Reportaj

“İcra başçısı dedi ki, prezident Sumqayıtın abadlaşması işinə bir qəpik də pul ayırmayıb”

19-03-2018, 13:28
“Binəqədi rayonu 5-ci polis bölməsindən zəng edib dedilər ki, gəlib sadəcə izahat alacaqlar, bir problem yoxdur, yerimizi öyrənib gəlib bizi oradan çıxardılar. Bizi aldatdılar”. Bu sözləri iki gündür aclıq aksiyası keçirən və Sumqayıtdan olan iş adamı Aydın Abdullayev deyib. Onun sözlərinə görə, bir neçə saat sonra aksiya keçirilən yerə gələn Binəqədi rayon 5-ci polis bölməsinin və Binəqədi rayon Baş Polis İdarəsinin əməkdaşları onlarla kobud danışıb və üzərlərinə hücum edib. Aksiya iştirakçısı deyir ki, gələn polis əməkdaşları heç özlərini təqdim etmədən onları evdən zorla çıxarıb.

Binəqədi rayon Baş Polis İdarəsinin rəisi bizlə qismən mülayim söhbət edib, bəzi sözlərlə və vədlərlə yola verdi. Məsləhət gördü ki, mübarizəmizi sivil yolla davam etdirək. Halbuki biz indiyə qədər onsuz da sivil yolla haqqımızı tələb edirdik. Daha sonra isə bizi oradan fiziki zorakılıq tətbiq edərək uzaqlaşdırdılar. Biz də çıxmağa məcbur olduq.
İki ildir ki, onlara vəd edilən pulu geri almağa çalışan 12 iş adamı ümumilikdə onlara 2 milyon 100 min manat ziyan dəydiyini deyir. A. Abdullayevin sözlərinə görə, hadisələr 2016-cı ilin martından başlayıb. Həmin il sentyabrın 27-də prezidentin də iştirak etdiyi “Sumqayıt bulvarı”nının açılışındanetibarən iş adamları pullarını geri almağa çalışır.
Bir neçə dəfə Sumqayıtın icra başçısı Zakir Fərəcovun qəbulunda olduqlarını deyən iş adamı Aydın Abdullayev vurğulayır ki, başçı onlara hər dəfə pullarını geri qaytaracağını söz versə də heç nə ödəməyib:

İşlər Sumqayıt şəhərində grülüb və cavabdehi də Sumqayıt İcra Hakimiyyətidir. Fərəcov dedi ki, bizə verməyə pulu yoxdur. Niyəsini soruşanda cavab verdi ki, prezident Sumqayıtın abadlaşdırılması üçün bir qəpik də pul ayırmayıb. Abadlaşma işlərinin hamısını guya icra başçısı şəxsi hesabına görüb.
Təkcə girəcək və bulvarın abaldaşdırlması üçün olan 14-15 milyon manatlıq işi guya öz şəxsi hesabına görüb. Biz də yalan vədlərdən bezib bu aksiyaya məcbur olduq.
İcra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinə gedəndə polisin onları həbs etdiyini deyən iş adamı artıq ümumiyyətlə qorxularından bu şəhər getmədiklərini vurğulayır. Buna görə də aksiyanı Binəqədi rayonunda keçirməli olublar.

“Biz də öz aksiyamızı davam etdirəcəyik. Onların arqumenti odur ki, niyə məhz binəqədidə aksiya edirik, deyirlər kim harada yaşayırsa, gedib orada eləsin. Yevlaxdan olan iş adamına deyirlər ki, gedib Yevlaxda etiraz eləsin” – deyə iş adamı əlavə edib.

Onlar eyni zamanda Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək təşkilat da yaratmaq istəyirlər. Həmçinin birisigündən etibarən aclıq aksiyasına davam etməyi planlaşdırırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]