Kriminal

Qız qaçırıb həbsə düşənin anasından - Müraciət

2-03-2016, 23:54

«Qız qaçırma ata-babadan el adəti olub ki, belə qızqaçırmalarla Azərbaycanda çoxlu sayda ailələrin təməli qoyulub, xoşbəxt yaşayıblar».

«Oğlum Vüsal İsmayılov Ələddin oğlu 144.2.3-cü maddə ilə təqsirli bilinib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 iyul 2015-ci il tarixli hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasını 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Vüsal törətdiyi cinayət əməlindən çox peşmandır. O, bu cinayəti törətməzdən əvvəl əməlinin cinayət tərkibli olduğunu bilməyib».

Bu sözləri TİA.AZ-a Göyçayın Xəlitli kəndi sakini Almarə İsmayılova Piri qızı məktubunda yazıb.

Onun sözlərinə görə, oğlu evlənmək üçün Mələk Piriyeva Qorxmaz qızını qaçırıb: «Başqa çirkin, pis niyyəti olmayıb. Çünki xəstəyəm, köməyim yoxdur deyə Vüsal sevdiyi Mələk Piriyevanı evlənmək niyyəti ilə qaçırıb.

Ancaq biz toy-düyün, şənlik xoşbəxtlik düşündüyümüz halda başımıza belə bir ağır bəlalar gəldi. Qız qaçırma ata-babadan el adəti olub ki, belə qızqaçırmalarla Azərbaycanda çoxlu sayda ailələrin təməli qoyulub, xoşbəxt yaşayıblar. Bu cinayət əməli olduğu üçün oğlum və onunla birgə bu cinayəti törədənlər cəzalanıblar.

Ancaq Vüsalın ciddi xəstə olmasını, törətdiyi əməlindən peşman olmasını, zərərçəkən Mələk Piriyeva və onun ailəsi ilə barışıq əldə etməyimizi, onların bu barədə yazdıqları barışıq ərizəsini, həbsdə olduğu müddətdə Vüsalın nümunəvi davranışını və sairə yüngülləşdirici halları nəzərə alıb onu həbsdən azad etmək və ya cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılmasını əfv sərəncamı ilə təmin etmək olar.

Buna görə ümüdümüz Allaha və Sizin kimi mərhəmətli Prezidentimizədir. Vüsal əməlindən tam peşmandır, həbsdə rejim qaydalarına riayət edir. Özüm ciddi xəstə olduğum üçün çox əziyyət çəkirəm, baxanım yoxdur. Ağlımıza gəlmədiyi halda belə bir bəla ilə üzləşdik, ağlamaqdan gözlərimin yaşı da quruyub. Mənim oğlum Vüsalı əfv edilib azadlığa, əzizlərinə qovuşmağıma kömək etsəniz elə bilərəm mənə şəfa verəcəksiniz». 

Administratorla əlaqə

077 611-55-22

[email protected]