Ölkə

KƏNDLİLƏRİN TORPAĞINI ƏLƏ KEÇİRMƏYİN YENİ ÜSULU

7-05-2016, 11:28
KƏNDLİLƏRİN TORPAĞINI ƏLƏ KEÇİRMƏYİN YENİ ÜSULUVahid Məhərrəmov: «Kəndli istifadə edə bilmədiyi torpaqları ucuz qiymətə məmurlara satmaq üçün məcburiyyətində qalacaq»

Dünən Milli Məclisdə Vergi Məcəlləsində dəyişikliklər müzakirə olunub. Mühüm dəyişiklikliklərdən biri də kənd təsərrüfatı təyinatlı torpaqlardan üzrlü səbəb olmadan təyinatına uyğun istifadə etməyənlər üçün vergi məbləğinin artırılmasıdır. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Təyinatı üzrə istifadə edilən və ya istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilir.


Qanun qüvvəyə mindikdən sonra, əkilməyən 1 hektar (10 000 m2) torpağa görə 1000 manat vergi ödənməlidir.

Bu məsələ Milli Məclisdə və cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Hər halda, bu məsələnin icrasının müşkül olacağı da bildirilir. Görəsən, yeni qaydaların tətbiqi torpaq sahələrinin yenidən kəndlilərin əlindən alınması üçün bir vasitə ola bilərmi?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, hökumətdə kifayət qədər böyük vəzifədə olan, siyasətə təsir edən, inhisarçılığı öz əlinə alan müəyyən qüvvələr var. Eskpertin sözlərinə görə, onlar ölkədə məhsul istehsalını və idxalı tam nəzarətə alıblar. Onlar daxili istehsalı genişləndirmək üçün daha çox torpaq sahələrini ələ keçirməyə çalışırlar: "Bu formada vergi tətbiq etməklə kəndliləri istifadə edə bilmədikləri və ya onlara gəlir gətirməyən torpaqları ucuz qiymətə həmin məmurlara satmaq üçün məcburiyyət qarşısında qoyacaqlar. Inhisarçı, oliqarx adlandırılan məmurların əlində külli miqdarda vəsait var. Bəzilərinin, hətta 30 min hektardan çox əkin sahələri var. Bağ, örüş sahələri, biçənəklər, zavodları olanlar daha çox sahələri əllərində cəmləşdirib istehsalı tamamilə əllərinə almaq istəyirlər. Belə olanda idxal və ixracla daha geniş məşğul ola biləcəklər”.

Vahid Məhərrəmov aqrar sahədə olan problemləri diqqətə çatdıraraq, kəndlilərin su, gübrə, əlçatan olmayan maliyyə və infrastruktur sahəsindəki çətinliklərinin bilərəkdən həll olunmadığını düşünür. Hökumətin müəyyən mərhələdən sonra həmin torpaq sahələrini ələ keçirmək niyyətini dilə gətirən ekspert, müəyyən qüvvələrin həmin torpaqlardan şəxsi maraq üçün istifadə edəcəyini istisna etmir: "Görünür, bu torpaqlardan öz maraqları üçün istifadə edəcəklər. Sözügedən qanun və qaydalar müəyyən qüvvələrin marağına xidmət edəcək”.

Nigar

Conflict.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]