Əsas Səhifə / Gündəm / Siyasət

Oqtay Gülalıyevin işi. Baş prokurora məktub

26-01-2021, 15:31

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva yanvarın 6-da Azərbaycanın baş prokuroru Kamran Əliyevə ərizə ilə müraciət edərək Oqtayın  bir ildən artıq komada olmasına səbəb olan həkimlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirib.  Prokurorluq və şəxsən baş prokuror “həkimlərin işi”nin araşdırılmasında maraqlı olduqlarını bildirsələr də müraciətə cavab gəlməyib. Bu iş hətta 2020-ci ilin sentyabrında ayrıca icraata götürülüb. Amma son vaxtlar belə təəssürat yaranır ki, işi ört-basdır etməyə çalışırlar.

Həkimlərə qarşı istintaq hərəkətləri 2019-cu il oktyabrın 29-da  28 May və Puşkin küçələrinin kəsişməsində Gülalıyevi avtomobilin vurması ilə bağlı insidentdən dərhal sonra başlanıb. Tam şüurlu vəziyyətdə olan və baş travmasından başqa digər hər hansı bir xəsarət olmayan O.Gülalıyev onu vuran sürücü tərəfindən 1 saylı Klinik Xəstəxanaya aparılıb. Sərbəst hərəkət edə bilib, hətta evə getmək istəyib. Həkimlərin sözlərinə görə, ilkin tomoqrafiya (MRT) beyindaxili qanaxma aşkar etməyib. Bundan sonra baş verənlər aşağıda dərc edilmiş baş prokurora məktubda göstərilib.

Lakin qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi Oqtay Gülalıyevin məhkəmədə iştirakının vacibliyinin qanunvericiliklə əsaslandırılaraq təxirə salınıb ki, bu da həm o vaxt, həm də absurddur. Ailənin demarşından və ictimai narazılıqdan sonra yol qəzasından bir il sonra Gülalıyevi avtomobil vurması faktı üzrə məhkəmə prosesi başlayıb. Bu cür yubanma hakimiyyətin insidentə bağlı olmasına dair müxtəlif şübhələrin yaranmasına səbəb olub. Həkimlərin işinə gəlincə, burada vəziyyət daha ciddidir və prokurorluğun hərəkəti həkimlərin qəsdən yardım göstərməməsi və ya səriştəsizliyi,  cinayətkarcasına səhlənkarlığı barədə versiyalara əsas verir. Məsələ isə təkcə Gülalıyevdə deyil. Sual yaranır: Belə tibb müəssisələri insanların həyatına təhlükə yaratmırmı? Bu, artıq şəxsi yox, ictimai problemdir.

Ağır kəllə-beyin travması halı ilə bağlı tibbdə deyilir:

“Kəllə-beyin travması alan şəxsə həkim yardımı lazımdır.

Təcili yardım briqadası zərərçəkəni travmatologiya və ya reanimasiya şöbəsinə aparır. Orada xəstə müayinə edilir, zərurət yarandıqda kəllə, boyun, onurğanın döş və bel şöbələrinin, döş qəfəsinin, çanaq  və ətrafların rentgeni çəkilir, döş qəfəsinin və qarın boşluğunun ultrasəs müayinəsi aparılır, analiz üçün qan və sidik götürülür. Həmçinin EKQ aparılması təyin edilə bilər. Əks göstəriş olmadığı təqdirdə (şok vəziyyəti) beyin KT aparılır. Sonra xəstəni travmatoloq, cərrah və neyrocərrah müayinə edir və diaqnoz qoyulur.

Nevroloq hər 4 saatdan bir xəstəni müayinə edir və onun vəziyyətini  Qlazqo şkalası üzrə qiymətləndirir. Şüur pozulduqda xəstəyə traxeya intubasiyası edilir. Sopor və ya koma vəziyyətində olan xəstəyə ağ ciyərlərin süni ventilyasiyası təyin edilir. Hematom və beyin ödəmi olan xəstələrdə kəllədaxili təzyiq mütəmadi olaraq ölçülür.

Zərərçəkənlərə antiseptik, antibakterial terapiya, gərəkirsə qıcolma əleyhinə preparatlar, analgetiklər, maqnezium, qlükokortikoidlər, sedatiklər təyin edilir.

Hematomalı xəstələrin cərrahi müdaxiləyə ehtiyacı var. İlk dörd saat ərzində əməliyyatın yubadılması ölüm riskini 90%-a qədər artırır.

Ağır KBT ilə ölüm riski 30-40%-ə qədər artır. Sağ qalanlar arasında təxminən yüz faiz əlillik var. Onun səbəbləri psixi və nitq pozuqluğu, epilepsiya, menengit, ensefalit, beyin absesi və s.

Kəskin mərhələnin qarşısı alındıqdan sonra xəstəyə kompleks reabilitasiya tədbirlərinin tətbiq edilməsi onun aktiv həyata qaytarılmasında böyük əhəmiyyət daşıyır.

Kəllə-beyin travmasının reabilitasiya istiqamətləri

Dünya statistikasının məlumatları göstərir ki, bu gün reabilitasiyaya yatırılan 1 dollar sabah zərərçəkmişin həyatını təmin etmək üçün 17 dollara qənaət edəcək.

KBT-dən sonra reabilitasiya ilə həkim-nevroloq, həkim-reabilitoloq, fiziki terapevt, ergoterapevt, masajçı, psixoloq, neyropsixoloq, loqoped və digər mütəxəssislər məşğul olurlar. Onların fəaliyyəti bir qayda olaraq, pasientn sosial aktiv həyata qayıtmasına yönəlib. Pasientin orqanizminin bərpası üzrə işi bir çox hallarda travmanın ağırlığı müəyyənləşdirir. Belə ki, ağır travma zamanı  həkimlərin səyləri tənəffüs və udma funksiyalarının bərpasına, kiçik çanaq orqanlarının işinin yaxşılaşdırılmasına yönəldilir. Həmçinin mütəxəssislər itirilə bilən ali psixi funksiyaların (qavrayış, təxəyyül, yaddaş, düşüncə, nitq) bərpası üzərində işləyirlər”.

Gülalıyevi müayinə edən türk həkimlər Azərbaycan həkimlərinin hərəkətlərindən çaşqınlıq içində idilər. Hansı tərəfdən baxsan, bunu cinayətkar hərəkət kimi qiymətləndirmək olar. İstanbulda “Avrasiya” və “Amerika” hospitalının türk həkimləri inanılmaz səylər nəticəsində Gülalıyevin həyatını qoruyub saxlaya bildilər. Lakin bütün bunları birinci vitse-prezident Mehriban Əliyevanın köməyilə həyata keçirmək mümkün oldu. Bakıda əməliyyat Respublika Neyrocərrahiyyə Klinikasının həkimləri tərəfindən ən son anda – 30 oktyabr 2019-cu il günorta, ölümün bir  addımlığında edilib. Sonradan O. Gülalıyevin Türkiyəyə aparılmasını və müalicəsini Heydər Əliyev Fondu təmin edib. Ötən il noyabrın 8-də Vətənə qayıtdıqdan sonra müalicənin davamı TƏBİB-ə həvalə edilib. Gündüz saatlarında Oqtaya baxmaq üçün tibb bacıları ayrılıb, lakin bahalı dərmanlar və xüsusi qidalanma ilə bağlı problem yaranıb. Bunlar son vaxtlar dostların vəsaiti hesabına alınırdı. TƏBİB dərmanlar və qida ilə təminatın vacibliyilə bağlı Gülalıyev ailəsinin siqnallarına heç bir reaksiya vermir. Əgər təcili tədbirlər görülməsə, Gülalıyevin həyatı təhlükə altında olacaq, zatən artıq təhlükə altındadır. Baxmayaraq ki, onun vəziyyəti gündən-günə yaxşılaşır və bunu tibbi personal söyləyə bilər.

Ailə  hesab edir ki, Oqtay Gülalıyevin müalicəsinə çəkilən bütün xərclər vaxtında və lazımi yardım göstərməyən, ağır nəticələrə gətirib çıxaran klinikaların üzərinə qoyulmalıdır.

Oqtay Gülalıyev hər zaman insanların harayına yetişən vətəndaş  kimi diqqətə və qayğıya layiqdir. Mübaliğəsiz demək olar ki, o, təqiblərə, təzyiqlərə baxmayaraq, hüquq müdafiəçisi kimi minlərlə vətəndaşa kömək edib. Azərbaycanın ən parlaq hüquq müdafiəçisidir. 2019-cu il oktyabrın 19-da baş vermiş yol-nəqliyyat qəzasından sonra Azərbaycanda hüquq- müdafiə hərəkatı nəzərəçarpacaq dərəcədə zəifləyib. Bu da danılmaz faktdır.

 

Azərbaycan Republikasının baş prokuroru

cənab Kamran Əliyevə

Oqtay Gülalıyevin həyat yoldaşı

Firuzə Rza qızı Gülalıyeva

ƏRİZƏ

Cənab baş prokuror,

Həyat yoldaşım, tanınmış hüquq müdafiəçisi Oqtay Gülaliyev 2019-cu il oktyabrın 29-da saat 17:20 radələrində Bakı şəhərində yolu keçərkən taksi sürücüsü tərəfindən maşınla vurulub. Hadisə baş verdikdən sonra Oqtay Gülaliyev ilk öncə 1 saylı Şəhər Xəstəxanasına, saat 23:00 ərəfəsində oradan “City Hospital”a köçürülüb. Baxmayaraq ki, “City Hospital”a transfer zamanı həyat yoldaşım artıq koma vəziyyətində idi, adı çəkilən hospitalda onun əməliyyatı daha 13 saat gecikdirilib. Oktyabrın 30-da saat 12:00 radələrində Oqtay bəyin ən kritik vəziyyətində onu əməliyyata alıblar. Əməliyyat ancaq Səhiyyə Nazirliyinin bu işə müdaxiləsindən sonra, nazirliyin göstərişilə Respublika Neyrocərrahiyyə xəstəxanasından göndərilən həkimlərin sayəsində baş tutub. Oqtay bəyin durumu qeyri-stabil olduğundan müalicəsinin davam etdirilməsi üçün Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın göstərişilə 2019-cu il noyabrın 5-də Türkiyəyə aparılıb.

2020-ci il noyabrın 6-da yenidən Bakıya geri gətirilmib, hazırda müalicəsi ev şəraitində davam etdirilir. Baş verən hadisədən 14 ay keçməsinə baxmayaraq, Oqtay Gülaliyev hələ də koma vəziyyətindədir. Neyro-mütəxəssislərin və həkimlərin də söylədiyi kimi, həyat yoldaşımın bu durumda olmasına səbəb onun əməliyyatının aşırı səviyyədə gecikdirilməsidir. Həkimlər tərəfindən verilən rəylərdə də qeyd edilir ki, Oqtay Gülaliyevin beynində qanaxma olduğundan dərhal əməliyyata alınmalıydı. Amma O. Gülaliyevə qeyd edilən 13 saat ərzində hər-hansı müdaxilə edilməyib, faktiki bu müddətdə o, heç bir neyrocərrah, həkim nəzarəti altında olmayıb.

Cənab baş prokuror, nəzərinizə çatdırmaq istəyirik ki Oqtay Gülaliyevin koma vəziyyətində gətirilməsinə səbəb “City Hospital”ın həkimlərinin kobud və məlum olmayan şəkildə səhlənkarlıq göstərməsi olduğu halda, xəstəxana rəhbərliyi keçən 14 ərzində heç bir məsuliyyətə cəlb edilməyib. Hazırda həyat yoldaşımın durumu orta-ağır olaraq qiymətləndirilir. Ona tibb bacıları və ailə üzvləri tərəfindən göstərilən vacib yardımları hesaba almadan, Oqtay bəyin ancaq Türkiyədən gətirilməli olan dərmanları 9300 manat civarında pul tutur. Yuxarıda qeyd olunann səbəblərdən hesab edirik ki, bütün bu xərclərin qarşılanması “City Hospital”ın rəhbərliyindən tələb edilməlidir.

Baş vermiş hadisə ilə bağlı açılan cinayət işində istintaqın ləng getməsi, habelə mənim və vəkilimiz Fuad Ağayevin ünvanladığı müraciətlərə cavab verilmədiyinə görə ailəmizin qanuni nümayəndəsi Mehman Əliyev bundan öncə də sizlərə müraciətdə bulunub. Həmin müraciətdən bir neçə gün sonra, sentyabrın 19-da vəkilimiz və qanuni nümayəndəmiz Mehman Əliyevi Nəsimi rayon prokuroru Həsən Hənifəyev qəbul edərək xəstəxanada baş verənlərlə bağlı açılmış digər cinayət işinin yekunlaşaraq məhkəməyə göndərilmək üzrə olduğunu bildirib. Amma növbəti 3 ayın keçməsinə baxmayaraq, təəssüf ki istintaq başa çatmayıb. Sizə müraciət etməyimizə səbəb bu məsələni öz şəxsi nəzarətinizə götürüb işin məhkəmə tərəfindən baxılmasının sürətləndirilməsini təmin etməyinizdir. Xahiş edirik ki, həyat yoldaşımın başına gətirilənlərə hüquqi qiymət verilməsindən ötrü məhkəmə prosedurunun başlanılması üçün gərəkli işlərin tezliklə görülməsinə dair öz tapşırığınızı verəsiz. Təşəkkür edirik.

Hörmətlə,

Firuzə Gülalıyeva

Turan.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]