Gündəm

Sumqayıtın icra başçısı Bəylər Eyyubovu ittiham edir

25-01-2018, 18:03
Zakir Fərəcov: “İş adamlarının pulunu o verməlidir, mən yox”
Sumqayıtda gündən günə gərginləşən vəziyyət hamını narahat etməkdədir. Təsadüfi deyil ki, şəhərdə görülən işlərə pulunu xərcləyən vətəndaşlar dəfələrlə Prezident Aparatının qarşısına yığışaraq etiraz aksiyası keçiriblər. Lakin hər dəfə iş adamlarına pullarını verəcəyini vəd edən şəhər icra başçısı Zakir Fərəcov, vətəndaşları aldatmaqda davam edir.

İş adamlarının tələblərini davam etdirdiyini görən Zakir Fərəcov onları həbs etdirməklə hədələməsi də adi hala çevrilib. Sumqayıt Dənizkənarı Bulvarın tikintisini həyata keçirən və 8 milyon manat pulunu xərcləyən iş adamı Müqayis Verdiyevi saxta ittihamlarla həbsxanaya saldıran icra başçısı, indi digər iş adamlarının həyatı üçün təhlükələr yaratmaqdadır. Bu məmur Sumqayıtda görülən işlər və bayraq meydanlarının salınması üçün iş adamlarından ümumilikdə 12 milyon manatlıq avadanlıq alıb. Bundan başqa işə cəlb edilən fəhlələrin də əmək haqqlarını ödəməyən icra başçısı və onun “qara” kassası Fəzail Hüseynov hazırda bütün cinayət tərkibli əməllərini Müqayis Verdiyevin üstlənməsinə çalışırlar. Həbsdə olan iş adamı isə icra başçısının qanunsuz tələblərini yerinə yetirməkdən imtina edir.

Realliqinfo.az dəfələrlə Zakir Fərəcov və onun yaxın qohumlarının özbaşınalığından bəhs edib. Dövlətin aidiyyatı qurumlarının diqqətini, bu məmurun özbaşınalığına yönəltməsinə çalışan saytımızın əməkdaşları da icra başçısının hədələri ilə üzləşməli olub. Lakin biz, Zakir Fərəcovun qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarımızı davam etdirməklə, Sumqayıtda və Abşeron rayonunda baş verən hadisələrə biganə qalmamışıq.
Sumqayıta icra başçısı təyin olunandan sonra Abşerona nəzarəti bacısı oğlu Məhəmməd Həsənova tapşıran Z.Fərəcov, rayonda bütün sahələrdən gəlir əldə etməyə çalışır. Təsadüfi deyil ki, Abşeron rayonunda vətəndaşların evlərinin sökülməsi və digər özbaşınalıqlar, ancaq Məhəmməd Həsənov və digər müavin Fuad Cəbrayılovun nəzarəti altında həyata keçirilir. Məclislərdə, “Abşeron mənim dayıma məxsusdur” – deyən icra başçısının birinci müavini aldığı rüşvəti də dayısının adı ilə bağlayır. Realliqinfo.az saytının Abşeron rayonunda Fərəcov və onun qohumlarının qanunsuz fəaliyyəti ilə bağlı geniş araşdırmaları yekunlaşıb. Sabah dərc olunacaq ilk yazıda bu barədə ətraflı məlumat verəcəyik.

Sumqayıtda Prezident tərəfindən açılışı həyata keçirilən Dənizkənarı bulvarın yaşıllıq əraziləri icra başçısı tərəfindən satışa çıxarılıb. İş adamlarının pulunu mənimsəyən Zakir Fərəcov indi yeni ittihamlarla çıxış edir. İcra başçısı iş adamlarını qəbul edərkən bildirib ki, Prezident tərəfindən verilən sərəncamla şəhərdə abadlıq işləri üçün ayrılan pullar ona verilməyib. Müqayis Verdiyevin bildirdiyinə görə, icra başçısı Sumqayıta ayrılan vəsaitlərin şəhərin büdcəsinə köçürülmədiyini qeyd edib. Zakir Fərəcov iş adamlarına bildirib ki, onu aldadıblar və o, şəxsi büdcəsindən Sumqayıtda görülən işlərə 40 milyon manat xərcləyib. Bu pulun bir məmurda hardan olduğu qaranlıq deyil. Abşeronu qarış qarış satan Zakir Fərəcov – kim istəyir pulunu getsin Bəylər Eyyubovdan alsın – deyir.

İş adamlarını çətin durumda buraxan icra başçısı Sumqayıtda tikilən obyektlərin çoxunun Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəhbərinə aid olduğunu bildirir. İcra başçısı onu da qeyd edir ki, Bəylər Eyyubovun obyektlərini öz pulu ilə tikib.
Qəribə də olsa adını “Akula” qoyan icra başçısı indi onu bu vəzifəyə təyin olunmasında əməyi olan Generalı ittiham etməkdədir. İş adamlarını da Bəylər Eyyubova qarşı narazı kütləyə çevirməyə çalışan Zakir Fərəcovun məqsədi bəllidir. Anlaşılan o ki, Fərəcov bu əməli ilə Bəylər Eyyubovun tələblərini icra etməkdən bezib və bu məsələni vətəndaş narazılığı kimi mediada işıqlandırılmasını istəyir. Bu mənada özünə yaxın media orqanlarına gizli məlumat ötürən icra başçısı Bəylər Eyyubovun ittiham edilməsini istəyir.

Sumqayıtda artan narazılıqlar isə dövlət qurumlarını narahat etməlidir. Prezidentin sahibkarlara yardım göstərilməsini tələb etməsi, Zakir Fərəcov üçün əhəmiyyət kəsb etmir. İcra başçısı qohumlarının cibini doldurmaqla və Fərəcovlara obyektlər, villalar tikdirməklə məşğuldur. Sumqayıtda əldə edilən pullar isə saxta yollarla açılmış MMC – lərin hesabına yatırılır. Bu MMC-lər Fərəcovun qohumlarının adına sənədləşdirilib və bir müddət keçəndən sonra “yoxa” çıxarılırlar.

Zakir Fərəcovun Bəylər Eyyubov haqqında söylədiklərini Sumqayıtda danışmayan yoxdur. İcra başçısının öz şefini pulları mənimsəməkdə ittiham etməsi bizi də düşündürür. Məslənin aktuallığını nəzərə alaraq Bəylər Eyyubova baş verənlərlə bağlı saytımızın rəhbəri rəsmi məktub ünvanlayıb. Həmin məktubu yaxın saatlarda diqqətinizə çatdıracağıq.

İş adamlarına – gedin pulunuzu B.Eyyubovdan və Prezidentdən alın – deyən icra başçısının növbəti gedişi haqqını tələb edən insanların həyatı üçün yaratdığı təhlükədir. Sumqayıt şəhər polisinə verilən tapşırıq da bildirilir ki, pulunu tələb edən iş adamlarını susdursunlar. Bu tələbi icra başçısının “qoçusu” sayılan Haqverdiyev Kənan irəli sürüb. Kənan həm də iş adamı Müqayis Verdiyevə qaldırılmış cinayət işində şahid kimi iştirak edib. Bu şəxsin Zakir Fərəcovun yaxın qohumu olduğu bildirilir və Abşeron rayonunda qanunsuz fəaliyyəti ilə diqqət mərkəzindədir. Kənanla bağlı araşdırmalarımız davam edir və ətraflı məlumat verəcəyik.

Sumqayıt icra başçısından pulunu ala bilməyən iş adamları yenidən prezident Aparatının qarşısında aksiya keçirmək istəyirlər. Onlar Zakir Fərəcovun özbaşınalığına son qoyulması üçün məsələnin Prezidentin nəzarətdə saxlamasını istəyirlər. Ümid edirik ki, insanları aldadaraq onların milyonlarla vəsaitini mənimsəyən Zakir Fərəcov tezliklə ədalət qarşısında cavab verəcək. Onu himayə edən Bəylər Eyyubovun da baş verənlərə münasibətini öyrənməyə çalışacağıq.
Araşdırmalarımız davam edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]