycan da 1990-cı illərdə olduğu kimi, öz ərazilərinin taleyini beynəlxalq vasitəçilərin insafına buraxa bilməz. Rəsmi Bakı konkret dəyişiklik tələb edir və prosesdə ilk olaraq ətraf rayonların boşaldılmasını tələb edir. Hazırda gündəmdə 5 rayonun qaytarılması məsələsidir, Azərbaycan Laçın və Kəlbəcər rayonlarını da gündəmə gətirmək istəyir. Məsələ ondadır ki, Ermənistan kompromisə getməsə, daha çox itirəcək və işğalçıların itkiləri cəbhədəki yüksəkliklərlə məhdudlaşmayacaq”, – R.Məmmədli vurğulayıb.

Ekspert bildirib ki, vaxtilə dialoqa meyilli olduğuna görə devrilən sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağda keçirdiyi görüşlərə dair də bəzi məlumatlar kompromisə zərurət amilinin gündəmə gəlməsindən xəbər verir.

"Gərginliyin altacağı halda, vasitəçilər belə Ermənistana kömək edə bilməyəcək. Əgər siyasi müstəvidə həlldən danışırıqsa, Azərbaycan ona da hazırdır. Lakin boyun qaçıran elə Ermənistan hakimiyyətidir. Serj Sarkisyan necə çıxılmaz vəziyyətdə olduğunu başa düşməsinə baxmayaraq, hakimiyyəti itirməmək üçün hər hansı konkret addım atmaqdan çəkinir. Kompromisə getməyib müharibə variantına əl atsa belə, Sarkisyan rejimi həm döyüş meydanında, həm də siyasi meydanda uduzmuş olacaq. Ermənistan müharibəyə hazır deyil”, – deyə icmalçı qeyd edib.

Ramil Məmmədlinin fikrincə, son ümid kimi KTMT-ni Azərbaycana qarşı qaldırmağa çalışan Ermənistan bu məsələdə uğursuzluğa düçar olacaq: "Artıq KTMT-də də Ermənistanın nüfuzu düşməkdədir, Azərbaycanın strateji tərəfdaşları Belarus və Qazaxıstan da rəsmi İrəvanın təcavüzkar siyasətinə qarşıdırlar və işğal olunmuş ərazilərin tezliklə boşaldılmasını tələb edirlər. KTMT üzvləri Ermənistandan tamamilə üz çevirirlər”.

Dağlıq Qarabağda yaradılmış separatçı rejimin Ermənistan tərəfindən tanınması ehtimalına da toxunan Ramil Məmmədli əlavə edib ki, işğalçı dövlət buna heç vaxt cəsarət etməyəcək.

"Ermənistan sadəcə beynəlxalq təşkilatları şantaj etməyə çalışır. Hətta Ermənistan separatçı rejimi tanısa belə, Azərbaycan bununla heç nə itirməyəcək. Azərbaycanı bu dəqiqə bir şey maraqlandırır – işğal olunmuş torpaqları azad etmək”, – deyə ekspert Qafqaznews.az-a bildirib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]