Layihə

Bakı məktəbliləri Sumqayıt Dövlət Universitetində

2-06-2018, 14:07

Mayın 30–da Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakıdakı 284 saylı orta məktəbin bir qrup şagirdi Sumqayıt Dövlət Universitetində (SDU) olub.

SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov şagirdlərlə görüşündə ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam mühitin formalaşdırılması istiqamətində gerçəkləşən müxtəlif layihələrdən və “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən bəhs edib. Prorektor qeyd edib ki, “Məktəblinin dostu” layihəsinə pilot olaraq 2016-cı ilin dekabrında Bakının 30 məktəbində başlanılıb. Layihənin məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz, sağlam mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. R.Hüseynov son zamanlar məktəblərlə universitet arasında əlaqələrin qurulmasının artıq ənənə halı aldığını diqqətə çatdırıb. Bildirib ki, bu da ali məktəblə orta məktəblər arasında əlaqələri genişləndirir. Şagirdlər universitet haqqında geniş məlumat əldə edirlər ki, bu da onlarda gələcəkdə ali təhsil müəssisəsi seçməkdə düzgün fikir formalaşdırır.

Prorektor şagirdlərə SDU-nun yaranma tarixi, mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında ətraflı məlumat verib.

Sonra şagirdlər universitetin tədris binalarına baş çəkiblər. Gələcəyin tələbələri gəzinti zamanı universitetin Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültələrində, auditoriya və laboratoriyalarında, TEMPUS otağı, kitabxana və tədris otaqlarında, kompüter və informasiya mərkəzində, linqvistik mərkəzində, idman zalında olublar. Həmçinin universitetin həyətində inşa edilən şahmat lövhəsi, süni örtüklü futbol, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulan köşklərlə və burada yaradılan şəraitlə yaxından tanış olublar. Məktəbin nümayəndələri universitetdə olmaqdan məmnunluqlarını ifadə ediblər, layıhənin təşkilatçılarına və SDU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]