Vitse-prezident olmaq istəyən deputatlar
Sentyabrda Konstitusiyaya edilən dəyişikliklərdən biri də ölkədə vitse-prezidentlik institutunun yaradılması idi. Prezident İlham Əliyevin təşəbbüsü olan bu dəyişiklik də xalqımız tərəfindən dəstəkləndi və qəbul olundu. Artıq referendumdan 2 ay vaxt keçib, bir neçə aydan sonra vitse-prezidentlərin təyinatına başlanacaq. Belə bir vaxtda heç şübhəsiz ki, vitse-prezidentlik iddiasına düşənlər də yox deyil.
Politika.Az-a daxil olan məlumata görə, bu iddiada olanlar arasında Milli Məclisin deputatları da var. Mənbəmiz həmin deputatların adlarını bizə sadalayıb.
İddiaya görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vitse-prezident olmaq istəyini dilə gətirib.
Politika.Az-ı məlumatlandıran mənbə onun bu fikirlərini sübut edən fakt ortaya qoya bilmir, amma sözlərinin gerçək olduğunu təkidlə bildirir.
Milli Məclisin qalmqallı deputatlarından olan Malik Həsənovun da adı eyni siyahıda qeyd edilir. Maraqlıdır ki, onun qardaşı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da bu posta gəlmək arzusunda olduğu deyilir.
Deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlament seçkiləri ərəfəsində spiker olmaq arzusunu dilə gətirmişdi. İndi isə Politika.Az-ı məlumatlandıran mənbə onun vitse-prezident olmaq iddiasına düşdüyünü iddia edir: "Azay Quliyev ümumiyyətlə iddialı adamdı, hər zaman yuxarılara can atır”.
Vitse-prezident olmaq istəyən deputatların siyahısında ən maraqlı ad Vahid Əhmədovdur. Mənbəmiz deyir ki, V.Əhmədov maliyyə məsələləri üzrə vitse-prezident olmaq iddiasındadır.
Yazıda adı çəkilən şəxslərin mövqeyini verməyə hazırıq. (Politika.Az)