Ölkə

«Qaçqınkom»da şıdırğı mənzil alveri – SİYAHI

18-04-2016, 21:14

Məcburi köçkünlərə səslərini çıxarmasınlar deyə 1 və ya 2 otaqlı mənzillərdən paylayıblar.

Qaçqınlarla İş üzrə Dövlət Komitəsi (Qaçqınkom) sözün həqiqi mənasında həm büdcə pullarını talan edir, həm də şıdırğı mənzil alverinə girişib.

politika.az xəbər verir ki, bu yaxınlarda qurumun nümayəndələri Qazax rayonunda Qarabağ əlilləri və məcburi köçkünlərə mənzil paylayarkən, daha bir qalmaqala səbəb olublar.

Belə ki, rayonun Qazaxbəyli kəndində inşa edilmiş binalardan mənzil verilənlərin çoxu xeyli imkanlı adamlar olublar. Məcburi köçkünlərə isə səslərini çıxarmasınlar deyə 1 və ya 2 otaqlı mənzillərdən paylayıblar.

Lakin məsələ bu qədər sadə də deyil. Komitə sədri Əli Həsənovun nümayəndələri açıq şəkildə mənzilləri satışa çıxarıblar. Elə bu səbəbdəndir ki, Ağdam və digər rayonlarda yeni tikililərdən təkcə məcburi köçkünlərə deyil, həmçinin yerli məmurlara da az mənzil çatmayıb.

Təqdim edəcəyimiz siyahıdan da aydın görəcəksiniz ki, vəziyyət çox dramatikdir. Çünki məcburi köçkünlərə çatmalı olan mənzillər məmurlara verilib. O məmurlara ki, hərəsinin bir neçə mənzili var və yenisinə qətiyyən ehtiyacları yoxdur.

– Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.

– Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.

– Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara həkim də başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.

– Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.

– Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov. Əli Həsənov ona da mənzil peşkəş edib.

– Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.

– Arzu Rəhimova. Ağdam icra başçısının müavini olan xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, Qaçqınkom ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var.

– Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitə sədrindən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib ki, sərvətinə sərvət qata bilsin.

– Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Quzanlıdakı Təzə qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur.

– Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə təltif olunub və ona təzə qəsəbədə yeni ev verilib.

Göründüyü kimi, "Qaçqınkom"un sədri əslində, ehtiyac içində olan, uçuq daxmalarda yaşayan məcburi köçkünləri siyahıda birinci etməli olduğu halda, məmurları önə çıxarıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]