Xəbərlər / Gündəm
Əli İnsanov barədə qərar verildi
22-06-2017, 23:40
Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun icraatında olan prosesdə qərar elan olunub.
Qərara əsasən, Qaradağ rayon məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Rayon məhkəməsi Ə.İnsanovu 7 il 5 gün müddətə azadlıqdan məhrum edib.
Əli İnsanov apellyasiya məhkəməsində iştirak etməkdən imtina edib.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il cəzasının bitməsinə 2 ay qalmış ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.