Dünya

Yanan nəqliyyat vasitəsindən çıxmağa çalışan İraq əsgərinin kömürləşmiş qalıqları

9-05-2016, 15:23

"Ölüm yolu" - dəhşət doğuran FOTOREPORTAJ

Bakı, 9 may, SalamNews, C.Nəzərov. 25 il əvvəl müharibə tarixində İraqda, yol 80-də, əl-Küveytdən təxminən 32 kilometr məsafədə ən qəddar kütləvi qətliamlardan biri törədilib.                                                                    SalamNews-un "masterok.livejournal.com"a istinadla verdiyi xəbərə görə, 1991-ci il fevralın 26-dan 27-nə keçən gecə sülh elan edildikdən sonra minlərlə İraq əsgəri və mülki şəxsin Bağdada doğru geri çəkildiyi vaxt ABŞ-ın ozamankı prezidenti Corc Buş (ata) hərbi qüvvələrə geri çəkilən İraq ordusunu məhvetmə əmrini verib.                                                                                     Koalisiya qüvvələrinin qırıcı təyyarələri silahsız konvoya və nəqliyyat vasitələrinə öndən və arxadan hücum edərək onları məhv edib və bu yolla hərəkəti dayandırıb, onları təxliyə imkanından məhrum edib.

Daha sonra təyyarələr dalğa şəklində bir neçə saat ərzində tələyə düşmüş nəqliyyat vasitələri və insanlara zərbələr endirib. Qanlı döyüş başa çatdıqdan sonra yolda təxminən 2000 sıradan çıxmış İraq hərbi və mülki nəqliyyat vasitəsi olub, onminlərlə İraq əsgərinin tanınmaz hala gələn cəsədi ətrafa səpələnib.

Bu hadisədən sonra həmin yolu "ölüm yolu" adlandırıblar. Bəsrəyə gedən yol 8-ə də yüzlərlə insan cəsədi səpələnib.



Bu faciəvi hadisə ərəfəsində Bağdad radiosu İraq xarici işlər nazirinin Sovet İttifaqının atəşkəs barədə təklifini qəbul etdiyi və bütün İraq qoşunlarına BMT-nin 660 saylı qətnaməsinə müvafiq olaraq Küveytdən geri çəkilmək əmrini verdiyi barədə xəbər yayıb. Lakin ABŞ prezidenti Buş buna inanmayıb və "İraq ordusunun geri çəkilməsinə dair heç bir dəlil yoxdur" deyə cavab verib.



Növbəti gün İraqın ozamankı prezidenti Səddam Hüseyn şəxsən radio vasitəsilə iki yol boyu geriçəkilmənin həqiqətən başlandığını və Buşun Hüseynin bəyanatını "biabırçılıq" və "insafsız yalan" adlandırdığı gün başa çatmalı olduğunu elan edib.


ABŞ-lılar İraqın təslimolma və döyüş meydanını tərketmə təklifini qəbul etməkdən imtina ediblər. Corc Buş və ABŞ-ın hərbi strateqləri, sadəcə, mümkün qədər çox iraqlını məhv etmək qərarına gəliblər.


Bombardman təxminən gecəyarı başlayıb. Əvvəlcə ABŞ və Kanada təyyarələri yolda hərəkəti dayandırmaq üçün konvoyun ön və arxa hissələrini bombardmana məruz qoyub. Daha sonra tələyə düşən konvoya hücum edilib.
 
ABŞ Mərkəzi komandanlığının baş komandanları Buş administrasiyasından "əl-Küveyt şəhərindən heç kimin və heç nəyin çıxmasına imkan verməmək" əmrini alıblar.
 
Yoldan uzaqlaşmağa müvəffəq olan istənilən nəqliyyat vasitəsi izlənilərək məhv edilib.
ABŞ-lıların mərhəmətinə təslim olan silahsız İraq əsgərləri də avtomat atəşinə məruz qalıblar. O gün heç bir İraq əsgəri sağ qalmayıb.


"Yük avtomobillərinin kabinləri bombardmanın gücündən yerə girib. Ön şüşələr bombardmanın istisindən əriyib, böyük tanklar isə qəlpələrə parçalanıb.", - o zaman Livan-ABŞ jurnalisti Coys Çediak yazıb.



"İraq əsgərlərinin qətliamı 1949-cu il Cenevrə konvensiyasının tələblərini pozur. Belə ki, konvensiyaya əsasən, əsgərlərin döyüşdən kənar qətlə yetirilməsi qadağan edilir.
Buş administrasiyası iddia edir ki, İraq qoşunları Küveytdən ABŞ ordusu tərəfindən qovulmayıb. Onlar yenidən qruplaşmaq və yenidən döyüşə girmək üçün geri çəkilməyiblər. Həqiqətdə onları geri çağırıblar və hərbçilər evlərinə qayıdıblar.", - Coys Çediak yazıb. 



"Evə qayıdan əsgərlərə belə şəraitdə hücum etmək hərbi cinayətdir.", - C.Çediak əlavə edib. 
 
"Mən, hətta Vyetnamda oxşar heç nə görməmişəm. Bu, çox kədərlidir.", - kəşfiyyat zabiti, mayor Bob Nyucent bildirib.
 
"Bu hadisənin ən narahatedici aspekti onun məxfiliyi olub.", - Malkolm Laqoş yazıb.



KİV-də hadisə başqa cür təsvir edilib. ABŞ-ın səhra komandirləri İraq Silahlı Qüvvələrinin Küveytdən könüllü qaydada getmədikləri, qanlı döyüşlər nəticəsində sıxışdırıldıqları təsəvvürünü yaratmağa çalışıblar.



Dörd il sonra general Norman Şvartskopf "ölüm yolu"nda baş verənlərə bəraət qazandırmağa çalışıb: "Yolu bombalamağımızın ilk səbəbi orada çoxlu hərbi texnikanın olması idi və mən bütün komandirlərimə məhv edə biləcəyimiz İraq hərbi qurğularını məhv etmək əmri vermişdim.
İkincisi, bunlar sərhəddən İraqa geri qayıtmağa cəhd göstərən günahsız insanlar deyildilər. Bunlar Küveytin dinc sakinlərinə qarşı zorakılıq nümayiş etdirən, onları qarət edən zalım, qatillər olublar və tutulmadan əvvəl ölkədən çıxmağa cəhd göstəriblər.


Lakin geriyə çəkilən İraq ordusuna zərbələrin endirilməsi barədə qərarın qanuniliyi müəmmalıdır. Məsələ burasındadır ki, zərbə endirilən an İraq qoşunları müharibə vəziyyətində olmayıb, belə ki, praktiki olaraq buna bir sutka qalmış - 1991-ci il fevralın 26-da yerli vaxtla gecə saat 2-də Bağdad radiosu rəsmi olaraq İraq xarici işlər nazirinin Sovet İttifaqının atəşkəs barədə təklifini qəbul etdiyini və bütün İraq qoşunlarına 1990-cı il 2 avqust tarixinə qədər tutduqları mövqelərə geri çəkilmək əmri verdiyini, o cümlədən İraqın BMT-nin 660 saylı qətnaməsinə tam riayət edəcəyini elan edib. 660 saylı qətnaməni yerinə yetirməyə hazır olduğunu İraq BMT Təhlükəsizlik Şurasına da bəyan edib.

Bununla belə, o zaman SSRİ xarici işlər nazirinin müavini olan Aleksandr Belonovovun fikrincə, Səddam Hüseynin fevralın 26-da Bağdad radiosunda çıxışı münaqişənin həllində başlıca maneə olub, belə ki, "çıxış sataşqan ton daşıyıb, iraqlıları qələbəni qeyd etməyə çağırıb və bir müddət sonra Küveytin, onsuz da, İraqın tərkibinə daxil olacağına işarə edib".

ABŞ Səddam Hüseynin qoşunları Küveyt ərazisindən çıxarmağa hazırlığında siyasi oyun, ordunu tam mühasirədən və məhvdən xilas cəhdi çalarları sezib.

Bütün bunlara rəğmən, şahidlərin sözlərinə əsasən, fevralın 26-sı günün ikinci yarısında İraq qoşunlarının Küveytdən faktiki çıxışı başlayıb, təxliyə üçün Küveytdə ələ keçirilən turist avtobuslarından ibarət böyük kolondan da istifadə edilib.


"Ölüm yolu"nda cəsədlərlə əhatə olunan yanmış yük avtomobili 

Nəticədə geri çəkilən İraq əsgərlərinin məhv edilməsi 1949-cu il Cenevrə konvensiyasının ümumi müddəalarını pozub.
Həmin konvensiyanın III maddəsinə əsasən, döyüşdən kənar əsgərlərin qətlə yetirilməsi qadağan edilir. Bu əsasda Küveytdən çıxarılan İraq əsgərlərinə hücum Birləşmiş Ştatlar prezidenti Lindon Consonun administrasiyasında baş prokuror işləmiş Remsi Klarkın Hərbi cinayətlər üzrə beynəlxalq tribunalın İstintaq komissiyasına ABŞ-ın İraqa qarşı hərbi cinayətləri barədə təqdim etdiyi hesabatında, o cümlədən digər mənbələrdə hərbi cinayət kimi qiymətləndirilib. 


Yanan nəqliyyat vasitəsindən çıxmağa çalışan İraq əsgərinin kömürləşmiş qalıqları

Administratorla əlaqə

077 611-55-22

[email protected]