Reportaj

S.Babayev: Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib

17-02-2018, 00:47
Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayevin həbs qərarından şikayətinə baxılıb.

Maştağa qəsəbəsinin sakini olan S.Babayev fevralın 3-də saxlanılıb. Ertəsi gün Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib. Iddia olunur ki, onun üzərindən narkotik tapılıb. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası kəsib.

Özünü təqsirli bilməyən dindar fəal inzibati xəta protokolunda yazılanların yalan olduğunu deyir. O, apellyasiya şikayətinə baxılanda da haqqındakı məhkəmə qərarı əsassız sayıb və onda narkotik olmadığını bildirib. S.Babayevin sözlərinə görə, tutulmasının gerçək səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib, Sabunçu Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

S.Babayev 2017-ci il oktyabrın 5-də də polisə tabe olmamaq suçlaması ilə saxlanmış və o zaman ona 30 sutka həbs cəzası verilmişdi. O, həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən, bildirmişdi ki, ona Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib – bədəninə cərəyan qoşulub, dəyənəklə döyülüb, təhqir olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]