Xəbərlər / Elm

Ufa Dövlət Neft Texniki Universitetinin rektoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu

8-12-2017, 11:06

Ramil Baxtizin: SDU-da olmaqdan, universitetin professor-müəllim heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirirəm
Beynəlxalq əlaqələrin inkişafı elmin təhsilə inteqrasiyasına, professor-müəllim və tələbə heyətinin mübadiləsinə təsir edən amillərdəndir. Fəxri doktorların seçilməsi isə bu mübadilənin ali göstəricilərindəndir. Dekabrın 7-də Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibəti ilə Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizin və nümayəndə heyəti sevincimizə şərik oldular.
Sumqayıt Dövlət Universitetin rektoru professor Elxan Hüseynov qonaqları salamladı, onların universitetdə olmasından məmnunluq duyduğunu və bugünkü tədbirin tarixi əhəmiyyət daşıdığını bildirdi. Rektor qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, təhsil sahəsində də əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Ölkəmizdə təhsilə böyük önəm verildiyini bildirən rektor rəhbərlik etdiyi universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələri olduğundan bəhs etdi. Bildirdi ki, universitetimiz Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvüdür. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır.
Ali qonaq haqqında məlumat verən rektor qeyd etdi ki, 2015-ci ildə Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanmış, sazişi Azərbaycan tərəfdən Sumqayıt Dövlət Universiteti, Rusiya tərəfdən Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin imzalamışdır. Assosiasiyanın yaradılmasını hər iki ölkənin təhsil həyatında mühüm hadisə kimi qiymətləndirən rektor bildirdi ki, imzalanan müqavilənin müvafiq bəndlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetinin rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində olmuş, elmi konfranslarda, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Forumlarında, Tələbə Forumlarında iştirak etmişlər. Eyni zamanda UDNTU- nun əməkdaşları mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslarda iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrini qarşılıqlı olaraq hər iki universitetin “Elmi xəbərlər” jurnallarında nəşr etdirirlər. Akademik Ramil Baxtizin bir neçə dəfə SDU-nun qonağı olmuş, universitetin əməkdaşları və tələbələri ilə görüşmüş, məharət dərsləri vermişdir. Bu da, universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən və böyük nüfuza malik olmasından xəbər verir.
Rektor çıxışında Elmi Şuranın 8 noyabr 2017-ci il tarixli iclasında Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədiri, akademik Ramil Nazifoviç Baxtizinə SDU – nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan etdi. Rektor Fəxri doktor diplomunu, medal və mantiyanı ali qonağa təqdim etdi.
Sonra Ramil Baxtizin Fəxri doktor adına layiq görülməsindən məmnunluğunu ifadə etdi, SDU-da olmaqdan və universitetin professor-müəllim heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirdi. SDU-nun fəxri doktoru adı verilməsinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən UDNTU-nun rektoru akademik Ramil Baxtizin bu adın Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğuladı. Sumqayıt Dövlət Universitetinin onda xoş təəssürat yaratdığını bildirərək, ona verilən yüksək ada görə universitetin Elmi Şurasına təşəkkür etdi.







Administratorla əlaqə

077 611-55-22

[email protected]