Kriminal

“Piter Elçin”in qardaşının ölüm işi yenidən araşdırılacaq - SƏBƏB

13-04-2018, 05:22
“Piter Elçin”in qardaşının ölüm işi yenidən araşdırılacaq - SƏBƏBKriminal aləmdə “Piter Elçin” kimi tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Murad Quluzadəyə verilən 14 illik həbs cəzasını prokurorluq yüngül hesab edir. Ona görə də M.Quluzadə haqqında hökmün dəyişdirilməsi üçün Ali Məhkəməyə müraciət olunmuşdu.

Gununsesi.info xəbər verir ki, Ali Məhkəmə prokurorluğun protestini təmin edib. İş yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.

Cinayət işinin materiallarına əsasən, qətl hadisəsi qisas zəminində baş verib.

2012-ci ildə Moskvada Amil Quliyev öldürülüb. Murad Quluzadə əmisi oğlunun ölümündə Fariz İsmayılovun əli olmasından şübhələnib və ondan qisas almaq qərarına gəlib.

Bu məqsədlə 1300 manata köhnə bir maşın alıb, odlu silah əldə edib, Masallıda kirayə ev götürüb ki, Fariz İsmayılovu izləsin. 21 dekabr 2016-cı ildə Fariz İsmayılov Masallı rayonunun Türkoba kəndində yerləşən “Yağmur market”dən çıxıb maşınına tərəf gedəndə onu güllələyib. Ekspert rəyinə görə, hadisə vaxtı 24 dəfə atəş açılıb. Fariz İsmayılov aldığı xəsarətdən hadisə yerində keçinib.

M.Quluzadəyə CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Quluzadənin ittihamı yüngülləşdirilib və dəyişdirilərək CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. Murad Quluzadə 14 il azadlıqdan məhrum edilib.

Prokuror hökmdən apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin, Murad Quluzadənin vəkili də cəzasının yüngülləşdirilməsi xahişi ilə apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişməyib – tərəflərin heç birinin şikayəti təmin olunmayıb. Sonradan Ali Məhkəmə prokurorluğun pritestini təmin edib.

İsmayılovlar 4 qardaş olublar. Onların ikisi kriminal qruplaşmalar arasındakı mübahisələr nəticəsində qətlə yetirilib. Fariz İsmayılovdan təxminən bir il öncə digər qardaşı Maarif İsmayılov Sankt Peterburqda odlu silahla öldürülüb.

“Piter Elçin” kimi tanınan Elçin İsmayılov onların böyük qardaşıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]