Müsahibə

“Narkoloji mərkəzdə baş vermiş yanğında iki nazirlik günahkardır” - Ekspert...

3-03-2018, 00:38
“Narkoloji mərkəzdə baş vermiş yanğında iki nazirlik günahkardır” - Ekspert...Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Mərkəzin üçüncü korpusunda çıxan yanğın nəticəsində 25 nəfər yanaraq ölüb.
Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb.Maraqlıdır, bu yanğın hadisəsi prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi asayişi pozmağa çalışan qüvvələrin terror əməli ola bilərmi?
Moderator.az-ın məsələ ilə bağlı sualına ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi polkovnik-leytenant İlham İsmayıl aydınlıq gətirib.
İ.İsmayıl yanğın hadisənin terror aktı ola biləcəyi ehtimal etmədiyini bildirib:
“Hadisə bilərəkdən törədilə bilər, amma bu, terror hadisəsi deyil. Terrorun xüsusiyyətləri başqa şeydir. Qisas zəminində də ola bilər. Bu hadisə terrorun xüsusiyyətlərinə cavab verməyən bir hadisədir. İndi ictimai siyasi proseslərin elə bir dövrüdür ki, fikirləşilməsin ki, məhz burda nə isə baş verə bilər. Bu hakimiyyətə təzyiq deyil. Çox güman ki, ehtiyatsızlıqdan baş verib”.
Polkovnik-leytenant onu da qeyd edib ki, hadisə səhlənkarlıq ucbatından baş verib və yanğın zamanında söndürülməyib:
“Burada söhbət ondan gedir ki, hadisəyə səbəb dəhşətli dərəcədə səhlənkarlıqdı. Bu səhlənkarlığın ilk növbədə cavabdehi də Fövqəladə Hallar Nazirliyinin özüdür. Çünki Fövqəladə Hallar Nazirliyinin özü təkcə yanğınla bağlı əraziyə getməməlidir, yanğından öncə profilaktik tədbirlər görməlidir. Bunlar gedib bütün yerləri yoxlayıb, lazım olan avadanlıqlarla təmin etməlidirlər. Əgər bunlar oranı avadanlıqlarla təmin etməyiblərsə və bu gün yanğını zamanında söndürə bilməyiblərsə, bütün məsuliyyət Fövqəladə Hallar Nazirliyinin üzərindədir. Bu birinci hal deyil, binalarda baş hadisələrdə də bu məsələlərdə Fövqəladə Hallar Nazirliyinin peşəkarlığı çox aşağı səviyyədədir”.
İlham İsmayıl Səhiyyə Nazirliyinin də baş vermiş hadisədə günahkar olduğunu vurğulayıb:
“Burada Səhiyyə Nazirliyinin günahı ondan ibarətdir ki, niyə bir barakda 25-30 nəfər adam yerləşdirilib. Bilirsiniz ki, bunlar ağılı üstündə olan xəstələr deyil. Dərmanların təsirindən onlar oranı qəsdən də yandıra bilərlər. Yəni hər iki nazirlik profilaktik tədbirləri zamanında aparıb, uyğun tədbirlər görməyiblər. Yanğın baş verirsə, tədricən alovlanır. Bunlar zamanında yanğını söndürə bilməyiblər və nəticədə də bu qədər adam tələf olub”.
Vasif Əlihüseyn

Administratorla əlaqə

077 611-55-22

[email protected]