Əsas Səhifə / Ölkə

Azərsun, sən daxili istehsalçı deyilsən, banka, butulka dolduransan - Əgər bu pişikdirsə, ət hanı, əgər bu ətdirsə, onda pişik hanı?

18-01-2016, 19:04
Azərsun, sən daxili istehsalçı deyilsən, banka, butulka dolduransan	- Əgər bu pişikdirsə, ət hanı, əgər bu ətdirsə, onda pişik hanı?

Son günlərin hadisələri məni də axırda iqtisadi məsələlərə maraq göstərməyə vadar etdi. Azərbaycan məkanında ən böyük şirkətlərdən biri olan və rəsmi mənbələrdə daxili istehsalçı qismində təqdim edilən "Azərsun Holdinc”in son acıqlaması məni sözün düzü elə heyrətləndirdi ki, təəccübdən əyilən cənəm hələ də avtoservisdə, dəmircinin yanındadır.

Yaxşı, ay başına döndüyüm, o Molla Nəsrəddin həyat yoldaşına demişkən: əgər bu pişikdirsə, ət hanı, əgər bu ətdirsə, onda pişik hanı.
Yaxşı mən kəmsavad belə anlayır və dədə-babadan belə görmüşəm ki, həyətdə, bostanda, nə bilim evin damında nəsə əkirsənsə və sonra ona qulluq edib becərirsənsə və sonda onu yeşiyə qoyub bazara aparırsansa, buna bizim dildə deyilir "daxili istehsal”. Bəlkə Azərsunda bizim dili bilən yoxdur? Bir tərcüməçi lazımdır?
Gəl sənə bir neçə savadsız sual verim:

– Sənin bizə satdığın, Zahid demişkən, tomatın nəyi isə xaricdən niyə gətirilir? Məyər Xacmaz zonasına nüvə başlıqlı raketlə zərbə endiriblər? Yoxsa pomidorlar Xacmaz torpağına "sanksiya” elan ediblər? Niyə bəs bu torpaqlarda pomidor və kənd təsərrüfatı məhsullarını əkmədən, becərmədən, xaricdən konsentrat gətirib, bankalara doldurub bu millətə sırıyırsınız?

– O boyda Lənkəran SSRİ-ni çayla təmin edirdi. İndi sən bizə güya "Tam ətirli Seylon” çayı satırsan. Orda Seylonun adresindən bir qırıq olsa, onda o çay aparan TIR maşınınla gəl mənim üstümdən keç. Çay da stəkana girər-girməz bizim qonşu Tükəzban arvad kimi qızararmı? Çay da dəm almamış Fransız ətiri kimi iyi aləmi bürüyərmi? Ya sənin çaydan başın çıxmır, ya da mən heç ömrümdə çay görməmişəm. Bəs ay daxili istehsalçımız, niyə Lənkəran zonasında çay plantasıyaları yaratmaqdan vaz keçib, saman çöpünə rəng yaxıb, qutulara dolduraraq "daxili istehsal” adı ilə bizə soxuşdurdunuz və hələ bir xammalı da qalxdı oldu brilliant qiymətinə?

– Zamanlar vardı ki, günəbaxan yağında nəsə bişirəndə, ətraf məhəllədə ətrindən ac adamın qarnı quruldayırdı. İndi sənin istehsal etdiyin "Günəbaxan” yağının qoxusu Ceyms Bond kimi elə gizli qalır ki, kriminalistlər onu hec böyüdücü şüşə ilə də tapa bilmirlər. Yaxşı mənə de görüm, Azərbaycanın torpağı Ağcaqum səhrasıdır ki, burada günəbaxan bitmir? Ay başına dönüm, mənim həyətimdə bir günəbaxan toxumunu yerə basdıranda,”Galonvagenin” təkəri boyda yetişir, bəs sən niyə bunu da xammal kimi dollarla alırsan? Bu bir yana, o günəbaxan yağının özünü heç günəbaxana göstərmisən? Onun günəbaxandan xəbəri var?

– İstehsal etdiyin şəkər tozu, qəndin şəkərliliyi bir yana, mən ölüm onu nədən istehsal edirsən ki, o da dolları görüb general olub? Axı yadımdadır ki, aləmə car çəkdin ki, "Artıq daxildə əkin başlanıb, şəkər çuğundurundan istehsal edilir”. O şəkər çuğunduruna mənim yerimə bir sual ver: qohumları Amerikada yaşayır ki, o da dollara görə bahalaşıb?

Nəsə hələ çox şeyi yazmıram. Abrıma bükülüb qalmışam, ay Azərsun. Gəl düzün danışaq ki, sən "daxili istehsalçı” deyilsən, banka, butulka dolduransan. Daxili istehsalı mən sənə yuxarıda göstərdim.

İstəyirsən anla, istəyirsən anlama. Ancaq axırda mən deyən olacaq. Zaman gələcək ki, sənin kimi "istehsalçıları” qovub pişiyi it damına saldıqları kimi salacaqlar Azərbaycandan kənara. Düzünü deyim ki, vallahi lap haqq edəcəklər…

Abuzər ƏBİLOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]