Ölkə

Bakıda bina sürüşüb: 100-dən çox ailə təhlükə qarşısındadır - video

21-11-2016, 01:23
Bakıda bina sürüşüb: 100-dən çox ailə təhlükə qarşısındadır - video
Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 224/228 ünvanında yaşayan sakinlərin həyatı dözülməzdir. Yüzə yaxın ailənin mənzili olan bu bina hər an onların məzarına da çevrilə bilər. 

Belə ki, 1994-ci ildə sürüşmə nəticəsində yerindən 18 metr irəli sürüşən bina qəzalı vəziyyətə düşüb. Nəticədə binanın arxa hissəsi çökərək, əsl təhlükə mənbəyinə çevrilib. Hazırda kənardan baxarkən də binanın əyri olması gözə çarpır. 


Aidiyyatı qurumlar çökmə ehtimalını nəzərə alaraq, 16 mərtəbəli binanın 7 mərtəbəsini söküblər və bu yolla təhlükəni önləməyə çalışıblar. Lakin bina illərdir, bu vəziyyətdə olmasına baxmayaraq, aidiyyatı qurumlar problemi kökündən həll etməyiblər. 15 ildir ki, sakinlər bu vəziyyətdə yaşayır.

İki gün əvvəl isə binada silkələnmə olub, yuxarı mərtəbələrdəki panellər qoparaq  yerə düşüb. Sakinlər binanın çökməsindən ehtiyat edərək dərhal binanı tərk ediblər. Həmin günü bina sakinlərinin hamısı çöldə gecələməyə məcbur qalıblar. Zərərçəkənlər etirazlarını bildirmək üçün magistral yolu kəsməyə də cəhd göstəriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və sakinlərin etirazının qarşısı alınıb. Məsələyə müdaxilə edən aidiyyatı qurumlar isə problem ilə maraqlanacaqlarına dair söz veriblər.


Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin gileyini dinləyib. Onların dediyinə görə, hadisədən sonra aidiyyatı qurumlar söz versələr də, problemin həlli ilə maraqlanmayıblar.


Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərovla əlaqə saxladıq. O, bildirdi ki, İcra Hakimiyyəti tərəfindən lazımı tədbirlər görülüb: "Binada yaşayışın mümkünsüzlüyü ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Nazirlər Kabinetinə bildirmişik. Xətai Rayon İcra Hakimiyyəti təkcə bu binanın deyil, ümumilikdə rayon üzrə olan qəzalı binaların siyahısını təqdim edib. O binada yüzdən artıq məcburi köçkün ailələri məskunlaşıb. 1994-cü ildə isə bina yerindən sürüşərək qəzalı duruma gəlib. Həmin illərdə də qərar verilib ki, bina sökülsün. Söküntü işlərinə başlanılsa da, sonradan yarıda dayandırılıb. Buna baxmayaraq Xətai Rayon İcra Hakimiyyəti aidiyyatı instansiyalara müraciətlərini ünvanlayıb, sakinlərin həyatı üçün təhlükənin gözlənildiyini bildirib. FHN də binaya baxış keçirib, binanın həqiqətən də təhlükəli olduğunu qeyd edib. Hazırda isə Nazirlər Kabinetində bu işə baxılır. Sonuncu təhlükədən sonra sakinlər qorxu içində idilər. Biz onlarla söhbətimiz zamanı da bildirdik ki, hazırda məsələyə baxılır”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]