Dünya

İran BMT-yə ABŞ-dan şikayət etdi

4-01-2018, 17:27

İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşru ABŞ hökumətindən rəsmi qaydada BMT-yə şikayət edib. İranlı diplomat rəsmi Vaşinqtonu İslam Respublikasının daxili işlərinə müdaxilə etməkdə və insanları zorakılığa təhrik etməkdə təqsirləndirir.

Oxu.az xəbər verir ki, bəyanatın mətnindən çıxarışı “Təsnim” agentliyi yayıb.

“ABŞ hökuməti dövlətlərarası münasibətləri nizamlayan beynəlxalq hüququn bütün prinsiplərini pozmağa davam edir. ABŞ administrasiyası başda Donald Tramp olmaqla son günlər arsız şəkildə İranın daxili işlərinə qarışır, ölkədə zorakılıq və vandalizmə yol açan sporadik (hərdənbir baş verən???) etiraz aksiyalarını dəstəkləyir”, - deyə bəyanatda qeyd olunur.

İranlı diplomatın sözlərinə görə, ABŞ prezidenti və onun köməkçisi, ardı-arası kəsilməyən və gülüş doğuran “Twitter” ismarıcları ilə iranlıları təxribatçı hərəkətlərə sövq edir.

“İran İslam Respublikası hökuməti bütün dövlətlərin belə təhlükəli siyasəti pisləməsini istəyir və Birləşmiş Ştatlardan BMT Nizamnaməsinin tələblərinə və beynəlxalq hüquq normalarına riayət etməsini tələb edir”, – deyə ərizədə bildirilir.

Xatırladaq ki, İranda dekabrın 28-dən etibarən kütləvi etiraz aksiyaları müşahidə olunur. Müxtəlif şəhərləri bürüyən aksiyalarda etirazçılar qiymət artımına qarşı hiddət nümayiş etdirir.

Asayiş keşikçiləri ilə toqquşmalar nəticəsində azı 20 nəfər həlak olub. Ölənlər arasında hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu bildirilir. İran hökumətinin məlumatına görə, iğtişaşlarda iştirak etməklə əlaqədar 450 nəfər həbs olunub.

Dünən İnqilab Keşikçiləri Korpusunun rəhbəri, general Məhəmməd Əli Cəfəri ölkədə qiyamın yatırıldığını və qiyamçıların məğlubiyyətə uğradıqlarını elan edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]