Gündəm

MTN-nin aylarla izlədiyi ailə Suriyaya necə getdi...?

11-03-2016, 17:35
Xırdalan sakini İlqar Yusifov həyat yoldaşı və iki azyaşlı uşağının ölkədən çıxarılmasına göz yumulduğunu iddia edir

"Yoldaşım watsap profilinə İŞİD-in bayrağını qoymuşdu...”

"Mənə deyirdi ki, bizim əqidəni qəbul etmirsənsə, sən mənim üçün naməhrəmsən”

Yusifov İlqar Yusif oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Hərbi xidmətini başa vurduqdan sonra, 2003-cü ildə Əhmədova Pərvanə Hüseyn qızı ilə rəsmi ailə qurub. Bu nikahdan 2005-ci və 2011-ci ildə iki qız övladı dünyaya gəlib. Son vaxtlara qədər ailəsini yaxşı dolandırmaq üçün istər ər, istər də ata kimi əlindən gələn əsirgəməyən İlqar Yusifov, son vaxtlar həyat yoldaşı və iki qızının üzünü görməyə möhtacdır. Çünki, dediyinə görə, həyat yoldaşı kənar təsirlər nəticəsində ovladlarını da götürüb Suriyaya gedib. Bütün bunlar haqda "Hürriyyət”ə danışan İ.Yusifov şok açıqlamalarla çıxış edib. 

Qonşu qonşu olsa...

İlqar Yusifov deyir ki, həyat yoldaşı və qızları vaxtilə qonşu olduqları Rəsulova Əfsanə tərəfindən Suriyaya göndərilib: "Qonşuluqda Rəsulova Əfsanə və Rəsulov Məlik yaşayırdı. Biz onlarla çox təsadüf nəticəsində tanış olduq. Həmin vaxt onların heç biri ibadətlə məşğul olmurdu. Bir müddət sonra – 2009-cu ildə Rəsulova Əfsanə həyat yoldaşım Yusifova Pərvanəyə namaz qılmaq təklif edib. Yoldaşım bu haqda mənə deyəndə, fikirləşmədən razı oldum. Çünki, mənim fikrimcə, ibadət etmək – namaz qılmaq, oruc tutmaq və s. hər bir İslam əhlinin borcudur və biz hamımız bunu bir borc kimi də qəbul etməliyik. Amma qısa müddət – 4-5 ay keçdikdən sonra yoldaşım başını bağlamağa başaldı. Düzdür, həmin vaxt mən bir az tərəddüd etdim. Mənim ona fikrim bu oldu ki, əgər bu gün başını bağlayıb, 3-5 il sonra açacaqsansa, yaxşısı budur, heç bağlama. Yoldaşım qətiyyətlə bildirdi ki, yox, mən axıra qədər başımı bağlayacam. Odur ki, mən razılıq verdim”.

Sosial şəbəkələrdə təbliğat...

Həmsöhbətim bildirir ki, Rəsulova Əfsanənin təsiri altına olan həyat yoldaşı sonradan radikal dini qruplaşma üzvləri ilə əlaqə yaradıb: "Mən həmiş səhər evdən çıxıb, axşamlar qayıdırdım. Yəni ailəmi yaxşı dolandırmaq üçün axşam saatlarına qədər işləyirdim. Sən demə, Rəsulova Əfsanə mənim xəbərim olmadan sosial şəbəkədə yoldaşımın profilini açır. İlk əvvəl adını "Əhmədova Ruhiyyə” kimi yazıb və hər gün davamlı olaraq ilahiyyatçı Hacı Şahinlə bağlı çox ağır fikirlər yazılıb. Məsələn, onun siğəyə fətva verməsi (?) və yaxud Azərbaycanın demokratik ölkə olması, vətəndaşların çox firəvan, xoşbəxt yaşaması haqda sözlərini tənqid atəşinə tutublar. Hətta Hacı Şahin bununla bağlı onlara blok qoyur, buna baxmayaraq Rəsulova Əfsanənin nəzarəti altında olan həyat yoldaşım başqa profil açır. Yenə həmin mövzular davam etdirilir”.

Evində dini yığıncaqlar keçirilib

Bütün bunlar haqda çox gec xəbər tutduğunu deyən İ.Yusifovun sözlərinə görə, hətta o, evdə olmayanda Rəsulova Əfsanənin təşkilatçılığı ilə evində dini yığıncaqlar keçirilib: "Mən evdə olmadığım müddətdə evimdə dini yığıncaqlar keçirilib. Ölkənin əleyhinə danışılıb, şiələrə qarşı təbliğat aparılıb. Hətta mən evdə qanuna, İslama zidd olan dini kağızlar, broşurlar, təbliğat materialları və s. aşkar etdim”. 
O deyir ki, bu toplantılarda ancaq qadınlar iştirak edib: "Bu yığıncaqlarda ancaq qadınlar iştirak edib. Mən bütün bunlarla bağlı xüsusi xidmət orqanlarına, o cümlədən Prezident Administrasiyasına, Birinci xanım Mehriban Əliyevaya, Allahşükür Paşazadəyə, eləcə də bu işlə məşğul olan-olmayan bütün qurumlara müraciət etdim. Həmin materialları onlara da təqdim etdim. Ancaq dəfələrlə etdiyim müraciətlərə baxamayaraq, heç bir nəticə hasil olmadı. Cavab verdilər ki, sənin işin mülki xarakterlidir, məhkəməyə müraciət elə”.
İ.Yusifov deyir ki, həyat yoldaşı 2014-cü il yanvarın 30-da heç bir səbəb olmadan evi tərk edib: "Buna baxmayaraq, övladlarıma görə, mən ona iki dəfə evə qaytardım. Lakin bundan sonra evdə başqa-başqa tanımadığım adamların adına telefon nömrələri aşkarladım. Məsələn, Elçin Oruczadə adlı bir şəxsin adına nömrə var idi. Mənə məlumat verildi ki, həmin şəxs Qara Qarayevdə yaşayır, amma onun evinə baxış keçirmək istədikdə onu orda tapmaq olmayıb. Sonradan digər nömrələr də aşkarladım, lakin həmin şəxsləri tapmaq mümkün olmadı”. 
Həmsöhbətim bildirdi ki, həyat yoldaşı evdən qaçdıqda, hər dəfə onu MTN-ə məlumat verəcəyi ilə hədələyərək geri qaytarıb: "Yoldaşım əvvəl evdən qaçanda dalınca şəxsən özüm getməmişəm. Mən onu əlaqədə olduğu qadınların əli ilə tapmışam. Mən onları şifahi şəkildə təhdid edirdim, deyirdim ki, sizdən şikayət edəcəm. Belə ki, mən MTN-nin adını çəkən kimi onlar narahat olur, yoldaşımın evə qayıtmasını təmin edirdilər”.

"Dedi ki, əqidəmizi qəbul elə, həyat yoldaşın evə qayıdacaq”

İlqar Yusifovun dediyinə görə, yoldaşı növbəti dəfə evi tərk edəndə ona aldığı mobil telefon nömrəsini özü ilə aparmayıb. Sonradan onun əlaqələrini üzə çıxarmaq üçün həmin nömrəni özü işlətməyə başlayıb: "Bir gün mənə Məlahət İbrahimova adlı bir qadın zəng etdi. Məndən yoldaşımı xəbər aldı. Ona dedim ki, evi tərk edib, bəs siz kimsiniz? Danışıq zamanı kobud cavablar verdi və mən onun barəsində də şikayət edəcəyimi dedim. Yarım saat keçmədi ki, yoldaşım mənə zəng vurdu. Dedi ki, bir bacının evindəyəm, Qaraçuxur qəsəbəsində. Onun ardınca yenə mənim tanımadığım bir nömrədən İlham adlı bir şəxs zəng etdi. O, məni Qaraçuxur qəsəbəsinə çağırdı. Bildirdi ki, gəlib bizim əqidəmizi qəbul etdikdən sonra ailənlə barışmağını təmin edəcəm. Mənə izah edirdilər ki, bizdə 73 firqə var, sən bunun hansına daha çox inansan, onu qəbul edərsən. Mən ona cavab verdim ki, sən kimsən axı?! Dedim, mən arvad alanda səninlə razılaşıb alımışam?! Mən getmədim”.

"Yoldaşım deyirdi ki, sən mənim üçün naməhrəmsən”

Onun sözlərinə görə, ibadətlə məşğul olsa da, bu, həyat yoldaşını qane etməyib: "Bir dəfə gəlib gördülər ki, mən ibadət edirəm, namaz qılıram və s. amma yenə də onunla kifayətlənmədilər. Bunların fikri o idi ki, mən "qardaşlar”la tanış olum. Bu qardaşlar kim idi, nəçi idi, bilmirdim. Heç bilmək fikrim də yox idi. Odur ki, yoldaşım sonuncu dəfə 2014-cü il aprelin 16-da evi birdəfəlik tərk etdi. Həmin vaxt valideynləri mənimlə əlaqə saxladı ki, rayona gələcək, qoy gəlib biraz qalsın, biz onu özümümz başa salarıq. Nəhayət bir müddət sonra - may ayının 1-də yoldaşımı evə qaytarmaq üçün rayona getdim. Uşaqları götürdüm gəldim, özünü qaytara bilmədim. Dedi ki, mən məhkəməyə müraciət edəcəm. Ondan əvvəl bir dəfə də məhkəməyə müraciət etmişdi. Deyirdi ki, sən mənim üçün naməhrəmsən, kafirsən, bizim dediklərimizə əməl etmirsən, bizim təriqətə uyğun olan bir adam deyilsən və s. 
Mən uşaqları bir həftə yanımda saxladım. Yoldaşıma təzyiq göstərmək istəyirdim ki, bəlkə, uşaqlara görə evə qayıdar. O, qayıtdı, ancaq evə yox, gəldi məhkəməyə müraciət etdi”.

"Watsap profilinə İŞİD-in bayrağını qoymuşdu”

Məlumata əsasən, Pərvanə Yusifova hər dəfə məhkəməyə müraciət edəndə Rəsulova Əfsanə ona kömək edib: "Vaxtilə mənimlə qonşu olan Rəsulova Əfsanə sonradan Şabran rayonuna köçmüşdü. Onların məhkəmədə adamları belə var imiş. Çünki mənim yoldaşım dedi ki, səndən tez boşanmaqdan ötrü 800 manat xərcim çıxıb. Onun iddia ərizəsini adi bir dəftərxana işçisi yazmışdı və qarşılığında ona 60 manat pul verilmişdi. Mən həmin iddia ərizəsi ilə bağlı məhkəmədə hakim İlham Kərimliyə fikrimi bildirəndə, həmin işçi çağırılıb, izahatı alınıb və dərhal işdən uzaqlaşdırılmışdı”. 

İlqar Yusifov bildirir ki, mayın 8-də həyat yoldaşının iddiası əsasında hakim İlham Kərimlinin sədrliyi ilə məhkəmə prosesi başlayıb: "Yoldaşım məhkəmə proseslərinə gah anası, gata atası ilə gəlirdi. Hakim soruşurdu ki, sən niyə boşanmaq istəyirsən... Düzdür, yoldaşım mənim barəmdə mənfi heç nə demirdi. Əksinə deyirdi ki, bizə yaxşı baxıb, yaxşı dolandırıb, sadəcə olaraq boşanmaq istəyirəm. Mən İlham Kərimlini inandırdım ki, mənim yoldaşım radikal qruplaşmaya qoşulub. Çünki o, Rəsulova Əfsanənin təzyiqi, təhdidi altında gün ərzində 10 saatdan çox sosial şəbəkədə olurdu. Hətta watsap-ın profilinə İŞİD-in bayrağını qoymuşdu. Həmin şəkilləri mən İlham Kərimliyə təqdim etmişdim. O sənədləri də təqdim etmişdim ki, uşaqlarımla doğru-düzgün vaxt keçirmir, uşaqlarım təhsildən yayınır, tibbi yoxlamadan keçmir və s. Bununla bağlı faktlarım var. 
İlham Kərimli bu məsələ ilə bağlı işi Abşeron rayon Xırdalan şəhərinin Qəyyumluq şöbəsinə verdi. Prosesə həmin şöbənin əməkdaşı Hafiz Mikayılov sədrlik etdi. 

Həmin vaxt mənim yoldaşım Binəqədidə "11-ci şosse” deyilən ərazidə kirayədə qalırdı. Valideynləri də rayondan köçüb gəlmişdilər. Ondan qabaq isə həmin Rəsulova Əfsanənin bacısı və qardaşıgildə də qalıb.

Onu da deyim ki, rayonda olanda yoldaşım anası ilə dalaşıb. Anası irad tutub ki, başqalarının ərləri içki içir, qumar oynayır, arvadbaz olur, yenə dözüb otururlar, amma bu adamın heç bir pis əməli yoxdur, sən niyə belə edirsən?! O da deyir ki, özüm bilirəm. 
2014-cü il iyunun 28-də uşaqların ad günü idi. Rayona getmişdim ki, həm uşaqları görüm, həm də onlara hədiyyə aparmışdım. O, məndən sonra çıxır gəlir Bakıya, həmin dediyim evə. Rəsulova Əfsanənin qardaşı Rəsul işə gedəndə hər gün qapını çöldən bağlayıb gedirmiş. Orda mənə qarşı nifrət oyadırlarmış ki, sənin boşanmağın düzgündür, İlqar bizlərdən deyil, bizim prinsiplərimizi qəbul etmir...”. 
İ.Yusifov iddia edir ki, yoldaşının Binəqədidə kirayədə qaldığı ev haqda MTN əməkdaşlarına məlumat versə də, ona həmin əraziyə yaxınlaşmamaq tapşırılıb: "Mənə MTN-dən dedilər ki, o evə yaxın getmə. Səbəbini soruşdum, dedilər ki...”

(Ardı var)

MTN-nin aylarla izlədiyi ailə Suriyaya necə getdi...?
MTN-nin aylarla izlədiyi ailə Suriyaya necə getdi...?

A N O N S

- MTN nə üçün İlqar Yusifova Binəqədidə radikal dini qruplaşmanın olduğu evə yaxınlaşmağa qoymayıb?
-Həmin radikal qruplaşmanın Suriyada həlak olan üzvü kimdir və ölməmişdən qabaq hansı açıqlamalar verib?
- İ.Yusifovun həyat yoldaşı və uşaqları nəzarətdə olmalarına rəğmən, ölkəni necə tərk edib?
- Ailənin ölkədən çıxarılmasında MTN-in həqiqətən marağı olub? 
Bu və digər sualların cavabını bilmək istəyirsinizsə, növbəti sayımızı izləyin.


"Hurriyyet.az"

MTN-nin aylarla izlədiyi ailə Suriyaya necə getdi...?

Administratorla əlaqə

077 611-55-22

[email protected]