Ölkə

Abşeronun ən gözəl parkı məhv edilir - Rəsmi açıqlama/ FOTO

15-12-2016, 00:40
Abşeronun ən gözəl parkı məhv edilir - Rəsmi açıqlama/ FOTO
Abşeron rayonunun ən gözəl parkı olan, Xırdalandakı Heydər Əliyev parkında ağaclar kütləvi şəkildə məhv edilir.
 
BakiPost.az xəbər verir ki, sakinlərin müxtəlif aidiyyəti qurumlara müraciətlərinə və mətbuatda dəfələrlə tirajlanan yazılara baxmayaraq, hündür ağacları ilə məşhur olan parkdakı yaşıllıq məhv edilir. Xırdalan sakinlərinin saytımıza verdiyi məlumata görə, ağacların qırılması əmri birbaşa Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilib. Sakinlər şikayətlərindən sonra ağacların hiylə işlədilərək qırıldığını bildirilir: "Əvvəl gecə qırırdılar ki, camaat görüb şəkil, video çəkib, şikayət edə bilməsin. İndi isə ağacları əvvəl qurudurlar, sonra da kəsirlər. Belə edirlər ki, soruşanda desinlər ki, qurumuşdu, heç bir məsuliyyət də olmasın”.
 
Xırdalan camaatı bu yerin obyekt tikintisiyçün hazırlandığını bildirir: "Bizdə olan məlumata görə, burada obyekt tikəcəklər. Özü də elə adam tikir ki, heç kim qarışa bilmir. 102-ə zəng edirik gəlmirlər. Göz görə-görə yaşıllığı düzəngaha çevirirlər”.
 


Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev isə saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib: "Abşeron rayon İcra Hakimiyyətinin mənzil təsərrüfat kommunal birliyindən nazirliyə müraciət daxil olub. Bildirilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ağaclar quruyur. Həmin ağacların kəsilib yerində yenilərinin əkilməsi üçün nazirlikdən icazə istənilib. Bizim mütəxəssislərimiz də yerində baxış keçiriblər. Orada, şam, sərv və müxtəlif cinsli çoxsaylı ağacların quruduğu aşkarlanıb. Ekspertiza rəyinə əsasən yerində ağac əkilməsi şərtilə kəsilməsinə icazə verilib. Hər hansı bir obyektin tikintisindən söhbət getmir. Quruyan ağaclar yenisi ilə əvəz edilir”/
 
R. Mirzəyev "ağacların quruma səbəbi nədir” sualına isə belə cavab verib: "Təbii şəkildə quruyur. Şam ağacı, sərv və bir çox müxtəlif ağaclardır. Hansısa təsirlərdən quruyurlar. Kəsilib yeniləri ilə əvəz olunması qanunvericiliyə uyğun şəkildə aparılır”. Nazirlik rəsmisinin bu dediklərinə baxmayaraq, kəsilən ağacların heç birinin əvəzinə yeni ağac əkilməyib. Üstəlik, "özü quruyan” ağacacların hamısı müəyyən kvadrtatmetrlik ərazidədir. Yəni açıq görünür ki, ağaclar müəyyən ölçülü, tikiliyə yararlı olan sahəni əldə etmək üçün "quruyur”.
 


Xatırladaq ki, təkcə bu il ərzində Abşeronda ağacların qırılmasıyla bağlı mətbuatda xeyli yazılar dərc olunub. Onlardan ən sonuncusu dekabrın əvvəllərində Azadlıq radiosunda tirajlanıb. Yazıda bildirilir ki, dekabrın 1-dən 2-nə keçən gecə Xırdalandakı Heydər parkına gələn ağackəsən dəzgahlarla, azı, 50 ağacın ömrünə son qoyulub. Park çevrəsində yaşayan sakinlərin kəsimi dayandırmaq cəhdləri heç bir nəticə verməyib.
 
Məlumat üçün bildirək ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadır. Hesablama Palatasının bir neçə gün əvvəl sözügedən icra hakimiyyətində apardığı audit nəticələri isə qurumda ciddi qanun pozuntularının olduğu bildirilirdi.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]