Ölkə

“Azərsu” rəhbərinin qohumu Xətai sakinlərini incidir – ŞİKAYƏT

12-02-2016, 20:39

"KAT” MTK nümayəndəsi: "Bu müddətdə üzərimizə borc yazılır və şəhərciyin suyunu kəsməklə təhdid edirlər”

Azərbaycanda bəzi məmurların öz vəzifə səlahiyyətlərindən və qohumluq əlaqələrindən istifadə edərək vətəndaşları incitməsi barədə mətbuat çox yazıb. Qafqaz Xəbər Agentliyiolaraq, biz də öz növbəmizdə müxtəlif məsələləri işıqlandırmış, vətəndaşların problemlərini həll etməyə çalışmışıq. Bu günlərdə Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən "KAT”MTK Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı Bəhruz Hüseynov Qafqaznews.az saytına müraciət edib.

O qeyd edib ki, təmsil etdiyi "KAT” MTK 1998-ci ildə yuxarıda göstərilən ünvanda "şəhərcik” salıb və son binanın inşası 2006-cı ildə başa çatıb: "Bu şəhərcikdə 10 bina var. Həmin binaların su təchizatı problemi 1998-ci ildə tərəfimizdən həll olunub və sayğaclar quraşdırılıb. Bu müddətdə mənzillərdən topladığımız kommunal xərcləri ilə əvvəl hər ay 580 manat, sonra 650 manat pul ödəmişik. 2012-ci ildən etibarən isə Xətai Su-Kanal İdarəsindən 1500 manat tələb etməyə başladılar”.

O bildirib ki, kart sisteminə keçid zamanı şəhərcikdə yerləşən 250 mənzildə yeni sayğaclar quraşdırılması üçün "Azərsu”ya müraciət ediblər, lakin onlara bildirilib ki, "KAT” MTK bu sayğacları özü quraşdırmalıdır. "Biz hər mənzildən pul yığıb bu işi görə bilmərik. Əgər digər binalarda köynə sayğaclar yeniləri ilə əvəzlənibsə, eyni qayda bizim binalarda da tətbiq olunmalıdır”. O qeyd edib ki, 2013-2014-cü illərdə Xətai Su-Kanal İdarəsində Müştəri Xidməti Şöbəsinin rəisi olan Nicat Həşimova dəfələrlə müraciət etsələr də, hər zaman rədd cavabı ilə üzləşiblər: "Nicat müəllim dedi ki, bundan sonra hər ay 1500 manat verməlisiniz.

Borunun diametrini bəhanə edib, daha çox pul istəyirdi. Kart sisteminə keçməklə bağlı isə Nicat Həşimovla danışmaq mümkün olmadı. "Mən belə deyirəm”, "Qorxmaz Hüseynovun qohumuyam”, "Get kimə şikayət edirsən, et” kimi kobud ifadələrə yol verdi. Hər dəfə də bildirişləri müxtəlif adamlara qol çəkdirib bizə göndərirdi”. B.Hüseynovun sözlərinə görə, hazırda "Azərsu” onlardan 40-45 minə yaxın borc tələb edir: "Məbləğ çox olduğu üçün, biz verməkdən imtina etdik və dedik ki, gəlib sayğac qoysunlar, ya da supulunu sakinlərdən özləri toplasınlar.

Lakin bu müddətdə üzərimizə borc yazılır və şəhərciyin suyunu kəsməklə təhdid edirlər. 2011-2012-ci illərdə dəfələrlə Xətai Su-Kanal Departamentinin rəisi İntiqam Tağıyevə, Bakı Su-Kanal İdarəsinin rəisi Habil Quliyevə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova ərizə yazmışıq. Amma indiyə qədər ərizələrimizin heç birnə cavab ala bilməmişik”. Bu məsələ ilə bağlı "Azərsu”dan münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tamerlan Zeynallı

Administratorla əlaqə

077 611-55-22

[email protected]