Siyasət

Kərəm Həsənov İlham Əliyevə dosye təqdim edib - Oliqarxların əmlakı...

8-10-2016, 16:12
Respublikanın 8 rayonu üzrə icarədə olan, lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi və dövlət mülkiyyətinə geri qaytarılması təmin edilib 

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, icarədə olan torpaq sahələrinin səmərəsiz istifadə olunması və ya tamamilə istifadəsiz saxlanması ilə bağlı 18 rayon üzrə 23 min hektar torpaq sahəsinin icarə müqavilələrinə xitam verilməsi istiqamətində isə hazırda işlər aparılır.

"Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub. Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub.

Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib”.

Müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş müvafiq fərman və sərəncamlar ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Bütün bu nəzarət tədbirləri və sayəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, təyinatına uyğun yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin edilir. (contact.az)

Qeyd edək ki, ölkə başçısı Ilham Əliyevin Nazirlər Kabinetinin iclasında bəzi məmurların torpaqları zəbt etməsi barədə fikirlərindən sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi torpaqlarla bağlı ilginc məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin apardığı nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb.

Deyilirdi ki, ölkə üzrə mövcud olan 1,8 mln. ha əkin sahəsinin 198 min hektarı (11,3 faiz) istifadə olunmur. Bundan başqa, 2,6 min ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min ha torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Eyni zamanda icra hakimiyyətləri və bələdiyyələr 1204 ha torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Məlumatda qeyd olunurdu ki, yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min ha torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın ha qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min ha torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

"Azadlıq” hələ o zaman məlumat yaymışdı ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparılır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ölkə başçısı Ilham Əliyevə dosye təqdim edib. Həmin dosyedə xeyli icra başçısının və iri çaplı məmurun adı var. Araşdırmalar zamanı Kərəm Həsənovun təqdim etdiyi dosyedə əks olunan faktlar təsdiqini taparsa, xeyli icra başçısı tutduğu vəzifədən azad edilə bilər.
Bu günki məlumat artıq bunun anonsu sayıla bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]