Ölkə

“Şadlıq saraylarının arxasında məmurlar dururlar”

31-10-2015, 17:33
“Şadlıq saraylarının arxasında məmurlar dururlar”

"Şadlıq saraylarının arxasında dövlət məmurlarının durmasının sübutlarından biri də budur ki, vətəndaşlardan külli miqdarda pul alınır, amma kassa çeki verilmir".

"Dövlət orqanları, o cümlədən Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çox əhəmiyyətli iş görərək şadlıq sarayları üçün standartlar hazırlayıb. Eləcə də Səhiyyə Nazirliyinin müvafiq orqanları müəyyən işlər görüblər. Lakin vəziyyət ürəkaçan deyil, istehlakçı hüququ arxa planda qalır". Bu sözləri "Zaman-Azərbaycan" qəzetinə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi. Ekspertin sözlərinə görə, əksər şadlıq evlərində standartların tələblərinə əməl olunmur, hətta uşaq əməyindən istifadə olunur: "Bizdə olan məlumata görə, 3-cü mikrorayon ərazisində yerləşən şadlıq saraylarından birinin zirzəmisində özləri üçün lazım olan spirtli içkilər, sular bağlanır, qablaşdırılır. Hətta saxta "Slavyanka" suları da hazırlanır. Əhalinin hüquqlarının kütləvi pozulması, zəhərlənmə halları baş verir, digər ciddi məsələlər də var. Şadlıq saraylarının arxasında dövlət məmurlarının durmalarının sübutlarından biri də budur ki, vətəndaşlardan külli miqdarda pul alınır, amma kassa çeki verilmir. Heç bir rəsmi sənəd verilmir, vətəndaşlarla müqavilə bağlanılmır. Əgər zəhərlənmə olarsa, heç kəs cavabdehlik daşımır".

Ekspertin fikrincə, saraylar elə qurulub ki, bütün planlar insanların toydan tez çıxıb getməsinə hazırlanıb. Buraya səsin çox olması, isti havada kondisionerin söndürülməsi və digər "xidmətlər" daxildir".

"Nə qədər ki, alternativ yoxdur, bu biznes insanları aldadacaq"

Eyyub Hüseynov bildirdi ki, şəxsən özü də bu hallarla rastlaşıb: "Oğlumun toyunda plovun əvvəlcə verilməsi üçün, səsin azaldılması üçün çox əziyyət çəkdim. Bu məsələ hamımızın başına gəlib. Nə üçün vəziyyət belədir? Niyə bu problemlər həll olunmur? Ona görə ki, tələb təklifi üstələyir. Belə olan halda, həmişə bazarda keyfiyyətsiz mal və xidmət meydana çıxır. Nə qədər ki, alternativi yoxdur, bu biznes insanları aldadacaq. Fikrimcə, alternativ müasir palatka toyları ola bilər. Zövqə görə yaxşı dizayn olunub, daha ucuz variantda alternativlər ola bilər. Əgər belə olarsa, şadlıq saraylarında qiymətlər aşağı düşəcək. Bu gün əhalinin şadlıq saraylarına verdikləri pulun toy sahiblərinə, bəy və gəlinə heç bir faydası yoxdur. Əhali o təmtəraqlı şadlıq saraylarını saxlamaq üçün, onları inkişaf etdirmək üçün əllərində olan pulun hamısını ora verir".

"İnsan həyatını və sağlamlığını təhdid edən nöqsan yoxdur"

Həmsöhbətimizin standartların yerinə yetirilməməsi ilə bağlı fikirlərinə münasibət öyrənmək üçün Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq. Komitə təmsilçisinin sözlərinə görə, şadlıq saraylarında qanunvericiliyə uyğun olaraq, nəzarət tədbirləri həyata keçirilir, müəyyən nöqsanlar aşkar edilərsə, qarşısı alınır: "Bildiyiniz kimi, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması ilə bağlı qanun qəbul edilmişdir. Bu qanunun icrası ilə bağlı cənab Prezident fərman verib. Bu fərman sahibkarlıq sahəsində aparılan işləri daha da intensivləşdirəcək. Sahibkarların daha çevik, daha müasir xidmət təşkil etmələrinə, standartların tətbiqinə bilavasitə köməyi olacaq. Ona görə də biz hesab edirik ki, şadlıq sarayları bu standartlara bundan sonra özləri ciddi nəzarət etməklə, standartların tələblərini yerinə yetirməklə keyfiyyətli xidmət göstərəcəklər".

İnsan həyatını və sağlamlığını təhdid edəcək səviyyədə nöqsanların olmadığını bildirən komitə sözçüsü bildirdi ki, standartlara əməl olunmadığı aşkar edilən vaxt dərhal qarşısı alınır: "Standartların yerinə yetirilməməsi, vətəndaşları narahat edən məsələlərlə bağlı konkret fakt, şikayət olan kimi müvafiq tədbir görürük".
"Zaman Azərbaycan"

Administratorla əlaqə

077 611-55-22

[email protected]