İqtisadiyyat

CAVİD QURBANOV AZƏRBAYCANIN MİLYARDLARINI "HAVAYA SOVURUB"?

31-08-2016, 15:40

Hökumət rəsmilərinə görə, bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir.

"Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” çərçivəsində Mumbaydan göndərilən sınaq qatarına yük tapılmayıb

2016-cı il yanvarın 12-də Bakıda "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər" adlı Beynəlxalq Forum keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "İran Dəmir Yolları" şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran Nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, Ukrayna infrastruktur nazirinin müavini Snitko Nikolay Petroviç, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniyin də iştirak etdiyi tədbirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivi ilə bağlı müsbət fikirlər səslənib.
Forumda çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov qeyd edib ki, ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşdiyindən, Azərbaycan Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsində önəmli rol oynayıb. Konkret olaraq Cənub-Qərb İran körfəzi-Qara dəniz nəqliyyat marşrutu haqda fikir bildirən C.Qurbanov deyib: "Bu tranzit dəhlizi tranzit daşıma yüklərinin Hind okeanı və İran körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas Limanlarına və ordan dəmir yolu xətti ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitdə çatdırılmasını təmin edəcək. İlkin hesablamalara əsasən, mövcud infrastrukturu nəzərə alsaq, Bəndər-Abbas limanından Poti və Batumi limanlarına yük daşımaları 7 gün, Mumbai limanından isə 14 gün ərzində reallaşdırmaq mümkün olacaq”. 
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri onu da deyib ki, Mumbai limanından Poti və Batumi limanlarına 20 funtluq konteynerlərin daşınması üçün məbləğ 2500 dollar, 40 funtluq konteynerlərin daşınması üçün isə 3500 dollar civarında nəzərdə tutulur. Onun sözlərinə görə, yeni tranzit dəhlizi İran körfəzi və Qara dəniz hövzəsində yerləşən ölkələr arasında ticarət dövriyyəsini artıracaq, iqtisadi və mədəni əlaqələri gücləndirəcək...

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti

Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma 12 sentyabr 2000-ci ildə Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında Sankt-Peterburq şəhərində bağlanıb. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistanın yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur. 
Ölkəmiz "Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş"ə 2005-ci ildə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmiryolu daşımalarına, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

İranla Azərbaycan arasında yeni körpü...

Azərbaycan prezdenti İlham Əliyevin 2016-cı il fevralın 23-də İrana səfəri zamanı "Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” imzalanıb. Bu ayın əvvəlində -avqustun 3-4-də isə Tehranda «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovla İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və nazir müavini - İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlərdə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb. Görüşdə qeyd edilib ki, ilk mərhələdə Astaraçay üzərində uzunluğu 101 metr olan körpünün birgə tikintisi, Astara (Azərbaycan) Astara (İran) dəmir yolu xəttinin İran sahəsində uzunluğu 1,7 km olan yolun və yük terminalının tikintisini İran tərəfi, Azərbaycan sahəsində 8,3 km yolun tikintisini isə Azərbaycan tərəfi həyata keçirəcək.
"Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır" – deyə C.Qurbanov bildirib.
O cümlədən "Rusiya Dəmir Yolları” ASC və "Azərbaycan Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyəti arasında Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa da gəlinib.
Azərbaycan üçün Şimal-Cənub magistralının Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) işləməsi strateji əhəmiyyət kəsb edir.
Yüklər alternativ marşrutlarla əvvəllər 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Yeni Transxəzər Nəqliyyat Marşrutu üzrə yüklərin daşıma müddəti Çindən Ələt limanına qədər, təqribən, 6 gün təşkil edəcək. Bu marşrut üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Hökumət rəsmilərinə görə, bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir.

Azərbaycanın "Şimal-Cənub dəhlizi”ndən gözləntiləri...

Yeri gəlmişkən, Şimal-Cənub magistralında yüklərin daşınması üçün müxtəlif marşrutlar nəzərdə tutulmuşdur. Onlardan biri Rusiya-Xəzər dənizi-İran, digəri Rusiya-Qazaxstan-Özbəkistan-Türkmənistan-İran, üçüncüsü isə Rusiya-Azərbaycan-İran
istiqamətlərində müəyyənləşdirilib.
Elə bu il avqustun 3-də Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq respublikalarının dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycan ərazilərindən keçəcək Şixezi - Dostık - Aktau - Ələt - Keşlə (4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Bu layihə çərçıvəsində cari ilin sentyabr ayında ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə göndərilməsi nəzərdə tutulur.
Lakin bu layihəyə milyardlarla dollar xərclənməsinə rəğmən, bugünlərdə Hindistanın Mumbay şəhərində baş verən xoşagəlməz bir hadisə Azərbaycanın Şimal-Cənub magistralından gözləntilərini alt-üst edir. "Hürriyyət”in əldə etdiyi məlumata əsasən, Mumbay şəhərindən göndərilən sınaq konteyner qatarı bir neçə gün gözləmək məcburiyyətində qalıb. Belə ki, sən demə, gecə-gündüz bu dəhlizin əhəmiyyətindən danışan Cavid Qurbanov Hindistandan Azərbaycana hansı yükü daşıya biləcəyimiz haqda bircə dəfə də düşünməyib. Bu baxımdan da sınaq konteyner qatarının yola salınmasına məsul olan Azərbaycan rəsmiləri Mumbay şəhərində günlərlə yük axtarmalı olub. 
Bu haqda əməkdaşımızı bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, Mumbayda axtarışlar səmərə vermədikdə Bakıdan dəstək istənilib. Nəticədə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmiləri Bakıda Hindistanla ticarət əlaqəsi olan iş adamlarının bir-bir qapısını döyərək, bu ölkədən daşınılası yük axtarıblar. Beləliklə, sınaq qatarı bir neçə gün gecikmə ilə Mumbaydan yola salınıb.

Cavid Qurbanovun məsuliyyəti...

Əldə etdiyimiz məlumata əsasən, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bu hadisəni çox ciddi-cəhdlə ölkə rəhbərliyindən gizlətməyə çalışır. Çünki prezident İlham Əliyev başda olmaqla əksər yüksək çinli məmurlar Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivinə hər zaman inamla yanaşıb. Doğrudur, zaman-zaman Rusiyanın təşəbbüsü ilə gündəmə gəlmiş bu layihənin Moskva tərəfindən TRASSEKA-ya alternativ düşünüldüyü və Azərbaycana böyük məbləğdə gəlir gətirməyəcəyi haqda fikirlər də səslənib. Bununla belə, məsələn, nəqliyyat naziri Ziya Məmmədovdan fərqli olaraq Cavid Qurbanov ölkə rəhbərliyini inandırmağa çalışıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan büdcəsinə böyük gəlirlər qazandıracaq. 
Əlbəttə, bu layihənin perspektivi ilə bağlı hökumət daxilində Cavid Qurbanov kimi düşünənlər də az olmayıb. Amma Mumbay olayından sonra çoxları belə bir suala cavab axtarıb düşünür ki, görəsən, Cavid Qurbanov Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində xərclənən milyardlarla pulunu həqiqətənmi "havaya sovurub”?! (Hurriyyet.Org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]