Yaşam

Günəbaxan tumları təhlükəlidirmi?

3-03-2016, 02:04
Azad İstehlakçılar Birliyinin sədri: "Günəbaxan tumunun istehsalçıları sonu görünməyən xəstəlik şəbəkəsi də yarada bilərlər”

Son günlər sosial şəbəkələrdə və mətbuatda "Beloçka” günəbaxan tumlarının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olması ilə bağlı məlumatlar yayılır. Məlumatlarda bildirilir ki, yüksək temperatur altında qurudulan "Beloçka” tumları qablaşdırıldıqdan sonra kiflənir. Bundan istifadə zamanı insanlarda müxtəlif xəstəliklər əmələ gəlir. 

Ümumiyyətlə satışda olan günəbaxan tumlarını insan səhhəti üçün zərərli olması, onların qeyri gigiyenik şəraitdə qablaşdırılması haqqında bu kimi fikirlər tez-tez səsləndirilir. Bu gün mağazalarda müxtəlif adda və qiymətdə günəbaxan tumları satılır. Hətta bu tumların içərisinə hədiyyəli kuponlarda yerləşdirilir. Ancaq hədiyyə kampaniyasının müddəti bitsə də, hədiyyəli yazılan tumlar satışdan yığışdırılmır. Bu da istehlakçının aldadılmasıdır. Bu cür tumların uduş aksiyalarında pulsuz dəqiqələrdən tutmuş avtomobilə qədər uduşun olduğu deyilsə də, bu günə kimi heç kim günəbaxan tumlarından ya hansısa məişət avadanlığı, yada ki, avtomobil qazanmayıb.   

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov günəbaxan tumlarının hansı şəraitdə doldurulması barədə heç bir məlumatın olmadığını dedi: "Tum çırtlamaq böyük mədəniyyətsizlikdir. Çox təəssüf ki, Azərbaycan xalqında bu var. Mən bu halı Türkiyədə də görmüşəm. Gürcüstanda, Rusiyada və digər xarici ölkələrdə mən tum çırtlamaq görməmişəm. Çox təəssüf ki, türklərdən Azərbaycana ixrac olmuş bu mədəniyyətsizlik  geniş yayılıb. Keçmişdə də bu var idi. O vaxtlar günəbaxan tumları qablarda, stəkanlarla satılırdı. Mənim fikrimcə tum və saqqız kimi məmulatların satışına son qoyulmalıdır. İnsanların naməlum xəstəliklərə, mədə bağırsaq xəstəliklərinə tutulmasında tumların böyük rolu var. Bu azmış kimi hələ o günəbaxan tumlarına uduşlu kuponlar qoyun stimullaşdırıcı işlər görürlər. Təəssüflər olsun ki, dövlət qiymətli kağızlar və Azərlotoreya bu cür anormal halı pul qazanmaq xatirinə stimullaşdırır. Bir sözlə Azərbaycanda pul qazanmaq xatirinə insanların sağlamlığına zərər vurulur. Bu yol verilməzdir. Sizin qəzet vasitəsilə Azərlotoreyanı ciddi tənqid edirəm. Əhalinin mentalitetini pozan tum biznesinə son qoyulmalıdır. Kuponlarla bağlı satışda da problemlər yaşanır. Azərlotoreya 7 nömrəli kuponu qoyulmadığını demişəm və bu sahədə şəffaflıq yaradılmasını xahiş etmişəm. Lakin Azərlotoreya buna əhəmiyyət verməyərək əhalinin aldadılması üçün şəraiti genişləndirir. Azad İstehlakçılar Birliyinə məsələni araşdırmaq üçün də heç bir şəffaf mühit yaradılmayıb. Bu günə baxan tumlarının istehsalında şəffaflıq yoxdursa, hər cür şərait ola bilər. Hətta bunun istehsalçıları istəsələr Azərbaycanda sonu görünməyən xəstəlik şəbəkəsi də yarada bilərlər. Bu müəyyən bir partiyası yoxlamadan keçməyən əcaib bir biznesdir. Əlbəttə hər cür günəbaxan tumu ola bilər. Onların içərisində insanları tədricən zəhərləyənləri də ola bilər. Bu günəbaxan tumlarının harada necə doldurulduğu barədə heç bir məlumat yoxdur. Səhiyyə Nazirliyi də nəyə desən gigiyenik sertifikat verir. Guya hər şey yaxşı və keyfiyyətlidir”.

Günəbaxan tumlarının insan səhhəti üçün zərərlərinə gəlincə isə həkimlər tumların insanda ilk növbədə psixoloji asılılıq yaratdığını deyir. Yəni insan bu məşğuliyyətə başladıqda uzun müddət dayana bilmir. Qovrulma zamanı tumlarda olan faydalı qida maddələri parçalanaraq effektivliyini itirirlər. Biz də qovurulmuş tumlara üstünlük verdiyimizdən onların orqanizmə faydalılığı sual altında qalmış olur. Həmçinin səs telləri və ağ ciyərləri ilə problemləri olan insanlar günəbaxan tumlardan uzaq durmalıdırlar. Çünki tumlar bu orqanları çirkləndirir. Ancaq normal vəziyyətdə istehsal edilən, qablaşdırılan günəbaxan tumları çox istifadə edilmədiyi halda insan səhhəti üçün faydalıdır.  

Belə ki, Günəbaxan tumunun tərkibində mis, sink, dəmir və lif var. Bunlar qırmızı qan hüceyrələrinin çoxalmasını təmin edərək bədənə oksigen daşınmasına, immunitet sisteminin qorunmasına, qan şəkərinin və qan xolesterin  tarazlığının gözlənilməsinə və qəbizliyin önlənməsinə dəstək olur. 30 qram günəbaxan tumu gündəlik E vitamini ehtiyacını qarşılamağa qadirdir. Mütəxəssislər gün ərzində E vitamini ehtiyacını qarşılayan insanların ürək xəstəliklərinə yaxalanmaq riskinin yarıbayarı azaldığını bildirirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]