Kriminal

Bakı aeroportunda silahlı şəxslər YAXALANDI

26-04-2016, 18:47
Bakı aeroportunda silahlı şəxslər YAXALANDI
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən, mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Bildirilib ki, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Respublikasına Frankfurt-Bakı, İstanbul-Bakı və Moskva-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşlarından soyuq silahlar - 1 ədəd "beşbarmaq”, 3 ədəd bıçaq, eləcə də 1 ədəd silah darağı və 1 ədəd nişangah aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, belə əşyaların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə görə məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]