Şikayət

Məhbus əsgər Prezidentdən kömək istəyir

1-06-2021, 23:03
Bakı şəhəri Nizami rayonu 1 saylı cəzaçəkmə müəssisəsində saxlanan sabiq əsgər Məmmədov Elvin Arif oğlu "Şərq” qəzeti redaksiyasına məktubla müraciət edib.

Müraciətində həbsi ilə bağlı çıxarılmış qərarın ədalətsiz olduğunu iddia edən məhbus işinə yenidən obyektiv baxılması və barəsində qərəzsiz hökm çıxarılması üçün köməklik istəyib: "Mən 1992-ci ilin mayın 5-də dünyaya gəlmişəm. 2012-ci il 28 iyulda 161 saylı hərbi hissədə əsgər olarkən postda ehtiyatsızlığım nəticəsində əlimdəki xidməti silahın tətiyinə toxundum. Silahdan atəş açılaraq, əsgər yoldaşımın arxa yuxarı, kürək nahiyəsindən onu yaraladım. Hospitala aparılarkən yolda həyatını itirdi. Bu səbəblə məni həbs etdilər. 

İlk dəfə məni CM-nin 120.1 maddəsi ilə qəsdən adam öldürmə, 7 ildən 12 ilədək həbslə təqsirli biliblər. Halbuki silahla ehtiyatsız davranma nəticəsində məlum bədbəxt hadisə baş verib. Bu isə CM 350.2 maddəsi ilə silahla ehtiyatsız davranma nəticəsində adam ölümü 2 ildən 5 ilədək dəyərləndirilməli idi. İşimə düz baxılmadığı üçün müstəntiqdən şikayət etdim və 16 oktyabr 2012-ci ildə müstəntiq Tural Həsənliyə töhmət verilib. 

Etdiyim şikayətə görə müstəntiq töhmət aldığından 6 gün sonra məni çağırıb, təhqir edib və maddənin nəinki CM-nin 350.2 maddəsinə tövsif etmiş, əksinə CM-nin 120.1 maddəsindən daha ağır maddəsi olan 120.2.2-yə xuliqanlıqla adam öldürmək, 12 ildən 125 ilədək həbs cəzasına dəyişib. O maddəni ağırlaşdırmaqla qisas almaq istəyib".

Qərəzin qurbanı olduğunu iddia edən E.Məmmədov diqqətə çatdırıb ki, hadisənin xuliqanlıqla baş verməsinə dair heç bir sübut materialı və şahid olmaya-olmaya ona ədalətsizcəsinə ən ağır maddə tətbiq ediblər:

"Ortada ölüm faktı var. Mən cinayət etdiyimi boynuma alıram. Lakin layiqli cəza istəyirəm. Axı bu cinayət ehtiyatsızlıqdan olub. Mərhumu qəsdən və ya xuliqanlıqla öldürməmişəm. Əgər mən milyoner və ya nazir balası olsaydım, heç kəs haqsızlıq edə bilməzdi. Bilmirəm nəyə görə, hər zaman fəhlə balası əzilməli, haqsızlıq görməlidir? Tərtər hərbi məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişəm. Cəzamın əvvəli 1 avqust 2012-ci il tarixindən hesablanır. Hökmdən etiraz olaraq, apelyasiya şikayəti verdim və yenidən hakim qarşısına çıxarıldım. Məhkəmə zamanı mənim qəsdən və xuliqanlıqla adam öldürdüyümü təsdiq edəcək heç bir fakt aşkar olunmadı. Bununla belə məhkəmə haqq-ədaləti bərqərar edərək maddəmi CM-nin 120.2.2 maddəsindən 350.2-yə dəyişmək əvəzinə məndən işimi yüngülləşdirmək və maddəmi 120.1-ə dəyişmək üçün 15 min manat pul tələb etdilər. Belə olacağı təqdirdə mən 8 il iş alacaqdım və nəticədə hazırkı 13 il cəzamdan 5 il çıxarılacaqdı. Artıq 6-cı ildir, həbsdə olduğumdan bu tezliklə şərti olaraq azadlığa buraxıla biləcəkdim. Lakin mən halal zəhmətlə dolanan, 27 ildir və evsiz-eşiksiz kirayə yaşayan kasıb ailənin övladı olduğumdan tələb olunan 15 min manatı tapa bilmədim. Nəticdə Gəncə Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin ədalətsiz hökmünü qüvvədə saxladı. Qarşıda cəmi bir şansım qalıb – Ali Məhkəmə."

Həbsdə olduğu 6 il ərzində zərrəcə pis əməllərə meyl etmədiyini söyləyən məhkum onu da əlavə edib ki, ingilis türk, fars, ərəb və rus dillərini öyrənib: 

"Rus dilinə bir neçə aydır başlamışam. Həbsxana administrasiyası da məni nümunəvi islah olmuş məhkum kimi tanıyır. Çünki heç vaxt rejim qaydalarını pozmadım, dəfələrlə təşəkkürnamə aldım. Hazırda elmlə, mütaliə ilə məşğul olur, kitab və məqalələr yazıram. Sizdən xahiş edirəm ki, işimə yenidən obyektiv baxılmasına və barəmdə qərəzsiz hökm çıxarılmasına köməklik göstərəsiniz. Belə olacağı təqdirdə, mənim ehtiyatsızlıqdan cinayət törətdiyim tam sübuta yetəcək və ədalət bərqərar olacaq. Nəticədə mən azadlığa çıxıb, əzizlərimə qovuşacağam. 

Çox darıxmışam. Maddi imkanım olmadığımdan heç kəs, daha doğrusu əksəriyyət kömək etmir. Sanki insani duyğular, allahsevərlik, millətsevərlik yoxa çıxıb. Axı mən də bu vətənin övladıyam. Prezidentimizin əfvi üçün də heç bir vasitəçi kömək edənim yoxdur. İlk dəfə bir səhv etmişəm, çox peşmanam. Sizin köməyinizə möhtacam".

Administratorla əlaqə

077 611-55-22

[email protected]