İqtisadiyyat

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis edildi

26-10-2017, 17:22

Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub. İqtisadiyyat Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, bununla bağlı oktyabrın 26-da Bakı Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslər, qadın sahibkarlar iştirak edib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb və sahibkarlığın inkişafında qadın sahibkarların rolunun vacibliyini qeyd edib. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu vurğulayıb, qadın sahibkarlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb. "Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva qadın sahibkarlığının inkişafı ilə bağlı görülən tədbirlər haqqında məlumat verib və bu sahənin inkişafı istiqamətində təkliflərini səsləndirib. Sonda tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul edilib. İclasda təşkilati məsələlər barədə müzakirələr aparılıb, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]