Maraqlı

Gün eynəkləri bu günümüzə necə gəlib?

2-05-2016, 02:28
Gün eynəkləri bu günümüzə necə gəlib?Saxta gün eynəkləri katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur...

Həyatımızın ayrılmaz hissəsinə çevrilən gün eynəklərinin artıq mövsümü başlayıb. Ultrabənövşəyi şüaların miqdarı qışa nisbətdə üç dəfə artıq olduğu üçün dərini və gözləri gündən qorunmaq vacibdir. Hazırda ticarət mərkəzlərində istənilən qiymətə gün eynəyinə rast gəlmək mümkündür.  Gün eynəyi alarkən onun keyfiyyətindən çox üzümüzə yaraşıb yaraşmaması ilə maraqlanırıq. Halbuki yanlış seçilən eynək bizi günəş şüasından qorumur, əksinə gözlərimizə zərər verir. 

Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.

Mütəxəssislərin dediyinə görə, gözün günəş şüaları ilə birbaşa kontaktda olması katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur. Belə ki, saxta eynəklər gözləri qorumur, əksinə, gözdə qalıcı fəsadlara səbəb olur. Ona görə də, eynək seçərkən mütləq keyfiyyət testindən keçirilməli və ya sertifikat tələb  olunmalıdır. Bu gün paytaxtda satılan eynəklərin əksəriyyətini testdən keçirmək üçün heç bir şərait yoxdur. Sertifikat tələb etdikdə isə əksər satıcılar bunu təqdim edə bilmirlər. 

Əvvəlcə paytaxtda ucuz qiymətə gün eynəkləri satılan bir neçə mağazaya baş çəkdik. "28 may” Keçid Ticarət Mərkəzində  yerləşən mağazanın satıcısı gün eynəklərinin 7-10 manat arasında olduğunu bildirdi. Satıcıdan eynəklərin haradan gətirildiyini və sertifikatının olub-olmamasını maraqlandıq. 

Satıcı eynəklərin sertifikatının olmadığını və Çindən gətirildiyini dedi: "Ola bilər ki, orijinal eynək deyil. Ancaq alıcıları var. Daha çox xanımlar bu eynəklərdən alır. Onlar da çox vaxt gözlərinə yox başlarına aksesuar kimi taxırlar”.

Söhbətimizin bu yerində mağazaya bir alıcı daxil odu və özünə iki ədəd eynək seçdi. Alıcıdan aldığı eynəyin onun gözünə ziyan olduğunu bilib bilmədiyini soruşduq. Alıcı isə bunları dedi:  "ziyan olsa da olmasa da mən alıram. Ziyanını hiss etmirəm. Mənim brend eynəklər almağa imkanım yoxdur. Kimin gücü nəyə çatırsa onu da alır”.

Daha sonra yolumuzu bahalı, brend eynəklərin satıldığı iki ünvandan, "Tarqovı” və "Metro Park”dan saldıq. Burada eynəklərin qiyməti 70 manatdan 300 manata qədər dəyişirdi. Bu mağazalarda alıcı az olsa da var idi. 

Satıcı Elmin Əliyev insanların bilə-bilə gözlərinə zərər verdiyini dedi: "Satdığımız eynəklərin hər birinin sertifikatı var. Düzdür, bahadır deyə alan az olur. Amma alıcılar unutmasınlar ki, ucuz eynək alıb, sonra gözlərinin müalicəsinə nə qədər pul tökürlər ”.

Alıcı Rüstəm Quliyev ucuz eynək taxdığına görə gözlərinin zəiflədiyini dedi: "Əvvəl mən də puluma qıymırdım. Ucuz eynək alırdım. Ancaq bu eynəklər mənim gözlərimi pis hala qoydu. Eynəkdə olmağıma baxmayaraq havaya çıxan kimi gözlərimdən yaş axırdı. Ancaq indi mən o problemi hiss etmirəm. İndi gəlmişəm ki, baha da olsa oğluma buradan eynək alım”.  

Qeyd edək ki, baş çəkdiyimiz heç bir eynək mağazasında oftalmoloq yox idi. Halbuki, qabaqcıl ölkələrdə eynək satılan yerlərdə oftalmoloqlar fəaliyyət göstərir və insanların gözləri yoxlanıldıqdan sonra uyğun eynək verilir. 

Maraqlıdır, ümumiyyətlə haqqında söz açdığımız bu eynəklər haradan bu günümüzəgəlib? Bəs qədim dövrlərdə keyfiyyətli eynəkləri necə seçiblər?


Suallarımıza cavab tapmaq üçün internet üzərindən kiçik bir araşdırma apardıq. Məlum oldu ki, ilk dəfə günəş şüalarından qorumaq fikri Roma dövrünə qədər gedib çıxır. İmperator Neron gözü şüadan qorumaq və narahatedici işıqların qarşısını almaq məqsədi ilə ilk dəfə zümrüddən linza istifadə edib. Gözlüyün əsas hissəsi olan optik şüşənin tarixi 4500 il əvvələ gedib çıxır. Əldə olan məlumatlara görə, ilk eynək 1280-cı illərdə İtaliyada hazırlanıb. Başqa bir iddiaya görə, 1287-ci ildə Florensiyada Armati adlı bir rahib teleskop üçün eynək icad edib. Bu icaddan sonra Alessandro Della Spina adlı rahib tərəfindən eynək modelləri yaradılıb. Lakin o eynəklər indiki modellərdən tamamilə fərqli idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə yalnız XV əsrdə ixtira olunub. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. Hazırda istifadə etdiyimiz dəstəkli eynəklər XVIII əsrdə İngiltərədə meydana çıxıb. Eynək icad edildikdən yalnız 350 il sonra gözdən düşməyən eynəklər hazırlanıb. Əslində bu, eynək tarixində ən mühüm və son tapıntı idi. Edvard Skarlet 1730-cu ildə Londonda sabit, dəstəkli eynək icad etdi. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər satışa çıxarılıb. 1930-cu illərdə eynəklər pişik gözü formasında istehsal olunub. Pişik göz günəş eynəkləri əslində bayquşun gözlərindən ruhlanaraq ərsəyə gəlib. Daha sonra marketinq texnikası inkişaf etdirilərək çərçivəsində dəyişikliklər aparılıb və "pişik gözü eynəklər” adı ilə moda bazarında satışa çıxarılıb. 

II Dünya müharibəsində Hava və Dəniz Qüvvələrinin əsgərləri aynalı eynəklərdən istifadə edirdi. Müharibədən sonrakı illərdə qəhrəmanların taxdığı bu eynəklər olduqca populyarlaşır. Pilotlar uçarkən günəş şüalarından və soyuqdan qorunmaq üçün öz eynəklərinin altına ikinci baza – şüşə qoyurdular. II Dünya müharibəsi illərində "Ray-Ban” markası tərəfindən istehsal edilən aynalı günəş eynəkləri ilk dəfə pilotları günəş şüalarından qorumaq üçün düzəldilmişdi. Pilotların rahatlığını təmin etmək məqsədilə düzəldilən aynalı eynəkləri gözləri göstərmədiyi üçün sonralar polislər də taxmağa başlayır. 

II Dünya müharibəsindən sonra yaşanan iqtisadi böhrana görə öz populyarlığını və alıcılarını itirən bu eynəkləri çiçəklər, daş-qaşlar, applikatorlarla bəzəməyə başlayıblar. 1950-ci illərdə çıxan eynək dizaynı ilə 60-cı illərdə çıxan modellərdən kəskin şəkildə fərqlənib.  Yaraşıqlı və bəzəkli çərçivələrin yerini böyük və sadə modellər tutub. O cümlədən jalüz tipli eynək modelinin tarixi də 1950-ci illərə aiddir. Jalüzdən ruhlanaraq hazırlanmış bu günəş eynəyi hələ də bəzi yerlərdə istifadə edilir və populyarlığını itirməyib. 60-ci illərdə böyük çərçivəli eynək trendi aktuallığını itirib. Buna səbəb hippi tərzinin populyarlaşması idi. Lakin kiçik çərçivəli eynəklər moddan tez düşüb. 70-ci illərin sonlarında günəş eynəklərinin şüşələri bir az daha böyüdülüb. 80-cı illərdə klassik, daha minimalist, kvadrat dizaynlı eynəklər bazara çıxarılıb. 90-cı illərdə böyük çərçivəli, pişik gözlü, həmçinin aynalı eynəklər dəbə minib. 

2016-cı ilin yaz-yay mövsümündə isə rəngli çərçivəli eynəklər dəbdədir. Fərqli tərz və formalarla zəngin olan bu eynəkləri istənilən geyiminizlə asanlıqla uyğunlaşdıra biləcəksiniz. Eyni zamanda rəng seçimi də çox genişdir. 


Günel MANAFLI
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]