Maraqlı

Bu gün Azərbaycanda Çillə gecəsidir

21-12-2015, 14:13
Bu gün Azərbaycanda Çillə gecəsidir Xeberman.com-un məlumatına görə, AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli "Report"a bildirib ki, dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsidir:

"Bu gün 14 saat 51 dəqiqə gecə, 9 saat 9 dəqiqə gündüz olur. Dekabrın 21-dən etibarən günəş Azərbaycana 26.5 dərəcə bucaq altında düşür".

O deyib ki, qədim türklər qış fəslini 3 yerə bölürdülər:

"Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir. Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə "Böyük çillə" mərasimi keçirilir. Bununla da Novruz mərasimləri başlayır. Böyük çillə təxminən fevral ayının 1-2-si bitir".

Mütəxəssisin sözlərinə görə, Çillə gecəsinin ritualı hazırda Azərbaycanın bir çox bölgələrində unudulsa da, Naxçıvan ərazisində qalıb:

"Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Naxçıvanda dekabrın 21-i gecə payızın son aylarında tağdan dərilib saxlanılan "çillə qarpızı" kəsilir. Xalq düşüncəsinə görə, qarpız kəsiləndə onun içində olan zoğlara, əlamətlərə əsasən qışın necə keçəcəyi müəyyənləşdirilir".

A.Əhmədli çillə gecəsində əsasən xəmir xörəklərinin bişirilməsinə üstünlük verildiyini bildirib. O deyib ki, həmin gün hədik aşı və xəşil bişirərlər:

"Qoz (cəviz) halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır".

Çillə sözünün mahiyyətinə gəlincə alim qeyd edib ki, bəzi mənbələr "Çil" sözünü "çehl" sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan "çil" sözü ilə əlaqələndirirlər:

"Mən ikinci izahı qəbul edirəm. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır".

Mütəxəssis həmçinin qeyd edib ki, bu bayram türk mənşəyi, mifologiyası, dünyagörüşü ilə daha çox bağlıdır:

"Təəssüf ki, sonralar ayrı-ayrı psixologiyanın xalqlara təsiri bu kimi ənənələri unutdurub. Bu bayram farsların və kürdlərin bayramı kimi düşüncələrə həkk olunub. Amma bu bayram qədim türk düşüncəsinin, mifologiyasının məhsuludur".

Administratorla əlaqə

077 611-55-22

[email protected]