Siyasət

Müsavatda istefalar başladı - Müxalifətdaxili savaş yeni müstəvidə

9-05-2016, 16:53
Müsavat Partiyasından "Ağ blok” üzvlərinin istefası davam edir. Mayın 9-da daha iki nəfər partiyadan istefa verib

Partiyanın üzvü olan gənc fəal Cavanşir Abbaslı bununla bağlı bildirib ki, artıq istefa ərizəsini partiya Divanına təqdim edib: "2009-cu ildən partiyanın Nəsimi rayon təşkilatının üzvüyəm. Partiya üzvü olduğum gündən bu günə qədər müsavatçılıq ideologiyası uğrunda bacardığım xidmətləri göstərmişəm. Ailəlikcə müsavatçı olmuşuq. Atam 1992, qardaşım isə, 2003-cü ildən Müsavatın üzvüdür. Hər zaman müsavatçılıq ideologiyasının ölkəmizdə uğur qazanacağına inanmışıq. Təəssüflər olsun ki, Müsavat qurultayından sonra partiyada aparılan siyasətin müsavatçılıq ideologiyası ilə zidd olduğu qənaətinə gəldik. Qurultaydan sonra partiyada qalmağa qərar versəm də, sonda bunun mənasız olduğunu qəbul edib, istefa vermək qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrində uğurlar arzulayıb, bundan sonrakı haqq mübarizəsində birlikdə olacağımıza ümid edərək partiyadan istefa verdiyimi bəyan edirəm”.

Gənc fəal Cavid Hacıbəyli də istefa verdiyini bəyan edib. O, deyib ki, 2003-cü ilin oktyabr ayından Müsavat Partiyasının üzvüdür: 

"Mən partiyaya şəxslərə görə gəlməmişəm. Partiyaya üzv olmağımın başlıca səbəbi müsavatçılıq ideologiyasıdır. Mənim düşüncəmə görə biz bu ideologiyanı yaşatmalı və Rəsulzadə irsini qoruyub saxlamaqla gələcək nəsillərə ötürməliyik. Müsavatçı olmaq partiyaya üzv olmaq demək deyil. Hazırda Nəsimi rayon təşkilatında şura üzvüyəm. Bundan öncə gənclər təşkilatında sədr müavini və 2013-cü ildə gənclər təşkilatında keçirilən seçkidə sədrliyə namizəd olaraq seçkilərdə qanuni sədr seçilmişəm, təəssüf ki, qanunsuz olaraq seçki nəticələri ləğv edildi. Gələcək nəsillər də bilməlidir ki, böyük öndərimiz M.Ə.Rəsulzadənin qurub yaratdığı Müsavat Partiyasında 103 il sonra bu kimi proseslərin baş verməsi hər birimizi üzüb və bu minvalla partiyada qalmağın mümkünsüzlüyü bir daha aydın olub. Ölkədəki avtoritar idarəçiliklə mübarizə aparmaq üçün mütləq Müsavat Partiyasının üzvü olmaq şərt deyil. Minlərlə müstəqil və digər partiya, təşkilat, hərəkat üzvləri var ki, rejimlə daha ciddi mübarizə aparırlar, həbs edilən siyasi məhbuslarımız arasında da bunu görmək olar”.

Qeyd edək ki, bundan əvvəl "Ağ blok”un təsisçilərindən Tural Abbaslı başda olmaqla Müsavat Partiyasının beş üzvü istefa verib. Mayın sonunda blokun partiyaya çevriləcəyi gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]