Elm

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏ VƏ MÜƏLLİM KOLLEKTİVİNİN MÜRACİƏTİ

22-01-2016, 08:35

Gəncə Dövlət Universiteti ilə bağlı yayılan məlumatlar

tamamilə əsassızdır

 

 

Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Gəncə Dövlət Universitetində təhsil alan tələbələr arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Hal hazırda Gəncə Dövlət Universitetində imtahanlar gedir.Bu imtahanlar tam şəffaf,obyektiv və təlimata uyğun şəkildə keçirilir.

Bu gün GDU-nun tələbə və müəllim heyəti rektor Yusif Yusifovun rəhbərliyi ilə Gəncə şəhərindəki Şəhidlər xiyabanını ziyarət etmiş və şəhidlərimizin qəbirləri üstünə gül dəstələri qoymuşlar.Bəzi saytlar isə guya tələbələrin mitinqi ilə bağlı yalan məlumatlar yaymışdır.Hətta bu xəbərlərin fonunda hansısa başqa bir bir universitetə aid olan şəkillər qoymuşdur,məlumunuz edirik ki,həmin fotoşəkillərin və xəbərin Gəncə Dövlət Universiteti ilə hec bir əlaqəsi yoxdur və bu piketlə baglı xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil.

GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

Son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, o cümlədənçoxlu kompyuter dəstinin və digər informasiya texnologiyaları avadanlıqlarının alınması, müasir standartlara cavab verən tədris laboratoriyasının yaradılması, idman zalının,tədris binalarının əsaslı təmiri və digər tədbirlər təhsil müəssisəsində elmi və kadr təminatına nə dərəcədə önəm verildiyini göstərir..

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.Bu məqalələrdə göstərilənlər universitetimizin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur. Universitetin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Belə qənaətə gəlinir ki, universitetdə şəffaflığın yaradılması, dərsə davamiyyət səviyyəsinin xeyli yaxşılaşdırılması, tədris prosesində interaktiv metodlardan geniş istifadə edilməsi, beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin universitetlə bağlı gedən böhtan xarakterli yazıların "naməlum mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

Bir daha bildiririk ki,Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]