Müsahibə

Hüseynbala Mirələmov: “Allahşükür Paşazadə külli miqdarda məvacib alır” — MÜSAHİBƏ

7-04-2018, 16:36
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmovun “Ölkə.Az” xəbər portalına müsahibəsi:

“Seçicilərlə görüşlərdən sonra bütün yorğunluğum gedir”

– Prezident seçkilərinə hazırlıq işləri necə gedir?

– İşlər çox yüksək səviyyədə davam edir. Hər gün seçicilərlə görüşlər keçirilir. Ötən gün Xətai rayonunda yaşayan rus icmasının üzvləri ilə də görüşümüz oldu. Həmin görüşdə Milli Məclisin digər deputatları – Səməd Seyidov və Mixael Zabelin də iştirak edirdi.

İnanın ki, hamı çox yüksək əhval-ruhiyyədədir. İnsanlar Ulu Öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin gördüyü işləri yada salaraq, YAP-ın vahid namizədini dəstəklədiklərini bildirirlər.

İnsanlar açıq şəkildə deyir ki, bizim yeganə namizədimiz prezident İlham Əliyevdir.
Seçicilər çox yüksək əhval-ruhiyyədədir. İnsanlar seçkilər ərəfəsində mahnılar çalıb-oynayırlar. Həmin görüşdə də rus icmasının üzvləri “Vətənimiz Azərbaycandır” adlanan mahnı ifa ediblər.

Bu cür görüşlərimiz tez-tez olur. Mən həm də YAP-ın Xətai rayonundakı seçki qərargahının sədriyəm. Bütün günü iş başında oluram. Mən daha çox yoruluram. Ancaq səmimi sözümdür, bu cür görüşlərdən sonra adamın bütün yorğunluğu gedir. Görülən işlərdən mənəvi zövq alıram, YAP-ın üzvü olduğum üçün qürur duyuram. Cənab İlham Əliyevin partiyamızın sədri olduğu üçün adam böyük iftixar hissi keçirir. Onun yolunda bütün fədəkarlığı göstərməyə dəyər. Çünki bütün bu işlər Azərbaycan xalqına xidmət edir. Ona görə də bütün yorğunluğumuz çıxır.

“Azərbaycan əhalisi sabit ölkədə yaşadığı üçün şükr edir”

– Bu yaxınlarda Azərbaycanın tanınmış yazıçı və ziyalıları seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat veriblər. Xaricdə fəaliyyət göstərən bir qrup bloger isə buna görə həmin ziyalıları tənqid və təhqir edib. Siz də yazıçısınız və bu hərəkətlərə münasibətiniz necədir?

– Mən həmin adamların bu cür hərəkətlərini qəti şəkildə pisləyirəm. Onlar ədəbsiz adamlardır, düzgün hərəkət etmirlər.
Bilirsiniz, bu xalqın böyüyü, ağsaqqalı, cavanı, kiçiyi olub. Onların arasında yaxşı münasibətlər hər zaman gözlənilib. Hesab edirəm ki, xaricə gedib, başqasının qazanının dibini yalamağı və verilən tula payı əvəzində Azərbaycana, onun prezidentinə və ziyalılarına bu qədər çirkab atmaq düzgün deyil. Mən bunu qəti şəkildə pisləyirəm. Güman edirəm ki, vaxt gələcək, onlar öz səhvlərini başa düşəcəklər. Xaricdən Azərbaycana qarşı söyüş yağdıran adamlar çox böyük səhv edirlər. Azərbaycanda bu qədər sabitlik və inkişaf ola-ola nə üçün söyüşlə mübarizə aparılmalıdır? Azərbaycan xalqı xaosu ötən sərin 90-cı illərinin əvvəllərində görüb. Bu gün isə Suriyada, Liviyada, İraqda xaos hökm sürür. Bu ölkələrin insanlar gülləyə tuş gəlir, dənizdə batırlar və sairə. Vaxt var idi ki, biz də başımızı evdən bayıra çıxara bilmirdik. Amma 25 ildən çoxdur ki, Azərbaycan əhalisi sabit ölkədə yaşadığı üçün şükr edir. İnsanlar gecədən səhərə qədər çıxıb rahat bayırda gəzə bilir. Heç kəs onlardan soruşmur ki, bu vaxtı bayırda nə gəzirsən. Ölkəmizdə azadlıq, sərbəstlik və sabitlik mövcuddur. Ən vacib məsələ də məhz budur. Yoxsa ki, qarın otarmağa nə var! Söhbət ondan gedir ki, bizim övladlarımızın gələcəyi sağlamdır. Onlar sabit və müstəqil ölkədə doğulurlar, yaşayırlar. Kiçik problemlər isə zamanla həll olunacaq. Azərbaycanın cəmi 27 yaşı var. Müstəqil dövlət üçün bu çox az bir vaxtdır. Təsəvvür edin ki, 27 yaşlı bir cavan oğlan özü özünü qorumağı və ayaq üstə dayanmağı bacarır. Əlbəttə ki, 27 yaşlı Azərbaycanı ABŞ, Böyük Britaniya, Almaniya, Fransa ilə müqayisə etmək doğru çıxmaz. ABŞ-ın 300 illik müstəqillik yaşı var. Azərbaycan o yaşa çatanda, onlardan da güclü olacaq. Halbuki, Azərbaycanı bir çox məsələlərdə həmin dövlətlərlə də müqayisə etmək olar. Azərbaycan multikultral və tolerant dövlətdir.

Ötən gün mən bir neçə deputat həmkarımla Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin evində qonaq oldum. İranın xarici işlər naziri də gəlmişdi. Mən orada iranlı nazirlə görüşüb söhbət etdim. Orada bildirildi ki, bu yaxınlarda İran prezidenti Azərbaycanda səfərdə olan zaman cənab İlham Əliyevlə görüşmüşdü. Mən də iranlı nazirə bildirdim ki, bütün məsələlərdən öndə dostluq, yaxşı qonşuluq siyasəti dayanır. Doğrudan da, dostluq, mehribançılıq olan yerdə yaxşı güzaran da, imkan da olar.

Yeri gəlmişən bildirim ki, bu yaxınlarda Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bir çıxışını izlədim. Təsəvvür edin ki, hər zaman türklərə qarşı çıxış edən Vladimir Jirinovski bildirir ki, dünyada ən qüdrətli hərbiçilər türk hərbiçiləri olur. Sonra Vladimir Jirinovski deyir ki, dünyada yaşayan türk xalqları birləşib Turan dövləti yaradacaqlar. Baxın, biz də türk dövlətiyik və bunu dərk etməliyik.

“Azərbaycan prezidentini, xalqını və ziyalılarını təhqir edənlər azərbaycanlı ola bilməz”

– Amma Azərbaycanın bəzi deputatları və digər şəxslər Azərbaycanın türk dövləti olmasını inkar edir. Bəs buna necə baxırsınız?

– Onlar çox böyük səhv edirlər. Bizim gücümüz türkçülüyümzdədir. Vladimir Jirinovski də qorxduğu üçün çağırış edir ki, türk xalqları birləşib böyük Turan dövləti yaradacaq və Ermənistanı yer üzündən silib Azərbaycana birləşdirəcək.

Yəni, mən demək istəyirəm ki, Azərbaycana qarşı xarici qüvvələrlə yanaşı, ölkə daxilindən olan bəzi qüvvələr də mübarizə aparır.
Qaçıb xaricdə qazan dibi yalayan adamlar Azərbaycan dəstək olmaq əvəzinə, xalqımızı qaralamağa çalışırlar, Vladimir Jirinovski kimi adamların əlinə əsas verirlər.

Kim Azərbaycanı tənqid etmək istəyirsə, bunu kişi kimi edə bilər. Nöqsanları salamaqla, demək olar ki, bu problemləri aradan qaldırmaq lazımdır. Daha söyüş və təhqir kampaniyası aparmaqla müxalifətçilik etmək olmaz.

Heç kim demir ki, Azərbaycanda hər hansı nöqsan yoxdur. Nöqsan varsa, müxalifət də onu normal şəkildə tənqid etsin. Daha Azərbaycan prezidentini, xalqını və ziyalılarını təhqir etmək, onlara çirkab atmaq yolverilməzdir. Bunu edənlər azərbaycanlı ola bilməz, onların qanından azərbaycanlı qanı axa bilməz. Bu cür şəxslərə qarşı mübarizə aparmaq üçün hamımız prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Əgər biz istəyiriksə Azərbaycan sabit qalsın və inkiişaf etsin, övladlarımız rahat və təhlükəsiz həyat sürsün, o zaman prezident ətrafında birləşib öz sözümüzü deməliyik. Daha hər bir tərəfə qaçmağa çalışmamalıdır.

Radikal müxalifət vəzifəyə gəlmək istəyirsə, bunun üçün hakimiyyəti dağıtmaq düşüncə səhvdir. Bu, mümkün olan məsələ deyil.

“Şeyxin kartof-soğan satmağa nə ehtiyacı var?”

– Son vaxtlar sizin həmyerliniz və ailəvi dostlarınız olan Allahşükür Paşazadə və Milli Məclisin komitə sədri Hadi Rəcəbliyə qarşı da sosial şəbəkələrdə məlumatlar yayılıb. Bir dost kimi yayılan xəbərlərə münasibətiniz necədir?

– Bilirsiniz, bir neçə il bundan qabaq “Azərbaycan” qəzetində Şeyx həzrətləri ilə bağlı bir yazı yazmışdım. Deməli, gürcü patriarxı II İlyanın 80 illik yubileyinə cənab Allahşükür Paşazadə də dəvət edilmişdi. Biz də bir neçə deputat olaraq Şeyximizlə bərabər Gürcüstana gedib, yubiley tədbirində iştirak etdik. Yubileydə gördüklərim məni heyrətləndirdi. Yubileyə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili, Gürcüstan prezidenti və digər rəsmi şəxslər gəlmişdi. Onlar yubileydə II İlyanın qarşısında əyilərək dizlərini yerə qoyub, gürcü patriarxın əlindən öpürdülər. Bu anları görüb bir anlıq fikirlərə daldım ki, gürcü xalqı öz dini rəhbərinə nə qədər hörmət göstərir. Təsəvvür edin ki, Gürcüstanın Baş naziri və prezidenti II İlyanın qarşısında diz çökərək, əlini öpürdülər, ona böyük ehtiramlarını nümayiş etdirirdilər.

Hesab edirəm ki, Azərbaycanda da möhtərəm Şeyximiz Allahşükür Paşazadəyə belə münasibət olmalıdır. Gəlin görək, biz Şeyximizə hansı münasibəti bəsləyirik? Çox təəssüf ki, biz öz Şeyximizə çirkab atırıq. Bəzi adamlar deyir ki, guya Allahşükür Paşazadə kartof, soğan, xalça monopoliyasına baxır və sairə. Bunu bir neçə adam Azərbaycanın milli-mənəvi dəyərlərinə ziyan vurmaq üçün edir. Əlbəttə ki, Azərbaycan xalqının böyük əksəriyyəti Şeyximizə hörmət edir.

Yaddan çıxartmaq olmaz ki, ötən sərin 90-cı illərində Azərbaycanda xaos vəziyyəti olanda, 20 yanvar faciəsi törədiləndə hamı qaçmışdı, meydanda Şeyximiz qalmışdı. Həmin vaxtı Azərbaycan xalqını Şeyx idarə etdi, imkan vermədi ki, xalqımız parçalansın, şəhid olanları el adətilə möhtərəm Şeyximiz dəfn edirdi. Şeyximizin Azərbaycana bu qədər böyük xidmətləri var. Ona bəzi adamlar tərəfindən ləkə atılması çox səhv addımdır.
Bu gün Şeyximiz dünyanın bir neçə nüfuzlu din akademiyalarının üzvüdür. Mən bilirəm ki, Allahşükür Paşazadə onlardan külli miqdarda məvacib alır, Şeyximizə təqaüd göndərilir və sairə. Bu qədər halal pul aldığı yerdə Şeyxin kartof-soğan satmağa nə ehtiyacı var? Hərə Şeyx haqqında ağılına nə gəlir yazır.

Bəli, bu gün Şeyximizin pulu çoxdur. Amma o pullar halaldır. Məgər Şeyximiz kimdənsə oğurluq edib? Adam dünyanın bir neçə nüfuzlu din akademiyalarının həqiqi üzvüdür, professorudur, oradan ona pullar gəlir. Hörmətli Allahşükür Paşazadə tarix elmləri doktorudur, professordur. Ən əsası da bizim dini rəhbərimizdir.

Bundan əlavə, dünyanın bir sıra dövlət başçıları, kralları Şeyxə bahalı hədiyyələr verirlər. Şeyximizə qarşı bu cür şər-böhtan yağdıranlara çox eyibdir. Adam öz dini rəhbərinə bu cür hörmət etməz. Çünki Allahşükür Paşazadə bizim milli-mənəvi dəyərlərin simvoludur, təcəssümüdür. Ona görə də bizdə də Şeyxə münasibət Gürcüstandakı kimi olmalıdır.

Bəzi qüvvələr Şeyximizə qarşı qarayaxma kampaniyaları ilə heç nəyə nail ola bilməyəcək. Azərbaycan xalqı Şeyxi yaxşı tanıyır, ona böyük hörmət bəsləyir.

“Mövqesiz adamlar ən qorxulu adamlardır”

– Şeyxin əleyhinə xəbər yayanlardan biri də onun qudası, sabiq deputat Qalib Salahzadə olub. Yadınızdadırsa, onun oğlunun Azərbaycandan getməsi xəbərini Qalib Salahzadə bildirmişdi. Sonra da Şeyx bunu təkzib etdi...

– Ümumiyyətlə, Şeyxin yaxın ətrafı, qohumları və digər şəxslər Allahşükür Paşazadəni qorumalıdır. Allahşükür Paşazadə təkcə bizim deyil, bütün Qafqazın Şeyxidir. Biz ona böyük hörmətlə yanaşmalıyıq. Şeyxə hörmətlə yanaşmaq isə dinimizə, milli-mənəvi dəyərlərimizə hörmət deməkdir. Bunu aşağılamaq olmaz. Hesab edirəm ki, bu cür hərəkətlər doğru deyil.

Eləcə də Hadi Rəcəblini aşağılamaq olmaz. Hadi müəllim 30 ilə yaxındır ki, Milli Məclisin deputatıdır. Bəzən Hadi Rəcəblinin söylədiklərini qəribçiliyə salırlar. Hesab edirəm ki, bu düzgün deyil.

Ümumiyyətlə, nə Hadi Rəcəbli, nə mən, nə də digər deputatlara söyüşlə cavab vermək düzgün deyil. Biz də bu xalqın oğluyuq.
Lap tutalım ki, mən danışığımda nəyisə səhv demişəm, ancaq mən öz fikrimi deyirəm, bu mənim subyektiv fikrimdir. Daha ona söyüşlə cavab vermək tərbiyəsizlikdir.

Eləcə də Hadi Rəcəblinin fikirləri hamı üçün sayıla bilməz. O, onun şəxsi fikirləridir və buna hörmətlə yanaşmaq lazımdır. Əgər kimsə, Hadi müəllimin fikirləri ilə razı deyilsə, bunu normal şəkildə deməlidir ki, sizlə razı deyiləm və sairə. Gərək söyüş söyəsən? Söyüşlə cavab tərbiyəsizlikdir, əxlaqsızlıqdır.
Ümumiyyətlə, söyüş və təhqir yağdıran adamlara lazımı cavab verilməldiir. Bunu Milli Məclisin sonuncu plenar iclasında hörmətli Siyavuş müəllim Novruzov da bildirdi.

Ulu Öndər Heydər Əliyevin bir vacib çıxışı yadıma düşdü. O zaman bir müzakirə gedirdi. Ulu Öndər Heydər Əliyev məmurlardan birinə üzünü tutub dedi ki, mövqeyini bildir. Bu, böyük bir fikir idi. Mövqeyini bildirmək odur ki, əgər sən şəxsiyyətsənsə, sənin əxlaqın varsa, sən mütləq hər hansı bir məsələyə öz mövqeyini bildirməlisən. Ya kişi kimi deməlisən ki, yaxşıdır, ya da pis! Görürsünüz, mən də öz mövqeyimi bildirdim. İndi kim onu bəyənmir, öz işidir. Bu mənim şəxsi mövqeyimdir.

Hər bir insan öz mövqeyini bildirməlidir. Çünki mövqesiz adamlar xaraktersiz adamlar sayılır. Xaraktersiz adamlar isə ən qorxulu adamlardır. Bu cür adamlar gün ərzində fikirlərini və mövqeylərini bir neçə dəfə dəyişə bilirlər. Ona görə də bu cür şəxslər qorxulu adamlardır.
O adamların ki, mənliyi, mövqeyi var, sözü bütövdür, həmin şəxslər etibarlı olurlar. İnsan gərək belə olsun.

Vasif Həsənli

Administratorla əlaqə

077 611-55-22

[email protected]