Ölkə

Bu dəfə mişarlar Bakıxanovda işə düşüb: nə baş verir?

14-03-2016, 18:49
Bu dəfə mişarlar Bakıxanovda işə düşüb: nə baş verir?

"Bu dəqiqələrdə Mahir Əmirov küçəsində ağacları kəsirlər. Məqsədləri nədir, heç kəsə izahat vermirlər. Hərə əlinə bir dəzgah alıb, ağac kəsir”.

Bakıxanov qəsəbəsinin sakinləri "Azadlıq" radiosuna bildiriblər ki, martın 14-də səhər saatlarından qəsəbədəki 3 saylı poçtun 35 saylı şöbəsinin ətrafındakı ağacların kəsiminə başlanıb. Kəsim davam edir.

Sakin Cəlal Həsənov deyir ki, küçəyə ağackəsən dəzgahların səsinə çıxıb: "Gözümün önündə üç ağac kəsildi. Yaxınlaşıb soruşuruq ki, "niyə kəsirsiz? Kimin göstərişidir?” Deyirlər, "biz fəhləyik, deyiblər, "gedin, kəsin”, gəlmişik, tapşırığı yerinə yetiririk””.

Dediyinə görə, onlarda kiminsə həmin ərazidə obyekt tikməyi planlaşdırması barədə məlumat var. Amma adamların gözünü o qədər qorxudublar ki, susmağa üstünlük verirlər.

Ancaq küçənin başqa sakini Əliheydər Sərkərli deyir ki, susmayacaq: "Susduqca adamların evlərini söküb yerində gül əkirlər. Sussaq, bir gün növbə bizə də çatacaq. Ona görə də Sabunçu Rayon İcra Hakimiyyətindən tələb edirəm ki, özbaşınalığa son qoysun”.

Sabunçu Rayon İcra Hakimiyyəti isə sakinlərlə razılaşmır: "Hazırda küçələrdəki, parklardakı ağacların budama mövsümüdür. Adamlarsa elə bilirlər ağaclar kəsilir. Düzdür, kəsilənlər də var, ancaq bunlar qurumuş, siyahıdan silinmiş ağaclardır”.

Lakin sakinlər də bu izahatla razılaşmırlar və bildirirlər ki, kəsilənlər 30-40 ilin sağlam ağaclarıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]