Əsas Səhifə / Gündəm

Fərhad Əliyevin həbsinə səbəb olan şüar necə “dirildi”? - XATIRLATMA

27-01-2016, 07:31
Fərhad Əliyevin həbsinə səbəb olan şüar necə “dirildi”? - XATIRLATMA
Azərbaycanın neft gəlirlərinin kəskin azalması nəticəsində yaranan iqtisadi böhran ölkədə yerli qeyri-neft istehsalını artırmaq çağırışlarını gücləndirib. Son günlər ən çox müzakirə olunan mövzulardan biri isə əhalinin, o cümlədən məmurların yerli məhsullar almağa üstünlük verməli olduğu barədə deyilənlərdir.
 
Bu istər-istəməz təxminən 12-13 il əvvəl Azərbaycanda geniş yayılmış bir şüarı yada salır: "Hamı yerli mal alsın, xeyir vətənə qalsın!” Bu sloqanla aparılan kampaniyanın təşəbbüskarı o vaxtki iqtisadi inkişaf naziri Fərhad Əliyev idi. Keçmiş nazirin bu təşəbbüsü monopolist məmurları dəhşətli dərəcədə qıcıqlandırmalı idi ki, çox keçmədən onun qarşısında həbs yolu göründü.
 
""Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!” təşəbbüsü istehlakçılar tərəfindən rəğbətlə qarşılanmışdır və öz səmərəsini verməkdədir. İqtisadi inkişaf naziri Fərhad Əliyev demişdir ki, bu yaxınlarda Gəncədə və Bakıda keçirilən sərgilər də yerli malların satışında heç bir çətinliyin olmadığını göstərdi” – bu 2005-ci ildə rəsmi dövlət agentliyinin AzərTAc-ın yaydığı məlumatdandır. 

 
Amma çox keçmədən, sabiq nazirin öz təbirincə desək, "istehlakçıların rəğbətlə qarşıladığı” "Hamı yerli mal alsın, xeyir Vətənə qalsın!” kampaniyasının müəllifi inhisarçı oliqarxlarla toqquşmaq məcburiyyətində qaldı.Bu təşəbbüsü öz biznes maraqlarına ciddi təhlükə kimi görənlər Fərhad Əliyevə qarşı genişmiqyaslı "qara piar” kampaniyasına start verdilər O, qiymət artımına və monopoliyalara qarşı mübarizəsindən danışarkən qeyd edirdi: "Çox çətin və məsuliyyətli işdir. Həm də riskli işdir... müxtəlif qrup insanların, işbazların maraqlarına toxunan məsələdir. Ona görə doğrudan da çətindir”. Başqa bir açılamasında isə keçmiş nazir özünə hücumlar barədə demişdi: «Bar gətirən ağaca həmişə daş atarlar, normaldır. Bütün bunlara fikir vermək istəmirəm, gördüyüm işlərin məsuliyyətini dərk edirəm. Mənim, həyatım üçün riskli də olsa xalqım, vətənim, iqtisadi inkişafımızın təmin edilməsi yolundu mən bu addımları atacağam. Başqa çarəm də yoxdur».

2005-ci ilin sentyabrında F. Əliyev artıq həyatına yaranan real təhlükədən danışırdı – o, jurnalistlərə qətlinin planlaşdırıldığını açıqladı: «Mən müvafiq orqanlara müraciət etmişəm və lazımi tədbirlər görülüb».


Eks-nazirin ümid etdiyi "lazımi tədbirlər”in nə olduğunu isə çox gözləmək lazım gəlmədi: bir neçə həftə sonra - 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində o, "dövlət çevrilişinə cəhd”də günahlandırılaraq öz xidməti kabinetində həbs edildi. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən keçmiş nazir yalnız 6 il sonra azadlığa buraxıldı.
 
İndi isə belə məlum olur ki, F.Əliyevin uğrunda həbs yatdığı təşəbbüs Azərbaycanın düşdüyü iqtisadi böhrandan mümkün qədər az itki ilə çıxa bilməsi üçün tək-tük yollardan biridir. Belə çıxır ki, onun 11 il öncə "Hamı yerli mal alsın, xeyir vətənə qalsın!” təşəbbüsünün nə qədər doğru, əhəmiyyətli olduğunu başa düşmək üçün dünya bazarlarında neft kəskin ucuzlaşmalı, nətivədə taleyi neftdən asılı vəziyyətə düşən Azərbaycanın gəlirləri kəskin azalmalı, manat bir il ərzində 100 faiz ucuzlaşmalı, ölkə dərin iqtisadi böhrana yuvarlanmalı imiş.


Bunu yazmaqda heç bir məqsədimiz yoxdur, sadəcə, istədik hökumət rəsmiləri və mediası tərəfindən "hamının yerli mal almağa” çağırıldığı hazırki günlərdə kiçik xatırlatma edək. Ki, əgər 10 il öncə eyni təşəbbüsün müəllifi olan bir nazir monopolist qruplar tərəfindən misli görünməmiş "qara piar”ın hədəfinə çevrilməsə və çirkin üsullarla "zərərsizləşdirilməsə”, yəqin indi Azərbaycanın iqtisadi mənzərəsi də ən azı indiki qədər qara boyalarla təsvir olunmazdı...

İlkin Hüseynli  
Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]