Ölkə

"Əslində biz sabah Şuşada olmalıydıq"-REPORTAJ, FOTOLAR

8-05-2016, 12:52

 "Əslində biz sabah Şuşada olmalıydıq"-REPORTAJ, FOTOLAR

 
 


 

Hər il Şuşanın işğal günü gələndə kövrəlirlər. Artıq Şuşanın işğalının 24 – cü ilini qeyd edirik. Elə bununla bağlı Şuşalı məcburi köçkünlərin yaşadığı Qızılqum sanatoriyasına yola düşdük. Sanatoriyanın girişindəki balaca stadionda futbol oynayan uşaqların şəklini çəkirəm. Uşaqlardan biri jurnalist olduğumuzu anlayır. Elə tozanaq götürüb bir az aralıda dayanan adamlara tərəf qaçır. Yolboyu qışqırır: "Ata, jurnalist gəlib!”.


Əslində biz sabah Şuşada olmalıydıq...

Yaxınlaşıb ikilikdə söhbət edən ağsaqqallarla salamlaşırıq. Şuşa sakini Tahir Ələkbərov sabahkı günlə bağlı çox kövrəlir: " Oğul 1946 – cı ildə Şuşada doğulmuşam. Biz Şuaya qayıtmaq istəyirik. Aprel döyüşlərində özümü Şuşaya daha çox yaxın hiss elədim. Əslində sabah biz Şuşada olmalıydıq”.


Bu gün biz bir vətəndaş olaraq Ali baş komandanı gözləyirik...

Məktəb direktoru Qədim Abdullayev də hər il Şuşaya qayıtmaq arzusu ilə yaşadıqlarını deyir: " Bu gün evini – eşiyini itirmiş adam hansı hisləri keçirər?! O, ev – eşiyi ki, hardasa Şuşa deyilən bir yer. Şuşada ilklər yaşamışlar: ilk nəqqaş, ilk rəssam, ilk musiqiçi, ilk alim, ilk rəqqas, bir sözlə ilklər Şuşada olublar. Bu gün biz bir vətəndaş olaraq Ali baş komandanı gözləyirik. Yəqin ki, vaxt yetişib və bu il biz öz torpaqlarımızı alacağıq”.

Şuşanı görmək üçün hər şeyimdən keçərəm...

Qarabağ qazisi Şunasi Babayev hər il Şuşanın işğal günü ağladığını deyir: "Şuşada olmağı ordan çıxan gündən arzu edirik. Şuşadan çıxanda indi leytenant rütbəli zabit oğlum Cümşüd qırx günlük körpə idi. Ondan sonrakı iki övladım Şuşanı görməyiblər, onlar burda doğulublar. Amma, mən onlara elə təbliğat aparmışam ki, onlar Şuşanın hər qarışını tanıyırlar. Şuşanı televizorda göstərəndə ağlayıram. Şuşanı görmək üçün hər şeyimdən keçərəm. Aprel döyüşlərində mən o qədər qürur hissi keçirdim. Ordumuza halal olsun. 1992 – cil mart ayının 29 – da ermənilər bizim polis idarəsini qrat atəşinə tutdular. Həmin vaxtı ayağımdan yaralandım. Aprel döyüşlərinə qədər bizə yazıq kimi baxırdılar. Bu da bir Qarabağ qazisi kimi mənə çox pis təsir edirdi. Elə bir fikir formalaşdırmışdılar ki, guya biz döyüşə bilmirik. Mən inanıram ki, Şuşaya qayıdacağıq”.


Komandir dedi ki, gəldiyiniz üçün çox sağ olun. Amma, hələ ki, könüllülərə ehtiyac yoxdu...

Şunasi Babayevin oğlu Eçibəy Babayev deyir ki, aprel döyüşləri vaxtdı, evə demədən cəbhəyə getdik. " 1994 – cü ildə doğulmuşam. Şuşanın işğalından iki il sonra dünyaya gəlmişəm. Amma, atam bizə Şuşanı, vətəni, torpağı çox sevdirib. Aprel döyüşləri zamanı evdən hərbi biletimi götürüb dostlarımla Tərtərə cəbhəyə yola düşdük. Orda hərbi hissə komandiri bizə dedi ki, gəldiyiniz üçün çox sağ olun. Amma, hələ ki, könüllülərə ehtiyac yoxdu. Çox israr etdik ki, bizi orda saxlasınlar. Amma, mümkün olmadı. Sabah müharibə olarsa, yenə də cəbhəyə gedərək döyüşməyə hazıram”.








Administratorla əlaqə

077 611-55-22

[email protected]