Ölkə

Restoran qiymətləri ailə qurmaq istəyənləri çətinə salıb - FOTOLAR

14-02-2016, 19:15
Böhran dövründə toy etmək istəyən cütlükləri düşündürən əsas məsələ qiymətlərdir. Devalvasiyadan sonra toy biznesi zəifləsə də, restoranlar qiymətlərdə endirim etməyib. Vətəndaşların aylıq gəlirini nəzərə alsaq, demək olar ki, bir çox şadlıq saraylarına yaxın düşmək mümkün deyil. 

Musavat.com saytının əməkdaşı son durumu öyrənmək üçün bir neçə restoran və şadlıq evinə baş çəkib və qiymətlərlə maraqlanıb.
  
İlk üz tutduğumuz məkan "Badi-səba” şadlıq evidir. Bu məkanın administratoru ilə söhbətimiz zamanı aydın olur ki, manatın devalvasiyasına baxmayaraq, qiymətlərdə dəyişiklik yoxdur: "Menyularımız 35 manatlıqdır. Lakin müştərinin maddi imkanını nəzərə alırıq. Spirtli içkilər olmasa, 27 manata razılaşarıq. Böhrandır, manat dəyərdən düşsə də, biz qiymətlərdə dəyişiklik etməmişik. Gəlin maşını, dəvətnamə, tort, zər və şar yağışı bizdən hədiyyədir”.
  
"Röya” şadlıq sarayından bildirdilər ki, menyu 35 manatdan başlayır: "Müştərilərin maddi durumunu, istəklərini nəzərə alırıq. Lakin öz adımızı da qoruyuruq. Mənim üçün hər mərasim reklamdır, keçirilən hər toy bizə başqa mərasim və müştərilər qazandırmalıdır. Zalımız  hazırda 370 nəfərlikdir. Qonaq sayı çox olanda masaların sayını artırırıq. Toydan bir gün əvvəl müştəri gəlir, mətbəx və ərzaqlarla tanış olur. Menyularımız 35 manatdan başlayır. Spirtli içkisiz 30 manata müştəri ilə razılaşırıq. Kran çəkilişimiz var, bəy-gəlinə avtomobil, dəvətnamə, tort və zər yağışı hədiyyə edirik”.

"Ağ çiçəyim”in administratoru isə qeyd etdi ki, menyular 45 manatdan başlayır: "Zalımız yeni təmirdən çıxıb. Menyu qiymətləri 45 manatdan başlayır. Spirtli içkisiz isə 40 manata kimi endirim edirik. Ondan aşağı qiymətləri endirə bilmərik. Böhrandır, müştərilər bizi də başa düşməlidir”.

"Ramin” şadlıq sarayından bildirdilər ki, menyu qiymətləri 30 manatdan başlayır. Lakin qonaq sayına və toyun hansı ayda olmasından asılı olaraq, müştərilərə güzəştlər edilir. 

"Piano” şadlıq sarayının əməkdaşı qeyd etdi ki, restoranda qiymətlər 50 manatdan başlasa da, müştərilərə güzəştlər edirlər: "Menyumuz 50 manatlıqdır. Heç nə çıxarılmadan 40 manata da razılaşarıq. May ayında toy edənlər az olduğu üçün qiyməti 35 manata endiririk”.

May ayında toy etməyə hazırlaşan Rəsul Qurbanov saytımıza açıqlamasında qeyd etdi ki, paytaxtın bir çox restoranlarına baş çəkib, lakin qiymətlər ürəkaçan deyil: "Xudafərin” şadlıq sarayının bir neçə zalı var. Kiçik zallarda qiymətlər 35, böyüklərdə 45 manatdan başlayır. Böhrana baxmayaraq, endirim etmirlər. Kiçik zala verilən menyunu da böyük zala vermirlər. Bildirirlər ki, vergiyə görə bu addımı ata bilməzlər. 

"İmperial” restoranında menyu 40 manatdan başlayır. Lakin toyların çox olduğu vaxtlarda endirim etmirlər. Mən may ayında toy etmək istədiyimi bildirəndə isə 35 manata razılaşacaqlarını bildirdilər. "Versal Palace”dan isə bildirdilər ki, qiymətlər 80 manatdan başlayır. Qiymətlər çox bahadır. Böhran dövrüdür, restoranlar güzəştə getməyi bacarmalıdır”. 

Könül İbrahim,
Musavat.com 

 




Administratorla əlaqə

077 611-55-22

[email protected]