İdman

Çempionlar Liqasında ilk iki xoşbəxti tapmaq üçün - PREVYU

6-03-2019, 08:42

UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, bu gün 1/4 finala çıxacaq iki komanda məlum olacaq.

00:00 “Real” (İspaniya) – “Ayaks” (Hollandiya)
“Santyaqo Bernabeu” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:1

Bu cütdə ardıcıl üçqat Çempionlar Liqasının qalibi olan Madrid klubunun növbəti mərhələyə çıxacağı şübhə doğurmurdu. Amma bu matçda müdafiənin mərkəzində “Real”da problem var. Komandanın kapitanı Serxio Ramos cəzalı olduğundan, bu matçda çıxış etməyəcək. Bu səbəbdən fransalı Rafael Varanın tandem yoldaşının Naço olacağı gözlənilir. Həmçinin, meydan sahiblərindən Markos Lyorente də zədəyə görə oynaya bilməyəcək.

Hollandiya çempionunda isə üç futbolçunun zədə səbəbindən oynamayacağı dəqiqdir. Bunlar burkina fasolu hücumçu Hassan Bande, yarımmüdafiəçi Karel Eitinq və argentinalı müdafiəçi Lisandro Maqalyandır.

00:00 “Borusiya” (Dortmund, Almaniya) – “Totenhem” (İngiltərə)
“Siqnal İduna Park” stadionu. Baş hakim: Dani Makeli (Hollandiya)
İlk oyun – 0:3

Almaniya çempionatında işləri heç də yaxşı getməyən, son turda uduzmaqla çempionluq şansını çətinə salan Dortmund klubunun elə bu matçda da işi asan olmayacaq. Çünki Almaniya klubu Londonda gözlənilmədən ağır məğlubiyyətlə üzləşdi. Buna görə bu matçda favorit İngiltərə klubu göstərilir.

Üstəlik, “Borusiya”da polşalı Lukaş Pişçekin və xorvat əsilli amerikalı Kristian Pulişiçin də zədə üzündən oynamayacağı bəllidir. “Tottenhem”də isə müdafiəçi Kiran Tripyer Almaniyaya gətirilməyib. Həmçinin, argentinalı baş məşqçi Maurisyo Poçettino bildirib ki, komandanın aparıcı oyunçularından olan Dele Ali zədədən sonra ilk məşqinə çıxıb. Bundan başqa, zədələrini sağaltmış Erik Dayer və Hari Uinksin bu matçda qayıdışlarını rəsmiləşdirəcəyi gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]